Ailə qurmayan insan uğursuz sayılır?
18:43 SosialCəmiyyətin subay insanlara baxışı və görünməyən təzyiqlər
"Yaşın keçir, niyə ailə qurmursan?", "Evlənmək fikrin yoxdur?", "Ömrünün axırına qədər tək qalmaq istəyirsən?"
Elə bil həyatın tək məqsədi ailə qurmaqdır və əgər bu, baş verməyibsə, insanın taleyi natamam qalıb. Ən qəribəsi isə budur ki, bu sualları sizə yalnız doğmalarınız, qohumlarınız yox, hətta bəzən tanımadığınız insanlar da verə bilər.
Bəs ailə qurmaq həqiqətən uğurun göstəricisidir? Yoxsa bu, sadəcə illərdir davam edən və dəyişməyə müqavimət göstərən bir düşüncə tərzidir?
Evlilik həqiqətən hər şeydirmi?
Ailə qurmaq hər bir insan üçün özəl və fərdi qərardır. Kimisi bu həyatı kimləsə bölüşmək, övlad sahibi olmaq istəyir, kimisi isə təkliyi daha rahat və azad hesab edir. Amma nədənsə, ikinci qrup insanlara qarşı daha çox sual, daha çox şübhə, daha çox "məsləhət" var.
Evlilik bir seçim olduğu halda, niyə məcburiyyət kimi görünür?
Məsələ burasındadır ki, evlilik heç də xoşbəxtlik və uğurun tək meyarı deyil. Xoşbəxtlik insanın özünü dərk etməsi, özünü tapması, istədiyi həyatı yaşaması ilə bağlıdır.
Bəs niyə subay insanlar cəmiyyət tərəfindən bu qədər sorğulanır?
Bu stereotiplər boş yerə yaranmayıb. Qədim dövrlərdə insanın sağ qalması üçün ailə qurması vacib idi. Maddi və fiziki güvənlik üçün evlilik bir növ "sığorta" rolunu oynayırdı. Xüsusilə qadınlar üçün ailə qurmaq həyatda qalmaq demək idi. Bir kişinin himayəsində olmaq sosial norma sayılırdı.
Amma dünya dəyişib. Artıq qadınlar da, kişilər də öz həyatlarını müstəqil şəkildə formalaşdırırlar. Təhsil alırlar, karyera qururlar, öz gələcəklərini təmin edirlər. Ancaq mentalitetin dərinlərində qalan köhnə düşüncə tərzi hələ də insanları sıxır.
Subay qadınlara yazıq kimi baxılır, sanki ailə qurmadığına görə həyatı puç olub. Subay kişilər isə ya "uğursuz" ya da "yetkinləşməmiş" biri kimi qəbul edilir. Halbuki, evlilik insanın xarakteri və uğuru haqqında heç nə demir.
Sosioloq Lalə Mehralı bildirir ki, subay insanlara qarşı bu cür münasibət onların uğursuz sayılması ilə bağlı deyil, daha çox onların gələcəyi ilə bağlı narahatlıqdan qaynaqlanır:
"Əslində uğursuz hesab olunmur, sadəcə onun gələcəyi ilə bağlı narahatlıq var. Narahatlıq hiss etdikləri üçün insanlar evliliyin daha yaxşı olduğu qənaətindədirlər. Bizim cəmiyyətimizdə evlilik daha üst pillədə dayanır. Çünki daha ciddi, daha formal və mədəni bir model sayılır. Ailə insan cəmiyyətinin təməli olduğuna görə, ailəli olmaq da tamamilə normaldır. Amma ailə qurmayan insanları uğursuz hesab etmək doğru deyil. Bu, insanın seçimidir. Əgər ailə qurmaq niyyətində deyilsə, özü bilər. Lakin gələcəkdə yalnızlıq içərisində yaşamaq ehtimalı nəzərə alınaraq, yaxınları və doğmaları onun evlənməməsi ilə bağlı narahatlıq keçirə bilər. Çünki gənc yaşda ailənin vacib olmadığını düşünən insan, müəyyən yaşdan sonra bu məsələnin nə qədər əhəmiyyətli olduğunu dərk edir. Ona görə də evliliyin uyğun yaşda baş tutması daha məqsədəuyğundur."
Cəmiyyətin gözləntiləri və insanın xoşbəxtliyi
Ən böyük problem budur ki, cəmiyyət insanların fərdi xoşbəxtliyini yox, ümumi qəliblərə uyğunluğunu dəyərləndirir. İnsan ailə qurmasa, ona qarşı müxtəlif münasibətlər formalaşır: "Ailə qurmayıbsa, demək, nəsə çatışmır", "əgər bu yaşa qədər evlənməyibsə, yəqin nəysə problem var" və s.
Bu fikirlər nə qədər absurd səslənir, elə deyilmi? Çünki bu düşüncə tərzi insanın xoşbəxtliyini onun öz seçimlərindən yox, başqalarının gözləntilərindən asılı edir.
İnsan cəmiyyətə xoş gəlsin deyə yox, yalnız özü istədiyi üçün ailə qurmalıdır.
Bəzən insanlar buna hazır olmur. Bu, onların karyera hədəflərinə çatmaq istəməsindən, emosional olaraq hazır hiss etməməsindən və ya sadəcə, doğru insanı tapmadıqlarını düşünmələrindən qaynaqlana bilər.
Bəziləri isə ümumiyyətlə evlilik fikrində deyil. Çünki həyat tərzləri bunu istəmir. Bəzi insanlar öz məkanlarını, öz həyatlarını tək idarə etməyi daha çox sevirlər. Və bu tamamilə normaldır.
Lalə Mehralı isə hesab edir ki, bəzi insanlar ailə qurmaq istəməsələr də, vətəndaş nikahında yaşamağa üstünlük verirlər. Onun fikrincə, bu, mental dəyərlərimizə uyğun deyil:
"Əgər bir insan ailə qurmaq istəmirsə, bu, onun şəxsi seçimidir. Amma rəsmi nikah olmadan birlikdə yaşamaq cəmiyyətin ailə institutuna vurulan bir zərbədir. Belə olduğu təqdirdə, ailə anlayışı öz əhəmiyyətini itirir. Mental dəyərlərimizə görə, ailə qurmaq yalnız birlikdə yaşamaq demək deyil, həm də hüquqi və mənəvi məsuliyyəti bölüşməkdir. Bəzən bəzi gənclər nikahı bir növ məhdudiyyət kimi görür, azadlıqlarını itirməkdən qorxurlar. Amma ailədən qaçan insanların çoxu ailənin gerçək mahiyyətini tam anlamır və nikahsız birlikdə yaşamağın daha doğru olduğunu düşünürlər. Halbuki bu, fundamental bir yanılmadır".
Cəmiyyət üçün uğur ailə qurmaq, uşaq sahibi olmaq, nəsil artırmaqdır. Ancaq insanın xoşbəxtliyi fərdi bir anlayışdır. Kimi üçün uğur böyük bir ailəyə sahib olmaqdır, kimi üçün isə dünyanı gəzmək, karyerasını qurmaq, öz arzularını gerçəkləşdirməkdir.
Əgər bir insan öz həyatından razıdırsa, evlilik olmadan da xoşbəxtdirsə, ona uğursuz demək absurddur.
Bəlkə də, artıq bu sualı verməyin vaxtıdır: uğuru kim müəyyən edir? Özümüz, yoxsa cəmiyyət?
Zeynəb Rzayeva