Ədəbiyyatşünas - tənqidçi Təyyar Salamoğlu: DÜNƏN, BU GÜN, SABAH- TƏYYAR SALAMOĞLU 65
11 Aprel 10:15 SosialTarixi nöqteyi-nəzərdən keçmiş adlandırdığımız məfhum - bizim arxada qoyduğumuz vaxtın ölçüsüdür. Bizdən asılı olmadan həyatımızın hər anı o keçmişlə əlaqələnir, mübarizəmiz, fəaliyyətimiz, əməllərimiz o keçmişin içərisində çox zaman yaddaşlara yazılanı, bəzən isə yazıya alınanı xatirəyə çevirməyə "can atır". Ömrümüzdəki bütün yuvarlaq rəqəmlər dönüb geriyə baxmağımıza, yol alıb gəldiyimiz dar cığırlara , sərt enişlərə, çətin yoxuşlara nəzər salmağımıza , həm özümüzə, həm də bizi tanıyanlara hesabat verməyimizə imkan yaradan bir fürsətdir. Bəzi insanlar üçün keçmiş keçməmiş qalır, gələcək isə qorxulu görünür deyə onlar bu günə töhfə verə bilmirlər və demək ki, özləri ilə qarşılaşmaqdan da çəkinib hesabat verməkdən boyun qaçırırlar. Çox güman ki, imzasını həm elmi-nəzəri fikir materiallarından, həm də mətbuatdan yaxşı tanıdığımız ədəbiyyatşünas -tənqidçi, professor Təyyar Salamoğlu da 65 yaşın astanasında belə bir dəyərləndirmə aparıb. Hətta mən deyərdim ki, o, yuvarlaq rəqəmləri gözləmədən də özünə tez-tez belə hesabatlar verir. Onun xalqı qarşısındakı hesabatı isə elmi-pedaqoji fəaliyyətindəki böyük uğurları və nailiyyətləri ilə sərhəd tapır. Təyyar Salamoğlunun həm alim, həm müəllim kimi fəaliyyətini addım-addım izlədiyimiz zaman göz önündə yüksələn bir xətlə ucalan, şərəflə yaşanan mənalı bir ömür görünür. Yüzlərlə elmi əsər, minlərlə gələcəyin müəllimi, filoloqları - bu ömrün parlaq səhifələridir.
Ədəbiyyat tarixçisi, tənqidçi, pedaqoq - hər üç qütbdə görünən, sözə sədaqəti ilə seçilən qələm adamı, ədəbiyyat aşiqi, elm fədaisi... Onun 65 illik yubileyi yalnız bir insanın ömür hesabatı deyil, həm də çağdaş Azərbaycan elmində, humanitar fikrin metodologiyasında imzanın məsuliyyətini daşımağın bir örnəyidir. Mən də professor Təyyar Salamoğlunu yaxından tanıyan çevrəsindəki onlarla insandan biri olaraq keçdiyi bu çətin və şərəfli yola sözlə nəzər salmaq istədim. O, milli ədəbiyyatşünaslığımıza nəsrin, poeziyanın, tənqidin, tənqid tarixinin, ədəbiyyat nəzəriyyəsinin tədqiqinə dair onlarla qiymətli əsərlər qazandırıb. Həmin əsərlərdə Azərbaycan ədəbiyyatının tarixi və müasir problemləri yüksək məsuliyyət hissilə araşdırılıb, ləyaqətlə çağdaş elmi-nəzəri fikir müstəvisinə çıxarılıb. B. Nəbiyev, N.Cəfərov, Q.Kazımov, A. Hacıyev, B.Babayev, H. Qasımov, Ə. Tanrıverdi, S. Rzasoy, S.Sadıqova, Y.Babayev, M. Allahmanlı, Ə. R. Xələfli, N. Nəcəfov, R. Məmmədov və daha neçə-neçə dəyərli ədəbiyyatşünas alimlərin, dilçilərin, tənqidçilərin Təyyar Salamoğlunun ədəbiyyatşünas-tənqidçi məntiqinə, nəzəri-analitik təfəkkürünə yüksək dəyər verən məqalələri ilə yanaşı mənim də bu günə kimi müxtəlif mətbuat orqanlarında onun coxcəhətli elmi araşdırmalarına həsr etdiyim məqalələrim çap olunub.
Lakin indi bir az tərəddüd içindəyəm; haradan başlayım, necə edim ki, oxucuya bu böyük alimin gördüyü işlərin, coxcəhətli fəaliyyətinin, fundamental elmi araşdırmalarının hamısına toxuna bilən bir yazı təqdim edim? Elmi həyatımın bələdçisi olan Təyyar müəllimlə mütəmadi apardığımız ədəbiyyat söhbətləri yaddaşımın silinməyən səhifələrində yer alır. Hansısa əsərin müzakirəsi ilə başlayan söhbəti ustadi- əzim hər dəfə məzmun -mündəricəli diskussiyaya çevrirər , proloqlu-epiloqlu ciddi elmi fikirləri ilə söhbətin diapazonunu genişləndirər, yeni faktlar, yeni mülahizələr, tanış olmayan təfərrüatla söhbəti dərinləşdirər və tamamlayar. Bu saydıqlarım Təyyar müəllimin ədəbiyyat söhbətlərinin ümumi xarakterini şərtləndirir. Alim ədəbiyyata da, tənqidə də zəngin ideya-estetik dünyasının fövqündən baxdığına görə istər ali bir kürsüdə olsun, istər auditoriyada, istərsə də ikili söhbətlərdə onun nitqinin pafosu dəyişməz qalır. Bu cəhəti ilə də dinləyicisini, həmsöhbətini dərhal cəlb edib ardınca apara bilir. Təyyar Salamoğlunun müddəa və mülahizələrindəki kоnkrеtlik, mükəmməl məntiq və pоlеmikaya açıqlıq, еləcə də idrak-təfəkkür miqyası , mеtоdоlоji xarakterli mühakimələri , еlə bilirəm ki, hər bir ədəbiyyat insanı üçün maraqlı bir еnеrji qaynağıdır. Bu yerdə hörmətli alimin artıq ədəbiyyatşünaslara yaxşı tanış olan,- "xarakter millidirsə, deməli, o, yaşarıdır, heç vaxt "ölümə məhkum" ola bilməz, yox,əgər "ölümə məhkum"dursa, onda milli deyil",- tezisini xatırlatmaq istəyirəm. Bu mülahizə bizə həm də o fikri təlqin edir ki, cəmiyyətin ən dəyərli sərvəti elə insan özüdür. Bir xalqın sərvəti bu sosial mühitin içində yetişən, elə onun özündən var olan şəxsiyyətlərdir. Bu şəxsiyyətlər isə elmin və mədəniyyətin inkişafına xidmət edən insanlardır. Yaşadığımız mürəkkəb və ziddiyyətli epoxada meydana çıxan bu insanların milli-mənəvi tərəqqidə yeri və rolu bəzi məqamlarda subyektiv müdaxilə, süni şişirtmə, yersiz və əsassız qiymətlər "bolluğ"u ilə müşayiət olunur. Lakin bu həqiqi elm təmsilçilərinin dəyərini heç vaxt aşağı salmayıb. Humanitar fikrimiz son onilliklərdə "şüarlarla", populist mülahizələrlə "zəngin" olsa da , elmi mühitdə həqiqi axtarışlarda olan Təyyar Salamoğlu kimi nadir istedada malik mütəfəkkirlərin elm və əxlaq dərslərinə qayıtmaq, öyrənmək, bu sərvətin novatorluğunu müəyyənləşdirmək, ənənə yaratmaq gücünü qorumaq zərurətə çevrilir.
Alim özünəməxsus düşüncədən qidalanan üslub, fikrin ifadə tərzindəki elmilik, ədəbi fakta, prosesə yanaşmada nümayiş etdirdiyi obyektivlik, elmi-analitik təhlil bacarığı sayəsində bədii-estetik fikri ədəbi meyl və axtarışlarla zənginləşdirir. O, kitabları yaratdıqca kitablar da onu yaradır. Çünki 65 il əvvəl dünyaya hələ yolu, gələcəyi naməlum bir insan gəlmişdisə, məhz 35 il əvvəl nəşr olunan ilk kitabı ilə ədəbiyyatşünaslıq elmində bir alim öz ilk addımlarını atdı. Və elmimizə "Pedaqoji mühit və uşaq ədəbiyyatı" ( M.Məmmədov, Y.Babayevlə birgə. 1992 ) kitabı ilə birgə yeni bir imza daxil oldu. Həmin vaxtdan etibarən bütün bu keçən bir qərinədən çox müddətdə alimin qələmi susmayıb, onun özünün və yaratdıqlarının taleyi, pedaqoji fəaliyyəti bir an da olsun xalqın, vətənin taleyindən ayrı dərk olunmayıb. Milli müstəqillik dönəmindən başlayaraq elmi tədqiqatlar aparan alim təzə metodoloji baxış, bədii materiala yeni nəzəri prinsip və tələblərlə yanaşmaq ehtiyacından doğan "Yenidən oxu" konsepsiyasını yaradır və bütün axtarışlarına bu konsepsiyanın təməl prinsipləri ilə həyata keçirdiyi möhkəm bir zəmin formalaşdırır. Bu zəmin üzərində Təyyar Salamoğlunun ilk monoqrafiyasından sonra "Faciəli talelər (Azərbaycan mühacirət və repressiya şeirinə dair portret-oçerklər)" (1998), "Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)" (2007), "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri" (2008), "Tarixi və cağdaş ədəbi prosesə dair araşdırmalar" (2009) kitabları ardıcıl olaraq işıq üzü görür.
Milli roman haqqında fundamental araşdırmalarının nəticələri isə "Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)" (2008) monoqrafiyasında ortaya qoyulur. Müəllif burada konseptuallığı ilə fərqlənən, müasir ədəbiyyatşünaslıq təfəkkürü ilə səsləşən qənaətlərini elmi-nəzəri düşüncə müstəvisinə yönəldərək roman poetikası ilə bağlı özünün məxsusi baxış bucağını ifadə edir. Müəllif Azərbaycan romanının keçdiyi tarixi inkişaf yolunu dərindən araşdırmış və janrın poetikasını tarixilik və müasirlik kontekstində lokal müstəvidən qlobal müstəviyə çıxarmağa nail olur. Az sonra nəşr etdirdiyi "Ədəbi tənqid tarixinə dair portret-oçerklər" (2011) əsəri T.Salamoğlunun intellektual düşüncə tərzinə malik olan ədəbiyyatşünas-tənqidçi obrazını bütövləşdirir. Bu elmi xarakter onun estetik zövqündə, bədii dünyaduyumunda və təhlil üslubunda bir daha özünü aydın şəkildə göstərir. Onuncu illər alimin elmi yaradıcılığının çox məhsuldar dövrüdür. Ard-arda "Müasir Azərbaycan ədəbiyyatı"(2012) ),"Ədəbi tənqid tarixinə dair portret-oçerklər"(2014), "İsmayıl Şıxlının bədii nəsri" (2014), "Mirzə Ələkbər Sabirin milli intibah idealı" (2015), "Qarlı aşırım"dan keçən yollar" (2016), "Mir Cəlal nəsri və müasirlik" (2018) kitabları nəşr olunb elmi-ictimaiyyətə təqdim edilir. "Azərbaycan ədəbiyyatının müasir problemləri"(2014) kitabında isə ədəbiyyat tarixinə, çağdaş ədəbi prosesə baxışlarını, həm də publisistik düşüncələrini ifadə etdiyi materiallar toplanıb. Bu çoxsaylı elmi yaradıcılıq məhsullarını birləşdirən əsaslı cəhət ondan ibarətdir ki, professorun vardığı düşüncə hüdudları, qeyri-adi fəhminin gücü ona təqib etdiyi məsələlərə hadisələrin fövqündən baxmağa imkan verir. Müxtəlif mövzulu tədqiqat istiqamətlərini özündə ehtiva edən bu elmi-metodoloji vəsaitlərdə alim ədəbiyyatşünaslıq və tənqidin problemlərini yüksək elmi-nəzəri mövqedən təhlilə çəkir, onlardan milli ədəbi-mədəni şüurun spesifik hadisəsi kimi bəhs açır. Ədəbiyyatşünas alimin "Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər" (2016) ,"Azərbaycan tənqidi realizminin estetikası" (2018), "XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri" (2021) kitabları Azərbaycan ədəbi-nəzəri fikrinin ən sanballı nümunələrindən sayılır. Bu kitablarda yer alan Azərbaycan ədəbiyyatı nümunələrinin elmi- nəzəri şərhi milli bədii düşüncənin nailiyyətlərini bəşəri ideallarla vəhdətdə, qarşılıqlı əlaqədə götürməyi tələb və tövsiyə edir.
Tənqid tariximizi ardıcıl araşdırmış, ədəbiyyatşünaslığımızın və tənqidimizin nəzəri-metodoloji inkişaf mərhələlərini dərindən öyrənib, onun aktual problemlərini şərh edən alimin estetik zövqü, ədəbi faktı, nümunəni bədii fikrin yarandığı tarixi dövrün fonunda qiymətləndirmək istedadı heyrət və qibtə doğurur. Ədəbiyyatımızın elə sanballı nümunəsi yoxdur ki, professor Təyyar Salamoğlunun diqqətindən kənarda qalsın. Milli mənəviyyata yanaşmada tarixi vətəndaşlıq tutumu, onun müasir siyasi-ictimai mənası Təyyar müəllim üçün həmişə önəmli olub.
İsmayıl Hikmətin 1928-ci ildə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" ikicildliyini (Yədulla Dadaşlı ilə birlikdə) əski əlifbadan transliterasiya etməsi və 2022-ci ildə kitab halında nəşr etdirməsi Təyyar müəllimin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi ən böyük töhfələrdən hesab olur. Ümumən humanitar düşüncənin ciddi metodoloji problemlər qarşısında dayanması fikrinin ortaya qoyulduğu "Ön söz"də İslam və türk dəyərləri, onların şərtləndirdiyi bədii-estetik amillər fonunda ədəbiyyat tariximizi yenidən araşdırmaq zərurətinə dair konseptual fikirlər İsmayıl Hikmətin tədqiqatlarını tamamlayaraq XIII-XVII əsrləri əhatə edən elmi araşdırmaların yeni istiqamət almasına rəvac verdiyi üçün qiymətlidir.Yüz ilə yaxın bir müddətdə müxtəlif səbəblərdən, tək-tək əsərlərdə adının keçməsini hesaba qatmasaq, əsasən, oxuculara naməlum qalmış fundamental araşdırmanın kütləvi oxucunun ixtiyarına verilməsi nə tez-tez rast gəlinən hadisə, nə də hər kəsin öhdəsindən gələcəyi iş deyil.
""Qarlı aşırım"ın tənqid variantları"(2024) monoqrafiyası isə ustadımla birlikdə həmmüəllif olaraq yazdığımız onun 25-ci, mənim isə ilk kitabımdır. Bu kitab tənqidçi olaraq ustadi-əzimin izi ilə ilk böyük addımımın ifadəsi kimi mənim üçün xüsusi anlam kəsb edir. Hiss etdiyim qürur və məsuliyyəti həmin kitabda yer alan "Professor Təyyar Salamoğlunun "Yenidən oxu" konsepsiyası" adlı yazımda ifadə etməyə çalışmışam.
İstər "XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri" kitabı, istərsə də ""Qarlı aşırım"ın tənqid variantları" monoqrafiyası, eləcə də Təyyar müəllimin onlarca digər konseptual tədqiqat əsərlərinin oxusundan bir qənaət hasil olur: alim yalnız ədəbiyyatın tarixini deyil, həm də insanlığın tarixini, onun mənəvi-ədəbi irsdə kodlaşan dəyərlərini milli sərvət kimi reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasını yerinə yetirir. Tənqidçi-alimdən ötrü emosional yaddaş heç də tarix kitablarından və onların göstərdiyi dəqiq xronoloji tarixdən geri qalmır. Bədii ədəbiyyat elə tarixin özü qədər vacibdir.
Öz erudisiyası, elmi fəhmi, nadir təhlil üsulu ilə seçilən tənqidçi-alim tarix baxımından olmasa da, ruhu baxımından oxucunu eyni ovqata kökləyən bədii əsərlərdəki sovet ədəbiyyatşünaslığının həqiqi qiymətini vermədiyi milli tale və ideal uğrunda mübarizənin qəhrəmanları olan Cahandar ağanın ( İ.Şıxlı"Dəli kür") da , Böyük bəyin (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı") də, Kərbəlayı İsmayılın (F.Kərimzadə "Qarlı aşırım") da mənəvi müdafiəçisinə çevrilmiş, qələminin dalğasına sarılıb mübarizəyə qalxaraq ədəbiyyat tənqidçisi obrazı ilə yanaşı milli təəssübkeş, əsl vətəndaş mövqeyini ifadə etmişdir. Alim bədii mətn həqiqətlərinə söykənərək sübut etmişdir ki, Kərbəlayı İsmayıl da, Böyük bəy də, Cahandar ağa da ölümə məhkumluğun yox, eyni ideologiyanın yaratdığı "sinfi mübarizə" adlı illətin diktəsilə ölümə məhkum edilmənin aqibətini yaşayır. Bütün bunları yazarkən həm də düşünürəm ki, sovet ədəbiyyatşünaslığının hördüyü qalın divarları uçurub yerində yenisini inşa etmək kifayət qədər əzablı və ağrılı bir işdir (O, böyük ədibimiz Mir Cəlalla bağlı monoqrafiyasında aşağıdakı fikri heç bir tərəddüd etmədən ədəbi dövriyyəyə buraxır: "Bizim ədəbiyyatımızla ədəbiyyatşünaslığımız arasında sovet rejiminin ədəbiyyat siyasəti Cin səddi kimi dayanır"). Lakin alimin həm yazıılı, həm də şifahi nitqində onun bu əzablı işi nə qədər zövqlə həyata keçirdiyi aydın sezilir. Demək ki, insan çəkdiyi iztirabın nisbətində zövq alar; nə qədər ac olsa, yeməkdən , nə qədər yorğun olsa, dincəlməkdən, nə qədər axtarsa, o qədər tapmaqdan zövq alar.
Keçmiş dövr professor Təyyar Salamoğlu qələmində süzgəcdən keçirilir və gələcəyə, gələcək nəsillərə ötürülür. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, elminin keçdiyi inkişaf yolları tənqidçi -alimin qələmində əsrarəngiz bir dünya kimi gözlərimiz önündə canlanır. Onun elmi əsərləri dövrün, epoxanın, son əsrlərin bədii mətnlərdə yatan həqiqətlərini cəm halında, kitab şəklində oxucuya təqdim edir. Bütün elmi kitabları onun gələcək nəsillərə, gələcəkdə yaşayacaq insanlara əmanətidir, ərməğanıdır.
Ustad, əsasən, XIX əsrin sonu və XX əsrin bütün onilliklərinin ədəbi-bədii təsərrüfatını tədqiqata cəlb etməsinə baxmayaraq , eyni zamanda, yaşadığımız dövrün də ədəbi prosesi ilə sıx bağlıdır. Ədəbiyyatşünas və tənqidçi Təyyar Salamoğlu Azərbaycan ədəbiyyatının yalnız tədqiqatçısı deyil, həm də təbliğatçısıdır. Ədəbiyyat canlı bir prosesdir. Ədəbi tənqid isə bütün vəziyyətlərdə ədəbi prosesin, böyük ədəbiyyatın yol yoldaşıdır. Ona görə də mühitə, bədii düşüncə materiallarına fəal tənqidçi mövqeyinin nümayişi, eləcə də tənqidin bədiiliyə və reallığa münasibəti ən önəmli məsələdir . O, ədəbi tənqidimizin müasir inkişaf meyllərini işıqlandırarkən bədii ədəbiyyatımıza bələdçilik etmək missiyasını da yerinə yetirmiş olur.
Bu ilin mart ayında işıq üzü görən "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" (2025) kitabının elmi-ədəbi mühitdə maraq doğuracağını, həm də öz layiqli qiymətini alacağını düşünürük. Bu kitabda yer alan yazıları yeni metodoloji prinsiplərlə qələmə alınmış ədəbiyyat tarixi də adlandırmaq olar. Kitabda yeni ədəbiyyat tarixi yaratmağın nəzəri eskizləri ilə yanaşı, davam etməkdə olan müstəqillik dönəmi tarixi, onun ədəbi-estetik və ictimai-fəlsəfi mərhələlərini, bədii-poetik keçidlərini izləməyə imkan verən məqamlar, müşahidələr və ümumiləşdirmələr yer alır.
Bir zamanlar böyük yazıçı-alim İsmayıl Şıxlı tənqidçiləri üç qrupa ayırırdı. Birinci qrupa aid edilən "... tənqidçilərimizin bir qismi həyatda baş verən ictimai-siyasi prosesləri izləyir, yazıçı ilə bərabər yanır, ədəbi prosesə qaynayıb-qarışaraq, onun qüsurlarına qəzəblənir, müvəffəqiyyətlərinə sevinir, müsbət cəhətlərin inkişaf və istiqamətləndirilməsinə çalışır. Bu cür tənqid yüksək nəzəri səviyyədə olmaqla bərabər vətəndaşlıq ehtirası ilə daha da zənginləşir". İsmayıl Şıxlıya görə, "ikinci qrup tənqidçilər adi seyrçilərdir. Onları ədəbi prosesdəki problemlərdən daha çox meydana gələn əsərlərin miqdarı maraqlandırır. Bu cür tənqidçilər hesablayıcı maşın kimi hər şeyi qeyd edir, bütün yazıçılar, bütün əsərlər haqqında eyni soyuqqanlıqla, eyni qəliblərlə, standart və şablon ifadələrlə soyuq mühakimələr söyləyirlər. Bu cür tənqidin nə müəllifə, nə də ədəbi prosesə xeyri var". Görkəmli ədibə görə "... üçüncü qrup tənqidçilər də var ki, bunları bədii yaradıcılığın ümdə məsələləri yox, yazıçının avtoriteti maraqlandırır. Bu cür tənqidçilər yalnız ədəbi avtoritetlərə xidmət etməyə cəhd göstərir və bu ədəbi avtoritetlərin ən zəif əsərlərini belə şedevr kimi qiymətləndirirlər. Bunun da nəticəsində yalançı təriflər və yaltaq tənqidlər yaranır. Beləliklə də saxta etalonlar, toxunulmaz "müqəddəslər" meydana çıxır". Görkəmli yazıçının tənqidlə bağlı təlaşı bizə bunları deməyə əsas verir ki, getdikcə əlvanlığını itirib boz rəng alan, əqidəsizlik , etibarsızlıq, mənəviyyatsızlıq sindromuna düçar olan dünyamızda daha çox həqiqi ziyalıya və ziyalılığa ehtiyacımız var! Təyyar müəllim özünün də çox sevdiyi müəlliminin - böyük ziyalının ümidlərini doğruldan xələfi, günümüzün işıqlı insanlarındandır! Tərəddüd etmədən deyə bilərik ki, o, İ.Şıxlı təsnifatının birinci qrupunda yer alır.
Yaradıcılığının kamillik, müdriklik , məhsuldar dövrünü yaşayan, Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı, milli ictimai fikrinə töhfə dəyərində
çoxcəhətli elmi axtarışlarını inamla davam etdirən Təyyar Salamoğlunun 65 illik şərəfli ömür yolunun daha da uzanmasını uca Yaradandan təmənna edərək dərin duyğularla dilə gətirir, sağlam ruhla yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
MƏHRUX DÖVLƏTZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
ADPU-nun müəllimi