Rəhbərlik etdikləri dövlət qurumunu cəsus yuvasına çevirənlər
14 Mart 20:40 SosialQaynana "xeyir-duası" ilə milli və dövlət maraqlarını satan məmurlar
Zaman-zaman dövlət strukturlarında korrupsiya və rüşvətxorluq faktlarının aşkarlanmasının şahidi olmuşuq. Faktdır ki, dünyada əxlaqsızlıq, tərbiyyəsizlik, ümumiyyətlə ən çirkin əməl kimi qəbul olunan belə qanunsuz hərəkətlərin qarşısını almaq müşkül məsələyə çevrilib. Çox təəssüf ki, belə hallar ölkəmizdə də müşahidə olunur. Nəzərə alsaq ki, bu kimi qanunsuz əməllərin baş verməsi birbaşa insan faktoru ilə bağlıdır, onda kadr seçimi məsələsi barədə ciddi düşünmək ehtiyacı yaranır. Yeri gəlmişkən qeyd edək ki, ölkə başçısı tərəfindən Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimək bilmir. Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib. Belə ki, Fuad Nağıyevə töhmət elan edilməsindən sonra DTX qurumda yoxlamalara başlayıb, nəticədə Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib.
Ardınca Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb. Ardınca onların da istintaqa cəlb edildiyi bildirilir. Məlumat üçün qeyd edək ki, korrupsiya - hər hansı dövlət orqanında səlahiyyətli şəxs və ya şəxslərin qanunun maddə və digər normalarında kiçik dəyişikliklər həyata keçirərək irimiqyaslı cinayətkarlara, cinayət əməllərinə ortaq olmalarıdır. Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsilə həyata keçirilmir. Korrupsiya hər hansı imtiyaz və ya statusdan istifadə nəticəsində həyata keçirilən cinayətdir.
Rüşvət isə birbaşa pul vasitəsilə maraqların qarşılanması, müəyyən məsələlərin "qısa" yolla həllinin həyata keçirilməsidir. Sadalanan əməllərin Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin idarə etdiyi qurumda çalışan bəzi şəxslərin əməllərində qeydə alınması təbii ki, korrupsiya faktının olmasını təsdiqləyir. Şübhəsiz ki, hüquq mühafizə orqanları buna hüquqi qiymət verəcəklər. Məsələ ondadır ki, Agentliyin rəhbərləri təkcə korrupsiya və rüşvətlə məşğul olmayıblar, təmsil etdikləri dövlət qurumunu casus yuvasına çeviriblər.
Məlumata görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin şiddətli töhmət almasının səbəbi qurumdan xidməti yazışmaların sızdırılması olub. Belə ki, casus şəbəkəsinin üzvləri təkcə təmsil etdikləri Agentliyin deyil, eləcə də digər dövlət qurumları arasında aparılan daxili yazışmaları xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürürmüşlər. Təsadüfi deyil ki, araşdırmalar zamanı Turizm Agentliyində Azərbaycana qarşı düşmənçilik mövqeyində olan "Transparency International" təşkilatında işləmiş bir neçə şəxsin önəmli postlar tutduğu məlum olub. Yazışmaların da məhz həmin şəxslər tərəfindən sızdırıldığı müəyyən edilib. Heç kim zəmanət verə bilməz ki, dövlət orqanları arasında olan daxili yazışmalar xarici ölkə səfirliklərinə pulsiz-parasız sızdırılıb. Deməli, faktın özündə həm dövləti cinayət, həm də korrupsiya elementləri var. Üstəlik o da məlum olub ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər "Transparency International" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Hətta Dövlət Turizm Agentliyində ən yüksək postlara təyinat məsələsi Rəna Səfərəliyevanın "xeyir-duası" ilə həyata keçirilib. Heç şübhəsiz ki, dövlət qurumları arasında aparılan daxili yazışmaları xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürmək dövləti cinayət hesab edilə bilər.
Belə məlum olur ki, Fuad Nağıyev vəzifədə çalışdığı bütün dövr ərzində öz potensialını Azərbaycan dövlətinə qarşı zərbə vurmağa sərf edib. Onun antiAzərbaycan fəaliyyəti təkcə rüşvətxorluq, korrupsiya, dövlət sirrini yaymaqla məhdudlaşmayıb. Qarşısına Azərbaycan mədəniyyəti və kulinariyası, ümumilikdə isə turizm sektorunu məhv etmək məqsədi qoyan Fuad Nağıyev bu istiqamətdə əməlli-başlı hörümçək toru hörüb. Dünyada Azərbaycan mətbəxtini kifayət qədər təbliğ edən, ən yüksək və nüfuzlu medalları ölkəmizə gətirən Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanovun vəzifəsindən uzaqlaşdırılmasını da təsadüfi hesab etmək olmaz. Görünür bu addım məqsədli şəkildə atılıb ki, nəticədə ermənilərə yaşıl işıq yansın. Məhz bundan istifadə edən ermənilər Azərbaycanın milli xörəklərini beynəlxalq sərgilərdə nümayiş etdirərək ölkələrinə medal qazandırıblar. Dövlət Turizm Agentliyinin rəhbərliyinin Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına təzyiq göstərməsi, Ermənıstana bu yolda stimul verməsi, milli kulinariya və turizm sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin işinə qanunsuz müdaxilə etməsi, özünə eyni təyinatlı QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılmasını heç də təsadüfi hesab etmək olmaz.
Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov mətbuata müsahibəsində bildirib ki, Dövlət Turizm Agentliyində bir il ərzində onun rəhbərlik etdiyi qurumun illik büdcəsindən 15 dəfə çox yeyinti baş verib: "Məni uzaqlaşdıran kimi Fuad Nağıyev və komandası "Discovery World Travel"də 7 mətbəx nümunəmizi ermənilərə hədiyyə etdilər. Uzun illərdir Azərbaycan mətbəxini təbliğ edən şəxs kimi ermənilər mənə bata bilmirdilər. Onlar Turizm Agentliyi qarşısında şərt qoymuşdular ki, Milli Kulinariya Mərkəzi iflic vəziyyətə salınmalı, işdən çıxarıb dünya təşkilatları qarşısında mənfi fikir yaradılmalıdır. Bu gedişlə ermənilər istəklərinə nail olacaqlar, qısa zamanda mətbəximizi məhv edəcəklər".
Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevin titulları yüksəkdir, keçdiyi idarəçilik yolu zəngindir. Görünür cəmiyyətə təqdim edilən dörd dil bilmək, hüquq elmləri namizədi olmaq kimi titullar belə dövlətə sədaqət, milli kökə bağlılığı təmin edə bilmir. Bunun üçün rəhbər şəxslərdə dövlətə bağlılıq, vətənpərvərlik hissləri formalaşmalıdır. Əlahəzrət fakt isə ondan ibarətdir ki, Dövlət Turizm Agentliyindən ən azı xidməti yazışmalarının sızdırılması qurumun rəhbəri Fuad Nağıyevin postunu itirməsi ilə nəticələnəcək.
Alim