Saxta həkimlər: Gözəllik vəd edən ölüm tələsi

Son illərdə plastik cərrahiyyə sahəsində baş verən təzadlı hadisələr, ölkə cəmiyyətində ciddi narahatlıq yaradıb. Saxta həkimlərin fəaliyyətinin artması, estetik əməliyyatların ölümcül nəticələrə səbəb olması və bu sahəyə nəzarətin zəifliyi səhiyyə ilə bağlı gündəmdəki ən mühüm mövzulardandır. Sosial şəbəkələrdə tez-tez müxtəlif şəxslərin estetik əməliyyatlardan sonra həyatlarını itirmələri ilə bağlı xəbərlər yayımlanır və bu, plastik cərrahiyyə sahəsinin nə qədər təhlükəli və ciddi bir məsələ olduğunu göstərir.

2024-cü ilin noyabrında jurnalist Qənirə Ataşovanın paylaşdığı məlumatlarla Azərbaycanda təxminən 50-yə yaxın saxta həkimin adı açıqlanıb. Bu həkimlər, rəsmi sertifikat olmadan, insanların həyatını təhlükəyə ataraq müxtəlif əməliyyatlar həyata keçirirlər. Əslində, bu, sırf maddi maraqla bağlı bir fəaliyyət halına gəlib. Xüsusilə, yüksək gəlir əldə etmək məqsədilə təcrübəsiz və qeyri-peşəkar şəxslər, bəzən özlərinə bir neçə sertifikat alıb bu sahəyə daxil olurlar. Lakin mütəxəssis olmayan şəxslər, hər hansı bir yanlış əməliyyat nəticəsində xəstənin həyatını itirməsinə səbəb ola bilərlər.

Hətta, Səhiyyə Nazirliyinin bəzi yüksək vəzifəli əməkdaşlarının, saxta sertifikatlar verilməsi ilə bağlı şübhəli fəaliyyəti aşkarlanıb. Bu isə, saxta həkimlərin daha da artmasına və bu sahədə nəzarət mexanizmlərinin zəifliyinə işarə edir. Lakin bu cür hadisələr yalnızca tibb sahəsi üçün deyil, ümumiyyətlə ölkə üçün böyük bir təhlükədir.

Son dövrlərdə estetik əməliyyatlara tələbatın artması ilə əlaqədar, insanlar plastik cərrahiyə mütəxəssislərinə üz tuturlar. Ən çox tələb olunan əməliyyatlar arasında burun estetikası, liposaksiya və üz gəncləşdirmə əməliyyatları yer alır. Lakin bu əməliyyatların hamısı olduqca risklidir. Plastik əməliyyatlar yalnız estetik məqsədlər üçün deyil, bəzən insanların özlərində yaratdıqları psixoloji narahatlıqları da aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. 

Nəticədə, estetik əməliyyatlardan sonra baş verən ölüm halları da artıb. İnsanlar çox zaman riskin nə qədər böyük olduğunu dərk etmədən, peşəkar olmayan, təcrübəsiz və ya saxta sertifikata malik həkimlərə müraciət edirlər. Bu cür əməliyyatlar zamanı komplikasiyalar yaşanır, nəticədə bir çox insan həyatını itirir. Ölkənin müxtəlif bölgələrində baş verən ölüm hallarının statistikasına əsasən, son iki ildə plastik cərrahiyyə əməliyyatlarından sonra ölüm halları 25%-dən çox artıb.

Ekspertlərin dediyinə görə, plastik əməliyyatlar zamanı ən çox ölümə səbəb olan hallar arasında anesteziyanın yanlış tətbiqi, infeksiyalar və həkimin əməliyyat zamanı hərəkətləri yer alır. Bu məsələdə ən təhlükəli faktor isə həkimin müvafiq təcrübə və sertifikata sahib olmamasıdır. Belə hallarda, ölümün qarşısını almaq çox çətin olur.

Estetik əməliyyatların və saxta həkimlərin fəaliyyətinin artması, yalnız tibbi bir problem deyil, həm də sosial və psixoloji bir problemə çevrilib. İnsanlar, öz bədənlərini "gözəlləşdirmək" üçün riskli əməliyyatlara müraciət edirlər, amma əksəriyyəti bu əməliyyatların həyatlarını dəyişdirə biləcək risklərdən xəbərsizdirlər. Xüsusilə, gənc yaşda olan və estetik gözəllik uğrunda hər şeyi etməyə hazır olan insanlar, çox zaman heç bir məlumat və təcrübə sahibi olmayan şəxslərə müraciət edirlər.

Sosial mediada yayılan şəkillər, öz bədənini dəyişdirmək istəyənlər üçün bir növ təzyiq yaradır. 

Ən ciddi problem isə bu əməliyyatların çoxunun yalnız estetik məqsədlə aparılmasıdır. Əgər bir insanın tibbi ehtiyacı yoxdursa, heç bir estetik müdaxilə riskə girməyə və həyatını təhlükəyə atmağa dəyərmi? Nəzərə alsaq ki, hər əməliyyat müəyyən risklər və təhlükələr gətirir, bəzən həyatını itirən insanların faciəsi də unudulmamalıdır.

Ekspert Rasif Bağırov bu məsələyə belə toxunur: "Plastik cərrahiyyə əməliyyatları əvvəllər yalnız tibbi ehtiyaclar səbəbindən aparılırdı. Lakin sonradan estetik məqsədlərlə də geniş yayılaraq, tibbi tələbatdan çox insanların şəxsi arzularına əsaslanan bir cərrahi prosedur formasına çevrildi. Hazırda plastik və estetik cərrahiyyəyə tələbatın, yəni müraciət edənlərin sayının çox olması və bu sahədə yüksək maddi gəlirin mövcudluğu səbəbindən bir çox həkimlər, hətta yetərli bilik və təcrübəyə malik olmayanlar belə, bu sahəyə yönəlirlər. Onlar əlavə kurslar keçərək müəyyən biliklər əldə edir, sertifikatlar alır və əməliyyatlar icra etməyə başlayırlar".

Estetik əməliyyatların və plastik cərrahiyyənin riskləri artdıqca, cəmiyyətin və müvafiq dövlət orqanlarının bu sahəyə nəzarət etməsi daha da vacib olur. Saxta həkimlərin fəaliyyəti, əməliyyat sonrası ölüm hallarının artması və bu sahədəki təhsil səviyyəsinin aşağı olması ciddi problemlərdən biridir. Bu səbəbdən, cəmiyyətin maarifləndirilməsi, həkimlərin peşəkar səviyyəsinin artırılması və saxta sertifikatlarla bağlı ciddi tədbirlərin görülməsi həyati əhəmiyyət kəsb edir. Çünki gözəllik uğruna həyatını itirən insanlar sadəcə statistika deyil, həyat hekayələridir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31