Bakı ilə Tehran arasında iqtisadi, siyasi münasibətlərdə yeni bir mərhələyə başlamaq olar- İlyas Hüseynov- ÖZƏL

AXC iqtidarının yüksək rütbəli nümayəndə heyətinin, o cümlədən Pənah Hüseyn, İsgəndər Həmidov və digər rəsmi şəxslərin İrana səfəri və  İranın Azərbaycana müharibə zamanı gizli yardımlar etdiyi, döyüşçülərin İran xəstəxanalarında müalicə aldığı videomaterial  geniş  müzakirələrə  səbəb  olub.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a  bildirib ki, Bakı ilə Tehran arasında iqtisadi, siyasi münasibətlərdə yeni bir mərhələyə başlamaq olar:

"İran və Azərbaycan arasında Vətən müharibəsindən sonra kifayət qədər ziddiyyətli münasibətlər formalaşıb. Bu münasibətlərdə gərginliyin yaranmasının əsas səbəbkarı İran tərəfi idi. Lakin bununla yanaşı biz sürətli şəkildə  İran və Ermənistan arasındakı yaxınlaşmanı görürdük. Qarşılıqlı səfərlər, təmaslar, münasibətlərin yüksək səviyyəyə qalxmasını nümayiş etdirən kadrlar  bu münasibətdə böyük narahatlıq yaradırdı. Eyni zamanda Ermənistanın zaman keçdikdən sonra Qərbpərəst münasibəti, ABŞ ilə keçirilən hərbi təlimlər, Avropa İttifaqının Ermənistan ərazisinə dəvət olunması və rəsmi İrəvanın addımları İranı yenidən düşünməyə vadar etdi. İran və Azərbaycan arasında münasibətlərdə buzlar əridi, Azərbaycanın Tehranda olan səfirliyi yenidən fəaliyyətə başladı və bir sıra qarşılıqlı təmaslar özünü göstərdi. Hazırda İran  Azərbaycanla münasibətlərdə daha yaxın və dərinləşdirilmiş münasibətlərin tərəfdarı olduğunu göstərir və keçmişdə olan kadrları  aşkara çıxartmaqla bir sıra mesajlar da ötürür. İranın hazırki prezidenti  Məsud Pezeşkian da bir sıra çıxışları, mesajları ilə Azərbaycanla münasibətlərin yaxşılaşdırılmalı olduğunu nümayiş etdirir. Hesab edirəm ki, Bakı ilə Tehran arasında iqtisadi, siyasi münasibətlərdə yeni bir mərhələyə başlamaq olar. Biz hər zaman İranla mehriban qonşuluq siyasəti çərçivəsində, qarşılıqlı faydaya əsaslanan, tarixi keçmişi, ortaq dəyərləri zəngiləşdirməyə hesablanmış münasibətlərin tərəfdarı olmuşuq. Hesab edirəm ki, qarşıdaki dövrdə bu münasibətlər daha yüksək səviyyədə artacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31