Azərbaycanın orta güc statusu niyə müqavimətlə qarşılanır?-Özəl

13 iyul 2026-cı ildə, Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycan Prezidenti  İlham Əliyev ölkənin artıq regional güclə məhdudlaşmadığını, beynəlxalq arenada orta güc statusuna iddialı olduğunu bəyan etmişdi. Bu iddianın mahiyyəti Azərbaycanın hərbi gücü ilə yanaşı artan siyasi, iqtisadi və diplomatik potensialının beynəlxalq münasibətlər sistemində qəbul etdirilməsidir. 
Azərbaycana qarşı müşahidə olunan təhdidlər, ölkənin daxili işlərinə müdaxilə cəhdləri Azərbaycanın orta güc statusuna yiyələnməsi kontekstində daha qabarıq görünür.   2020-ci il Vətən müharibəsi, 2023 cü il antiterror  əməliyyatından sonra Azərbaycan regional güc kimi yeni geosiyasi reallıqların məcburi qəbuluna nail olsa da, Rusiya və İran tərəfindən ciddi müqavimətlə qarşılannası gözlənilən idi. Proses hətta təbii müttəfiqimiz və qardaş dövlətimiz Türkiyə ilə münasibətlərdə də yeni suallar yaratdı. 
AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında, Qroznı yaxınlığında vurulması Azərbaycan-Rusiya münasibətlərini diplomatik böhran səviyyəsinə çatdırdı. Uzun sürən gərginlikdən sonra Ramzan Kadırovun Azərbaycana gələrək məsuliyyəti üzərinə götürməsi və Azərbaycan xalqından üzr istəməsi Rusiya tərəfinin məsuliyyəti qəbul etməsi kimi qiymətləndirildi.
24 sentyabr 2026-cı ildə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxışı zamanı bir sıra ölkələrin nümayəndələri, o cümlədən Türkiyə nümayəndə heyəti zalı tərk etdiyi halda . Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi Türkiyədən Azərbaycana qarşı ciddi neqativ redaksiyadan sonra, 
Azərbaycanda vahid məktəbli formasının tətbiqinə yenə də Türkiyədən, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Saral tərəfindən kəskin tənqidi açıqlama verilməsi və ardınca onun vəzifəsindən uzaqlaşdırılması Türkiyədə Azərbaycanın iradəsin qəbulu, beynəlxalq arenada isə orta güc statusunun əlamətləri kimi qiymətləndirilir.
Azərbaycanın Türkiyə və Rusiyaya təsir imkanları Rusiyaya qarşı beynəlxalq sanksiyaların davam etdiyi şəraitdə Türkiyənin Azərbaycanla iqtisadi əlaqələri və enerji daşıyıcılarının Türkiyə üzərindən tranziti kontekstində ilə daha aydın görünür. Türkiyənin qlobal güc, Azərbaycanın isə orta güc statusuna iddialı olması fərqli olsa da həm də eyni imkan və resurslarla bağlıdır. Azərbaycanın 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamasından sonra enerji resurslarının Türkiyə üzərindən dünya bazarlarına çıxarılması iki dövlətin iqtisadi imkanlarını artırmaqla Azərbaycanın enerji ixracı və tranzit imkanları Türkiyəyə milyardlarla gəlir qazandırmaqla yanaşı, onun iqtisadi və hərbi sənaye potensialının inkişafına ciddi təsir göstərdi. Azərbaycan neft sənayesinin Türkiyənin enerji sektorunda iştirakı, dənizdə və quruda neft axtarışı və hasilatı sahəsində fəaliyyəti Türkiyənin beynəlxalq enerji sistemində mövqeyinin gücləndirdi.
Bu gün Xəzəryanı regiondan və Orta Asiyadan enerji resurslarının və digər yüklərin Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılmasında Türkiyə mühüm tranzit mərkəzinə çevrilib. Bu mövqe ona iqtisadi gəlirlərlə yanaşı, geosiyasi üstünlüklər də qazandırır. Lakin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Ermənistanla münasibətlərdə yeni mərhələnin başlanmasından sonra regional kommunikasiyalar üzrə alternativ imkanların yaranması mövcud tranzit münasibətlərinə təsir göstərə bilər.
2009-cu ildə Türkiyə ilə Ermənistan arasında futbol diplomatiyası, Sürix protokollaşması da Azərbaycanın müttəfiqlik münasibətlərinin sınaq dövrünün yaxın tarixidir. Həmin dövrdə Azərbaycan öz mövqeyini ortaya qoyaraq milli maraqlarının nəzərə alınması üçün siyasi və diplomatik təsir imkanlarından istifadə etmişdi.
Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik yalnız iqtisadi maraqlara deyil, tarixi, milli və mədəni bağlara, eləcə də "Bir millət, iki dövlət" prinsipinə əsaslanır. Ancaq müttəfiqlik Azərbaycanın xarici və daxili siyasətinin başqa dövlətin diktəsi ilə müəyyənləşdirilməsi demək deyil. Azərbaycan bütün istiqamətlərdə "drijorluq" siyasətini rədd edir.
Azərbaycanın orta güc statusuna iddiası regional təhlükəsizlikdə müstəqil mövqeyinə, Mərkəzi Asiya və Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına, Türkiyə üzərindən formalaşan ixrac infrastrukturuna və Orta Dəhliz perspektivinə söykənir. Türkiyə ilə hərbi-strateji müttəfiqlik, Böyük Britaniya ilə əlaqələr, İsraillə təhlükəsizlik və texnologiya əməkdaşlığı, Çinlə strateji tərəfdaşlıq və Pakistanla siyasi yaxınlıq bu imkanları gücləndirir.
Pakistanın, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstək nəzərə alındıqda, Hindistanla əməkdaşlığın genişləndirilməsi müəyyən ziddiyyətlər yarada bilər. Ancaq bu Azərbaycan üçün prioritetlırin dəyişməsi deyil. Çinlə rəqabət aparan Hindistanın Azərbaycanın tranzit imkanlarına marağı və Orta Dəhlizə ehtiyacı Nyu-Delinin Bakıya səfərini şərtləndirən amillərdəndir.
Nəticə olaraq, Azərbaycanın orta güc statusuna iddiası hərbi uğurlarla yanaşı, təhlükəsizlik, enerji, tranzit, diplomatiya və strateji tərəfdaşlıqların məcmusu ilə əsaslandırılır. Heç bir dövlətlə yaxınlıq və müttəfiqlik prinsipləri Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir. 1813, 1828, 1920-ci illərin və nəhayət, XX əsrin 90-cı illərinin tarixi yaddaşı kontekstində Azərbaycanın ən azı orta güc statusuna malik olması mövcudluğunu təhlükəsiz edir. Danılmazdır ki, Rusiya və İran nə qədər güclü olarsa, Azərbaycan üçün bir o qədər təhdid yaradır. Ancaq Türkiyə güclü olanda türk və İslam dünyasının, o cümlədən Azərbaycanın dayağı olur. Lakin zəif Türkiyə bu prinsipləri qoruya bilmir. Məhz bu tarixi reallıq Türkiyə-Azərbaycan müttəfiqliyini həm də geosiyasi zərurət edir.
Vüqar Dadaşov
Hüquqşünas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31