Sərvət dəyərindəki “səslər”
14 Mart 21:40 SosialHörmətli sənət nümayəndələri, biz sadəcə bilmək istəyirik: 10 min manatlıq libasın içində oxunan mahnı da 10 minlik olurmu? Yoxsa elə "Toylar kralı" səviyyəsindən o yana keçmək hələ də alınmır? Axı görünən odur ki, bu astronomik xərclər nə musiqi keyfiyyətini artırır, nə də səhnə performansını. Ancaq nə edək, Azərbaycanda "sənət" deyilən məfhum çoxdan toylara girov düşüb.
Deyirlər, toylarda bahalı müğənnilərə ödənilən pullar təmtərağı göstərir. Düzdür, Azərbaycanda toy həm də "kim daha çox xərcləyəcək?" yarışıdır.
Habil Məmmədovun tələbələrini götürək. Kənd yerlərindən çıxan, heç bir dəbdəbəli geyimə, peşəkar stilistlərə və ya bahalı aksesuaralara ehtiyac duymadan, təkcə səs və ruh gücü ilə muğamı yaşadan gənclər. Onlar üçün əsas olan səsdir, sənətdir, ürəklərə toxunan notlardır. Çünki həqiqi musiqi parıltılı geyimlərdən, bahalı makiyajdan deyil, içdən gələn səmimiyyətdən doğur.
Və ən maraqlısı: bu cür fantastik qiymətlərlə danışan müğənnilərin çoxu, bir vaxtlar ucuz qiymətə restoranlarda, kafelərdə oxuyurdu. İndi isə milyonlar haqda danışırlar. Bəzilərinin o yerdən bugünkü günə gəlib çıxa bilməsi isə tamam ayrı mövzudur. Yaxşı, bəs xalq nə qazandı? Bahalı libasların içindən səviyyəsiz musiqilər, saxta səs, playback və toy başa çatan kimi "bu gecə getdiyim 3 toy, qazancım 10 min" tipli statuslar.
Nəticə? Toy biznesi böyüdü, şişdi, qiymətlər uçdu, amma biz hələ də musiqi adına 20 il əvvəl oxunan mahnılardan o yana keçə bilmədik. Çünki bahalı libaslar sənəti yox, ancaq toy bazarını inkişaf etdirir.
Zeynəb Rzayeva