Qorumaq gözəldir, amma uçmaq üçün qanad vermək daha vacibdir…
7 Fevral 23:30 Sosial
Hər bir valideyn övladının sağlam, xoşbəxt və təhlükəsiz böyüməsini istəyir. Onları qorumaq, çətinliklərdən uzaq saxlamaq, hər bir qərarında yol göstərmək valideyn sevgisinin təbii təzahürüdür. Ancaq bəzən bu qoruma həddini aşır və uşaqların sərbəst qərar vermə qabiliyyətinin inkişafına mane olur. Həddindən artıq qoruyucu valideynlik (ing. overprotective parenting) uşaqların müstəqil düşünmə və öz ayaqları üzərində dayanma bacarıqlarını zəiflədir, onları həyatın reallıqlarına hazırlamaq əvəzinə, ondan qoruyur.
Bəs valideynlər niyə bu qədər qoruyucu davranırlar? Bu yanaşma uşaqlara necə təsir edir? Həddindən artıq qoruma ilə dəstək vermək arasındakı incə sərhəd haradadır?
Bu yazıda, müasir cəmiyyətin aktual problemlərindən biri olan həddindən artıq qoruyucu valideynlik və onun uşaqların qərarvermə bacarıqlarına təsiri məsələsindən yazmaq qərarına gəldim.
Qoruyucu valideynlik nədir və nə üçün yaranır?
Qoruyucu valideynlik valideynlərin uşaqlarını bütün çətinliklərdən qorumaq, onların qarşılaşa biləcəyi hər hansı riskin qarşısını almaq və hətta onlar üçün bütün qərarları vermək meyilidir. Bu, uşaqların öz təcrübələrindən öyrənmək imkanlarını məhdudlaşdırır. Bəs valideynlər niyə bu cür davranırlar?
Gəlin, bunun bir neçə əsas səbəbini nəzərdən keçirək:
Yəqin ki, hamı valideynindən və ya hansısa böyüyündən "zəmanə dəyişib" sözünü eşidib. Həqiqətən də hazırda valideynlətin ən böyük qorxusu bu səbəbdən qaynaqlanır. Müasir dünyada təhlükəsizliklə bağlı narahatlıqlar artıb. Valideynlər uşaqlarını fiziki və psixoloji təhlükələrdən qorumaq üçün hər şeyi etməyə hazırdırlar. İnternetdə və sosial mediada yayılan xəbərlər, cinayət və zorakılıq halları bu qorxunu daha da gücləndirir.
Digər səbəb olaraq, bəzi valideynlər öz uşaqlıqlarında yaşadıqları çətinliklərə görə övladlarının eyni problemlərlə qarşılaşmasını istəmirlər. Məsələn, uşaq yaşlarında kasıbçılıq yaşamış bir valideyn, övladının heç vaxt çətinlik hiss etməməsi üçün onu maddi və mənəvi cəhətdən həddindən artıq qorumağa çalışa bilər.
İndi qeyd edəcəyim məsələ isə mənə görə daha "faciəvi" səslənir: "valideynlik yarışı". Bugünkü cəmiyyətdə valideynlər sanki bir-biri ilə "rəqabət" aparırlar. Sosial mediada mükəmməl valideyn obrazları, hər bir uğursuzluğun kəskin müzakirə edilməsi, uşağın "ən yaxşı" təhsil və imkanları əldə etməsi üçün göstərilən təzyiq valideynləri həddindən artıq qoruyucu olmağa məcbur edir.
Bəzi valideynlər üçün isə uşaqlarının hər qərarına nəzarət etmək və onları öz istədikləri şəkildə yönləndirmək daha rahatdır. Onlar düşünürlər ki, uşaq özü qərar verərsə, səhvlərə yol verəcək. Halbuki məhz bu səhvlər uşaqların böyüməsi üçün vacibdir.
Valideynlərin niyyəti nə qədər saf və xeyirxah olsa da, həddindən artıq qoruma uşaqlar üçün uzunmüddətli mənfi təsirlərə səbəb ola bilər. Həddindən artıq qoruyucu valideynlər adətən uşaqlar üçün bütün vacib qərarları özləri verirlər. Uşağın hansı məktəbdə oxuyacağı, hansı dostlarla görüşəcəyi, hansı peşəni seçəcəyi hətta nə geyinəcəyi belə valideynlərin təsiri altında olur. Bu halda uşaq öyrənir ki, özü qərar vermək lazım deyil - necə olsa, valideyn bunu edəcək. Nəticədə, o, böyüyəndə öz həyatını idarə etməkdə çətinlik çəkir, çünki müstəqil qərar verməyi öyrənməyib.
Həyatın ən böyük müəllimlərindən biri səhvlərdir. İnsan səhv etdikcə öyrənir, təcrübə toplayır və böyüyür. Ancaq həddindən artıq qoruyucu valideynlər uşaqlarına səhv etmək şansı vermir. Hər şey əvvəlcədən onlar üçün həll edilir. Nəticədə, belə uşaqlar real həyatın çətinlikləri ilə qarşılaşanda uğursuzluqlara dözümsüz olurlar, özlərini tez günahlandırırlar və çıxış yolu tapmaqda çətinlik çəkirlər. Uşaqların özlərinə inam qazanması üçün müstəqil şəkildə qərar verməyi və bu qərarların nəticələri ilə üzləşməyi öyrənmələri lazımdır. Əgər valideynlər həmişə onların yerinə qərar verirsə, uşaqlar özlərinə etibar etməyi öyrənə bilmir. Onlar daim başqalarından asılı olurlar və öz bacarıqlarına şübhə edirlər. Bu, xüsusilə gənc yaşda ciddi problemlərə səbəb ola bilər - məsələn, universitetə daxil olduqda və ya iş tapmaq istədikdə, onlar özlərini yetərsiz hiss edə bilərlər.
Bəs, valideynlər nə etməlidirlər? Sərhədləri necə müəyyənləşdirmək olar?
Həddindən artıq qoruma ilə uşağı laqeyd buraxmaq arasında balans tapmaq çətindir. Uşaqlara sevgi və dəstək vermək lazımdır, amma onları həddən artıq qorumaq onların müstəqilliyini əlindən almaq deməkdir. Kiçik yaşlardan etibarən uşaqlara müəyyən dərəcədə seçim haqqı tanımaq vacibdir. Məsələn, onları geyimlərini özləri seçməyə, dostları ilə münasibətlərini özləri tənzimləməyə təşviq etmək lazımdır. Unutmamalıyıq ki, uşaqlar səhv etdikcə öyrənirlər. Valideynlər onların hər səhvinin qarşısını almağa çalışmamalıdır. Əksinə, səhvlərindən nəticə çıxarmağı öyrənmələri üçün onları dəstəkləməlidirlər. Əgər uşaq hər hansı bir çətinliklə qarşılaşırsa, ilk instinkt olaraq onun yerinə problemi həll etmək əvəzinə, ona çıxış yolları tapmaqda kömək etmək lazımdır. Valideynlər uşaqlarının təhlükəsizliyini təmin etməlidirlər, amma onları həyatın real sınaqlarına hazırlamaq üçün müəyyən sərbəstlik də verməlidirlər. Bu tarazlığı qorumaq valideynlik sənətinin ən çətin hissələrindən biridir.
Hər bir valideyn övladını qorumaq istəyir. Amma unutmamalıdırlar ki, onların əsas vəzifəsi uşaqlarını həyatdan qorumaq yox, onları həyata hazırlamaqdır. Əgər bir uşaq sərbəst qərar verməyi, səhvlərindən nəticə çıxarmağı və özünə inanmağı öyrənmirsə, o, real dünyada çətinliklərlə üzləşəndə çarəsiz qalacaq. Valideynlərin qayğısı sevgi əlamətidir. Amma həqiqi sevgi, uşağın öz ayaqları üzərində dayanmağı bacarmasına kömək etməkdir.
Qorumaq gözəldir, amma uçmaq üçün qanad vermək daha vacibdir...
Qiymət Mahir