Onlayn alış-verişin psixoloji təsirləri: Alışveriş düşkünlüyü və impulsiv qarşılaşmalar

Əvvəllər alış-veriş dedikdə, insanlar mağazalara gedir, məhsulları əlləri ilə yoxlayır, kassada növbə gözləyirdi. İndi isə bu proses bir neçə toxunuşla həll olunur - istər evdən, istər işdən, hətta yolda gedərkən belə istənilən məhsulu sifariş etmək mümkündür.

Onlayn alış-verişin populyarlığının artmasında texnologiyanın inkişafı mühüm rol oynayıb. Xüsusilə smartfonların yayılması, sürətli internet və rahat ödəmə sistemləri bu sahənin sürətli inkişafına təkan verib.  Onlayn alış-verişin ən böyük üstünlüyü də rahatlıqdır. Lakin bu, təkcə praktiki üstünlüklərlə məhdudlaşmır. Onlayn alış-verişin psixoloji təsirləri, insanların alış-veriş davranışlarını daha dərindən anlamağımıza kömək edir. Ekran qarşısında gözlənilmədən qarşılaşdığımız  endirimlər, təcili təkliflər və "son bir neçə məhsul" bildirişləri kimi elementlər, alıcıları impulsiv qərarlar verməyə təşviq edir. Onlayn alış-verişin əsas cəlbedici tərəfi, onun sürəti və asanlığıdır. Bir neçə kliklə istədiyimiz məhsul, bizə ən yaxın məkana çatdırılır. Lakin onlayn alış-verişdə insan psixologiyasına təsir edən bir çox amil var. Birincisi, endirimlər və təkliflər alıcıları müəyyən psixoloji təzyiqlərə məruz qoyur. "Bugün son fürsət", "Yalnız bu gün 50% endirim" kimi ifadələr insanlarda təcili alışveriş etmə istəyi yaradır. Bu, alıcıların alışverişi düşüncəsiz və impulsiv şəkildə həyata keçirməsinə səbəb olur. Bəzi istifadəçilər, alış-veriş etməklə bağlı yaranan müvəqqəti emosional rahatlığı və ya sevinc hissini, gündəlik həyatda qarşılaşdıqları stressdən və narahatlıqlardan qaçış olaraq istifadə edirlər.

Alış-veriş Düşkünlüyü və İmpulsiv Alışveriş

Alış-veriş düşkünlüyü, insanın alış-verişə qarşı çox güclü və təkrarlanan bir arzu hissi ilə yaşamasıdır. Bu psixoloji vəziyyət, insanın əsasən emosional boşluqları doldurmaq və ya streslə mübarizə aparmaq məqsədilə alışveriş etməsinə səbəb olur. Onlayn alışverişdə, bunun daha da güclənməsi mümkündür, çünki hər an rahatlıqla bir neçə kliklə alış-veriş etmək mümkündür. Bu, çox vaxt "hiss etmə" anları yaradır. Bir məhsul alındıqda qısa müddətlik bir rahatlama və ya məmnuniyyət hissi yaranır, lakin bu hiss zamanla itir və insan növbəti alışverişə yönəlir.

Mövzu ilə bağlı psixoloq Ezgi Şahin Olaylar.az-ın suallarını cavablandırıb:

-Ezgi xanım, onlayn alış-verişin artan populyarlığı haqqında nə düşünürsünüz?

-Hesab edirəm ki, günümüzdə onlayn alışverişə marağın artmağının səbəblərindən biri insanların iş mühiti ilə əlaqədar əlavə vaxtlarının olmamasıdır. Alış-verişə gəzib vaxt ayıra bilmədikləri üçün əlinin altındakı onlayn mağazalar insanları təşviq edir və sonra bağımlılıq yaradır. Onlayn saytlar həmişə bildirişlər, mesajlar göndərir. Bu da insanları alışverişə daha da təşviq edir.

- Alış-veriş düşkünlüyü nədir və bunun yaranmağı nə ilə bağlıdır?

- Alış-veriş düşkünlüyü, insanın alışverişə qarşı çox güclü və təkrarlanan bir arzu hissi ilə yaşamasıdır. Alış-veriş bağımlılığının daha çox olmağının səbəbi insanlarda emosional boşluğun dərin olmasıdır.

- Onlayn alış-veriş insanlarda emosional boşluğu necə doldurur?

- İnsanda duyğusal boşluq varsa və yüksək səviyyədədirsə, insan ya yeməklə, ya da paltarla özünün emosional aclığını doydura bilər. Bu psixoloji problemlərdən biridir. Belə insanlar seans almadığı halda daha dərin emosional boşluq yarana bilər və bağımlılıq daha da artar.

-İnsanlar onlayn alış-verişin psixoloji təsirlərini necə azalda bilərlər? Hansı strategiyalar faydalı ola bilər?

- Onlayn alış-verişi azaltmağın metodlarında biri həmin alış-veriş saytlarından, şirkətlərindən istifadə etməmək və ya onlardan gələn mesajları , bildirişləri bağlamaq, əlaqəni tamamilə azaltmaqdır. Əgər bu alınmırsa, emosional sferada bir problem varsa, mütləq psixoloji dəstək alınmalıdır. Bəzi pasientlərim var ki, 200 manatı varsa son qəpiyə kimi onlayn alış-verişdə xərcləyirlər. Ehtiyacı olmayan hər şeyi alırlar. Əsas məqam onun nə aldığı yox, emosional ehtiyacını nə qədər doldurduğudur.

Onlayn alış-veriş müasir həyatın ayrılmaz bir hissəsi olsa da, onun psixoloji təsirlərini anlamaq və nəzarət etmək vacibdir. Əsas məqsəd alışverişin bizi idarə etməsinə yox, bizim onu idarə etməyimizə nail olmaqdır. Növbəti dəfə "Səbətə əlavə et" düyməsinə basmazdan əvvəl bir anlıq düşünün: Bu, həqiqətən ehtiyacınızdır, yoxsa sadəcə ani bir hissin nəticəsidir?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31