Ermənistanın Sülh Şurasına qoşulması regiona nə vəd edir?- Politoloqdan açıqlama- ÖZƏL
17:09 SiyasətErmənistan Milli Məclisi ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təsis edilən Sülh Şurasının Nizamnaməsini ratifikasiya edib. Xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın təqdim etdiyi sənədin lehinə 90 deputat səs verib, 8 nəfər isə bitərəf qalıb.
Bəs Ermənistanın "Sülh Şurası"nın Nizamnaməsini ratifikasiya etməsi hansı siyasi mesajları verir? İrəvan bu addımla ABŞ administrasiyası ilə münasibətlərini gücləndirməyə, yoxsa beynəlxalq siyasətdə öz mövqelərini möhkəmləndirməyə çalışır?Ermənistanın Sülh Şurasına qoşulması Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Ermənistanın Sülh Şurasına üzvlüklə bağlı sənədi ratifikasiya etməsi Ermənistanın daxili işidir. Nəzərə alsaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli razılaşmalardan sonra ABŞ həm Ermənistanla, həm də Azərbaycanla münasibətləri daha da gücləndirmək qərarı verib və bu istiqamətdə konkret addımlar atılıb.
Bundan sonrakı dövrdə Azərbaycan və Ermənistan liderlərinin Trampın təşəbbüsü ilə keçirilən Sülh Şurasının toplantısına dəvət edildiyini xatırlayırıq.
Sülh Şurası, əslində, dünyada sülhün yaradılması ilə bağlı irəli sürülən bir təşəbbüsdür. Bu təşəbbüs 60-a yaxın ölkə tərəfindən dəstəklənib və həmin ölkələr arasında Ermənistan da var. Ermənistan bu sənədi ratifikasiya etməklə həm də onu göstərməyə çalışır ki, artıq öz xarici siyasətini müstəqil şəkildə həyata keçirir.
Eyni zamanda, təbii ki, bu sənədin ratifikasiya olunması Ermənistanın ABŞ-la münasibətlərinin daha da dərinləşdirilməsinə hesablanmış siyasətdir. Şübhəsiz ki, bu addım Ermənistanın hüquqlarına da müəyyən müsbət çalarlar gətirəcək. Sülh Şurasına Ermənistanın qoşulmasının Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcəyinə gəlincə, hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətləri, şübhəsiz ki, ikitərəfli qaydada tənzimlənən bir məsələdir. Amma eyni zamanda nəzərə alsaq ki, ABŞ-la imzalanan anlaşmada ABŞ Prezidenti Donald Tramp həm də təminatçı və vasitəçi qismində çıxış edir, orada səsləndirilən bəyanatlardan da aydın olur ki, hər üç tərəf iki ölkə arasında sülh prosesinin sürətləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı öz mövqeyini ifadə edib. Orada səsləndirilən fikirlərdən belə görünür ki, həm Azərbaycan, həm də Ermənistan liderləri iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlı olduqlarını bəyan ediblər və bu istiqamətdə addımlar atacaqlarını bildiriblər. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətləri ikitərəfli qaydada tənzimlənsə də, eyni zamanda nəzərə alsaq ki, ABŞ da bu prosesdə maraqlıdır və xüsusilə də prezidentlər səviyyəsində müzakirələr aparılır, Ermənistanın Sülh Şurasına qoşulması müəyyən mənada bu proseslərə, o cümlədən ikitərəfli münasibətlərə müsbət təsir göstərə bilər. Yəni söhbət ondan gedir ki, Ermənistanın baş naziri orada Trampın qarşısında söz verib ki, bundan sonrakı proseslər sülh və əməkdaşlıq istiqamətində Azərbaycanla qurulacaq".
Zeynəb Mustafazadə