Süni intellekt savadlılığı gələcəyi dərk etməyin açarıdır
20:00 SosialSüni intellekt bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Səhər telefonlarımızda hava proqnozunu yoxlamaqdan tutmuş sosial mediada rastlaşdığımız məzmuna qədər hər yerdə bu texnologiya ilə əhatə olunmuşuq. Ancaq belə güclü texnologiyanı anlamadan istifadə etmək risklər gətirə bilər. Burada süni intellekt savadlılığı haqqında məlumatlı olmaq lazım gəlir.
Süni intellekt texnika və texnologiyaların insanları təqlid etməsinə imkan verən sahədir. Başqa sözlə ifadə etsək Süni intellekti insanların hərəkətlərini öyrənmək və təqlid etmək üçün tələb olunan təbii zəkanın proqramlaşdırılmış maşınlarda simulyasiyası kimi də fikirləşmək olar. Bu zəkaya sahib maşınlar təcrübə ilə öyrənə bilir və tapşırıqları insana bənzər şəkildə yerinə yetirməyi bacarır.
Süni intellekti təyin edən təriflər zamanla dəyişir, amma əsas məğz olan insan kimi düşünən maşınlar ideyası dəyişməz olaraq qalır. Süni intellektin son illərdə qlobal inkişafı süni intellektin tətbiq sahələrini daha da genişləndirib. Bu sahələrə nümunə olaraq, təhsil, səhiyyə, kənd təsərrüfatı, o cümlədən müdafiə sənayesi, təhlükəsizlik və s. göstərmək olar.
Süni intellektin tətbiqlərinin əsas məqsədi insanlar tərəfindən görülə bilməyən, görülməsi çətin və ya çox vaxt aparan işlərin avtomatlaşdırılmasıdır. Bu tip tətbiqlər maşın öyrənməsi, dərin öyrənmə alqoritmləri əsasında hazırlanır.
Süni intellekt həyatın hər sahəsində getdikcə daha çox yer tapmaqdadır. Təhsil sistemləri bu transformasiyanı ələ keçirmək və gənc nəsilləri süni intellekt dünyasına hazırlamaq üçün yeni yanaşmalar hazırlamağa başlayıb. Süni intellekt savadlılığı artıq sadəcə istedad deyil, gələcəyin uğurlu şəxsləri üçün kritik bir bacarıqdır.
Son araşdırmalar göstərir ki, süni intellekt savadlılığı fərdlərin təkcə texnologiyaya yiyələnmələrini deyil, həm də problem həll etmə bacarıqlarını əhəmiyyətli dərəcədə artırır. Məlumatlara görə, süni intellekt savadı olan fərdlərin problem həll etmə qabiliyyəti 45 faiz artır. Bu, onların gündəlik həyatda yaranan çətinliklərlə daha effektiv mübarizə apara bildiklərini və problemlərə innovativ həllər istehsal edə bildiklərini göstərir.
Süni intellektin düzgün istifadəsi fərdlərə texnologiyanı anlamaqdan əlavə üstünlüklər təqdim edir: məsələn, karyera imkanlarını artırır. Süni intellektlə savadlı insanların iş tapmaq şansı 50 faiz yüksəkdir.
Təhsil sahəsində STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) kurslarının süni intellektlə inteqrasiyası tələbələrin analitik düşünmə bacarıqlarını 30 faiz artırır. Bu məlumatlar göstərir ki, AI savadlılığı təkcə təhsil vasitəsi deyil, həm də tələbələri gələcək karyeraları üçün təchiz edən bir fürsətdir.
Süni intellekt savadlılığı texnologiyadan istifadə etməklə yanaşı, onu sorğulamaq deməkdir. Süni intellekt sadəcə qara qutu deyil, biz onun içərisində nə olduğunu, hansı məlumatlarla işlədiyini və bizə hansı nəticələri təqdim etdiyini başa düşməliyik. Bu texnologiyanı dərindən dərk etməsək, onun təklif etdiyi qərarlar yanlış ola bilər və bu yanlış nəticələri izləyə və səhv qərarlar verə bilərik.
Təkcə texnologiyadan istifadə kifayət deyil, onu sorğulamaq da vacibdir. Bunun necə işlədiyini bilmiriksə, biz sadəcə istifadəçilərik. Amma bunu başa düşəndə daha şüurlu fərdlərə çevrilirik.
Alış-veriş saytlarını ziyarət edərkən gördüyümüz təkliflərin və ya sosial mediada gördüyümüz məzmunun bizə xas olduğunu tez-tez görürük. O təkliflər niyə məhz bizə təqdim olunur? Süni intellekt burada hansı qərar vermə mexanizmi ilə işləyir? Bu sualları verməyə başladığımız zaman süni intellekt savadlılığı istiqamətində mühüm bir addım atmış oluruq.
Süni intellekt texnologiya dünyasında sürətlə irəlilədikcə, uşaqlar və gənclər bu transformasiyanın ən vacib hissəsinə çevrilir. Bəs biz onları bu sahəyə necə hazırlamalıyıq?
Uşaqlar və gənclər gələcəyin texnologiya istifadəçiləri və yaradıcıları olacaqlar. Ona görə də onları indidən bu sahəyə hazırlamalıyıq. Süni intellekti başa düşməyin ən əyləncəli yolu onlara edərək və yaşayaraq öyrətməkdir. Onlara kodlaşdırma seminarları, robot layihələri və ya sadə süni intellekt tətbiqlərini inkişaf etdirməyə imkan verəcək tədbirlər təşkil etmək onlara bu texnologiyanı daha yaxşı anlamağa kömək edəcək.
Süni intellekt təhsili kökündən dəyişdirmək gücünə malikdir. Ənənəvi təhsil sistemində hamı eyni vaxtda eyni sürətlə inkişaf etməlidir. Bununla belə, süni intellekt sayəsində hər bir tələbəyə fərdi öyrənmə təcrübəsi təklif etmək mümkündür.
Məsələn, süni intellektə əsaslanan təhsil platforması tələbələrin hansı fənlərdən çətinlik çəkdiyini müəyyən edə və müvafiq olaraq fərdiləşdirilmiş kurs məzmunu təklif edə bilər. Bu fərdiləşdirilmiş öyrənmə prosesi yaradır. Bu o deməkdir ki, hər kəs öz sürəti ilə və ehtiyaclarına uyğun öyrənə bilər. Şagirdlərin çətinlik çəkdiyi fənlərə fokuslanan və ya onlara müəyyən fənləri təkrar-təkrar öyrənməyə imkan verən bu sistemlər tələbələrin öyrənməsindəki boşluqların aradan qaldırılmasında inanılmaz dərəcədə faydalı ola bilər.
Süni intellektin digər üstünlüyü müəllimlərin dərs yükünü yüngülləşdirməsidir. Müəllimlər üçün o, ev tapşırığı və imtahan qiymətləndirməsi kimi vaxt aparan tapşırıqları avtomatlaşdıra bilər. Beləliklə, müəllimlər tələbələrə daha çox təkbətək dəstək verə bilərlər. Bu nöqtədə süni intellekt müəllimləri əvəz etmək əvəzinə onları dəstəkləmək üçün bir vasitə kimi istifadə edilə bilər.
Ölkəmizdə də ötən əsrin təxminən 70-ci illərindən alimlərimiz süni intellekt problemlərinə diqqət yönəltməyə başlayıblar. Həmin dövrlərdə "süni intellekt" terminindən geniş istifadə olunmasa da, onun ayrı-ayrı məsələlərinin həll olunması üçün müxtəlif nəzəri üsullar işlənilirdi. Məsələn, obrazların tanınması, natamam informasiya şəraitində qərar qəbuletmə və idarəetmə, müxtəlif məsələlər üçün proqnozlaşdırma məsələləri və s.
80-ci illərdən etibarən ölkəmizdə qeyri-səlis məntiq nəzəriyyəsinin tədqiq olunmasına da başlanmışdır. O dövrlərdə qeyri-səlis məntiq nəzəriyyəsi ölkəmizdə neft-qaz sənayesində, eləcə də digər müxtəlif sferalarda tətbiq edilmiş və bu istiqamətdə mühüm elmi nəticələr əldə olunmuşdur. Azərbaycan alimləri Sovet elminin tərkib hissəsi kimi süni intellekt nəzəriyyəsinin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi, yeni metodların işlənilməsi ilə bağlı araşdırmalar aparır, eyni zamanda, süni intellekt texnologiyalarının o dövrdəki potensialından istifadə edərək müxtəlif tətbiqi məsələləri həyata keçirirdilər.
Ümumiyyətlə, son illərdə alimlərimiz tərəfindən qeyri-səlis məntiq və idarəetmə, süni neyron şəbəkələri, müxtəlif təyinatlı intellektual sistemlər, ekspert sistemləri kimi süni intellektlə əlaqəli mövzular geniş tədqiq olunub və bir sıra müvafiq praktiki innovativ həllər təklif edilib.
Azərbaycan alimləri beynəlxalq elmi əlaqələrini günü-gündən genişləndirir, müxtəlif ölkələrin nüfuzlu elm və təhsil mərkəzləri ilə sıx əməkdaşlıq həyata keçirirlər. Onların süni intellektin elmi-nəzəri əsaslarının inkişafı, eyni zamanda, müxtəlif sahələrdə tətbiqi ilə bağlı çox sayda məqalələri beynəlxalq səviyyəli nüfuzlu elmi jurnallarda dərc olunur. Bu nailiyyətlər dünyanın müvafiq sahə üzrə nüfuzlu reytinq siyahılarında da özünü göstərir.
Hazırda inkişaf etmiş dünya dövlətlərində olduğu kimi, ölkəmizdə də yeni texnoloji reallıqlar yaranır. Bütün bunlar cəmiyyətimizin inkişafı, ölkənin iqtisadi və hərbi potensialının artırılması və təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Ona görə də, Azərbaycan alimləri fundamental elmi-nəzəri istiqamətdə fəaliyyəti gücləndirməklə milli problemlərin həllinə də dəstək verirlər.
Həmçinin, ölkəmizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində əsası qoyulan Azərbaycan Süni İntellekt Laboratoriyası, süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunmasını məqsədilə yaradılmışdır. Süni intellektlə idarə olunan gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək, bacarıqlı kadr hazırlamaq üçün innovativ infrastruktur, Azərbaycan Süni İntellekt Laboratoriyasının tərkibində yaradılıb. Əsas məqsəd isə bu sahə üzrə tədqiqat və inkişafı artırmaq, istedadların inkişafı üçün texniki bacarıq təlimləri və məqsədyönlü seminarlar təşkil etməkdir. Süni intellekt laboratoriyası bu sahənin imkanlarından tam istifadə etmək üçün sənaye tərəfdaşları, innovativ şirkətlər və akademik institutlarla əməkdaşlıq edir.
Həmçinin, uzunmüddətli perspektivdə süni intellekt imkanlarını genişləndirmək və tam şəkildə istifadə etmək üçün təlimlər, təlim düşərgələri, vebinarlar, konfranslar və məqsədyönlü seminarlar kimi bir sıra geniş fəaliyyətlər təşkil etməyi və iştirak etməyi planlayır.
Röyalə Xəyal