Azərbaycançılıq ideologiyası və milli birlik: ölkənin multikulturalizm modeli-ÖZƏL
16:20 SiyasətPrezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında azərbaycançılıq ideologiyası, Azərbaycanın sülh quruculuğundakı təcrübəsi və ölkənin daxili işlərinə müdaxilə məsələləri ön plana çıxıb. Çıxışda milli birliyin, multikulturalizmin, müstəqil siyasətin və Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyevin çıxışında azərbaycançılıq ideologiyasına və Azərbaycanın etnik-mədəni müxtəliflik modelinə xüsusi diqqət yetirilməsi ölkənin beynəlxalq nüfuzuna və multikulturalizm siyasətinə necə təsir göstərir? Azərbaycanın münaqişələrin həlli və sülh quruculuğu sahəsindəki təcrübəsi beynəlxalq münasibətlər üçün hansı nümunələri yaradır və ölkənin daxili işlərə qarışmama prinsipini vurğulaması hansı siyasi mesajları ehtiva edir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Azərbaycanın çox unikal və orijinal bir quruluşu var. Azərbaycan Respublikası dünyəvi, modern, eyni zamanda bütün etnik və dini müxtəlifliklərə, etnik qrupların və dini icmaların həyat tərzinə hörmətlə yanaşan, onların yaşayışına, fəaliyyətinə və təhsilinə diqqət göstərən bir dövlətdir.
Azərbaycanın özünəməxsus multikultural modeli var. Bu, çox gözəl və dünyaya örnək ola biləcək bir modeldir. Azərbaycan multikulturalizm siyasəti ilə ölkədəki bütün xalqları azərbaycançılıq ideologiyası ətrafında birləşdirir. Azərbaycan dövləti multikultural siyasət yürüdür.
Hazırda dünyada irqçilik və rasizm meyilləri baş qaldırır, inkişaf edir. Avropada bunun nümunələrini artıq görməkdəyik. Müxtəlif ölkələrdə, istər Almaniyada, istərsə də Fransada bunun nümunələri var. Amma Azərbaycan bu məsələlərdən uzaq bir ölkədir. Tolerantlıq və multikulturalizm mövcuddur.
Azərbaycan bir neçə il bundan əvvəl öz ərazisindəki separatizmə, terrorizmə və işğala son qoymuş bir ölkədir, çox unikal şəkildə bu məsələləri həll etdi. Ona görə də bu sahədəki təcrübəsi beynəlxalq aləm üçün, münaqişələrin mövcud olduğu ölkələrdə və digər yerlərdə nümunə kimi qəbul edilə bilər.
Biz heç kimin daxili işlərinə qarışmadıq, öz problemimizi özümüz həll etdik. Bu münaqişəni necə həll etdik? Bu da bir nümunə və modeldir. Bu gün də Azərbaycan heç kimin daxili işlərinə qarışmadan öz siyasətini, fəaliyyətini və çalışmalarını davam etdirir, eyni zamanda heç kimin Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermir.
Bu modelin, azərbaycançılıq ideologiyasının əsası Heydər Əliyev tərəfindən qoyulub və bu unikal model onun tərəfindən formalaşdırılıb.
Hazırda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın bu modeli davam etdirilir. Heç kimin daxili işlərinə qarışmamaq və heç kimin Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməmək prinsiplərinə əsaslanan bu siyasət uğurlu nümunə kimi qiymətləndirilir və davam etdirilir".
Zeynəb Mustafazadə