Qazaxıstan və Gürcüstan qazax neftinin BTC ilə nəql həcmini mərhələli şəkildə artırmağı hədəfləyib

Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,4 milyon ton qazax nefti daşınıb, indi əsas hədəf xammalın nəql həcmini mərhələli şəkildə 2,2 milyon tona qaldırmaqdır.

Olaylar.az Qazaxıstan baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın baş naziri Oljas Bektenovla Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşdə danışılıb.

Görüşün gedişində başlıca olaraq ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat və logistika sahələrindən əməkdaşlığın genişləndirilməsi, neft və neft məhsullarının danışması, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və başqa sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

"Bu mənim iqtisadi və mədəni əməkdaşlığın gücləndirilməsinə hədəflənmiş ilk və sözsüz ki, vacib, rəsmi Qazaxıstan səfərimdir. Bu gün bizim dövlətlər əməkdaşlığın müxtəlif istiqamətlərində böyük nailləyyətlər əldə edib. Biz Qazaxıstanla hərtərəfli tərəfdaşlığın bundan sonra da inkişaf etdirilməsində maraqlıyıq", - deyə İrakli Kobaxidze bildirib.

Bundan başqa, baş nazirlər neft və neft məhsullarının dünya bazarlarına daşınması ilə bağlı ölkələr arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Kənd təsərrüfatı sahəsində də perspektivli əməkdaşlıq imkanları vurğulanıb. Belə ki, 2024-cü ilin yekunlarına əsasən, iki ölkə arasında aqrar ticarət dövriyyəsi 12,3% artaraq 71,2 milyon ABŞ dollarına çatıb. Qazaxıstanlı sahibkarların Gürcüstan bazarına un, taxıl, bitki yağları, makaron məmulatları, qoyun və mal əti, süd məhsulları, şirniyyat və digər ərzaq məhsullarının tədarükünü artırmaq potensialı var.

Eyni zamanda, aqrar sənaye kompleksinin kadr hazırlığı və elmi təminatı sahəsində əməkdaşlıq, o cümlədən birgə elmi tədqiqatların aparılması məsələləri müzakirə edilib. Uğurlu biznes əməkdaşlığına nümunə kimi Qazaxıstanın "QVM Technology", "Ordabasy Group" və "Yervira" şirkətləri ilə Gürcüstanın "Olive Georgia" şirkətinin birgə həyata keçirdiyi zeytun ağaclarının Qazaxıstanda eksperimental əkilməsi layihəsi qeyd olunub.

Bundan başqa rəqəmsallaşdırma və turizm sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər qaldırılıb.

Görüşün sonunda Qazaxıstan və Gürcüstan baş nazirləri ticari-iqtisadi və mədəni-humanitar tərəfdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərini təsdiq ediblər.

Qeyd edək ki, BTC 1768 kilometr məsafəyə qədər uzanır, onun buraxıcılıq qabiliyyəti günə 1,2 milyon barrelə çatır. Onun rəsmi açılış mərasimi 13 iyul 2006-cı ildə Ceyhanda keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31