Necə davranmalı olduğumuzu kim müəyyənləşdirir? - Yazılmayan qanunlar haqqında
7 Fevral 21:40 SosialHər gün mütləq şəkildə fərqində olmadan belə olsa, hansı qaydalara əməl edirik. Heç kim bizə xüsusi qaydalar kitabı yazıb verməyib. Ancaq bir çox hərəkətimizi yazılmayan qanunlar çərçivəsində nizamlayırıq , çünki cəmiyyətin gözləntiləri var və bu gözləntilərə uyğun davranmaq artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Bəs bu normaları kim müəyyənləşdirir? İnsanlar nə üçün bunlara əməl edirlər? Niyə bəzən öz istədiyimiz kimi yox, cəmiyyətin bizdən tələb etdiyi kimi davranırıq? İnsanların həyatını formalaşdıran yazılmayan qanunlar haradan gəlir və bizim kimliyimizə necə təsir edir?
Sosial normalar cəmiyyətin üzvlərinin qəbul etdiyi və onlara uyğun hərəkət etdiyi yazılmamış qaydalardır. Bu qaydalar bizə necə geyinməli, necə danışmalı, necə davranmalı olduğumuzu diktə edir. Bəzi normalar açıq-aşkardır: məsələn, yemək yeyərkən ağzını açıq saxlamaq mədəniyyətsizlik sayılır. Bəziləri isə daha incədir: məsələn, bir insanın dostlarına mesaj yazarkən necə danışması ilə iş yerində müdiri ilə necə danışması arasındakı fərq.
Sosial normaların ən güclü tərəfi odur ki, onlar bizi elə uşaqlıqdan əhatə edir və çox vaxt onların mövcudluğunu belə hiss etmirik. Çünki biz bu normaları uşaq yaşlarından öyrənirik və onlara uyğunlaşaraq böyüyürük. Məsələn, balaca bir uşaq marketdə qışqırıb ağlamağa başlayanda valideynləri ona "belə etmək olmaz" deyir. Uşaq isə anlamır: "Niyə olmaz? Mən özümü belə ifadə edirəm." Ancaq cəmiyyətin qaydalarına görə, ictimai yerdə yüksək səslə danışmaq və ya qışqırmaq qəbul olunmur. O uşaq böyüyəndə artıq öyrənir ki, emosiyalarını müəyyən çərçivədə idarə etməlidir. Bu qaydalar təkcə bir fərdin yox, bütöv cəmiyyətin birlikdə yaşaya bilməsi üçün lazımdır. Təsəvvür edin ki, hamı istədiyi zaman, istədiyi şəkildə davransa, heç bir qayda-qanun olmasa, bütün sistem dağılardı.
Sosial normalar fərqli formalarda ola bilər. Onları başa düşmək üçün üç əsas kateqoriyaya ayıraq:
1. Rəsmi normalar (qanunlar və qaydalar)
Bunlar hökumət və cəmiyyət tərəfindən açıq şəkildə yazılmış və qəbul edilmiş qaydalardır. Məsələn, yol hərəkəti qaydaları, vergiləri ödəmək, oğurluq etməmək kimi qanunlar. Bu normalara əməl etməyənlər hüquqi cəza alır.
2. İctimai normalar (gözlənilən davranış qaydaları)
Bunlar yazılmamış qaydalardır, amma onların pozulması sosial qınaqla nəticələnir. Məsələn, restoranda yemək yeyərkən səs-küy salmaq və ya bir məclisdə hamının sözünü kəsmək ədəbsiz davranış kimi qəbul edilir.
3. Mədəni və dini normalar
Fərqli cəmiyyətlərdə və mədəniyyətlərdə fərqli normalar mövcuddur. Məsələn, bəzi ölkələrdə insanların görüşərkən əl sıxması normaldır, bəzilərində isə salamlaşmaq üçün sadəcə baş əymək kifayətdir. Həmçinin, bəzi cəmiyyətlərdə qadınların müəyyən geyimlərdən istifadə etməsi normal sayılır, digərlərində isə bu, fərqli qəbul edilir.
Sosial normaların gücü bəzən yazılı qanunlardan belə üstün olur. Bir insan qanuna uyğun şəkildə davranıb normaları pozsa belə, ciddi sosial qınaqla qarşılaşa bilər. Məsələn, açıq-saçıq geyinmək bəzi ölkələrdə qanuni ola bilər, amma bu, həmin cəmiyyətdə normal sayılmırsa, həmin insan sosial təzyiqlə üzləşə bilər.
Bəs insanlar niyə sosial normalara tabe olur? İnsanlar sosial varlıqlardır və ətraf mühit tərəfindən qəbul olunmaq istəyirlər. Kiməsə qarşı çıxmaq, fərqli olmaq insanı tək hiss etdirə bilər. Nəzərə almalıyıq ki, bəzi normaları pozanlar cəmiyyət tərəfindən ciddi tənqid oluna bilər. Sosial mediada tənqid "atəşi"nə tutulmaq bu günün ən aktual nümunələrindən biridir. Bəzi normalar isə o qədər dərin kök salır ki, insan onları pozmağı ağlına belə gətirmir. Məsələn, avtobusda növbəyə durmaq bir çox cəmiyyətdə avtomatik qəbul edilən bir qaydadır.
Əgər sosial normalar bu qədər güclüdürsə, onları dəyişdirmək mümkündürmü? Tarixə baxsaq, bəli. Keçmişdə normal sayılan bir çox davranış bu gün qeyri-etik və ya yanlış hesab edilir. Məsələn, qadınların səsvermə hüququ olmadığı bir dövrdə bu normal idi, amma zamanla cəmiyyətlər inkişaf etdi və bu qayda dəyişdi. Eyni şeyi geyim normalarında da görürük. Bir vaxtlar Avropada qadınların şalvar geyinməsi qeyri-adi sayılırdı. İndi isə bu, tamamilə normaldır. Bu dəyişikliklər bəzi faktordan asılıdır. Cəmiyyətin inkişafı ilə insanlar daha rahat, azad və ədalətli qaydalara ehtiyac duyurlar. Həmçinin internet və sosial media insanların yeni ideyalarla tanış olmasına imkan yaradır. Bu, normaların daha sürətli dəyişməsinə səbəb olur. Tarixdə bir çox norma fərdi insanların mübarizəsi nəticəsində dəyişib. Məsələn, Martin Lüter Kinqin mübarizəsi sayəsində ABŞ-də irqi bərabərlik uğrunda böyük dəyişikliklər baş verdi.
Normaya uyğunlaşmalı, yoxsa onu dəyişməliyik?
Sosial normalar həyatımızın ayrılmaz hissəsidir və cəmiyyətin ahəngdar fəaliyyət göstərməsi üçün vacibdir. Amma hər bir insan düşünməlidir: bu normalar məni inkişaf etdirir, yoxsa məhdudlaşdırır? Bəzən cəmiyyətə uyğunlaşmaq lazımdır, çünki bu, harmoniyanı qoruyur. Amma bəzən də köhnəlmiş normaları dəyişdirmək üçün cəsarətli olmaq və yeni yollar açmaq vacibdir. Xatırlayaq: Cəmiyyəti formalaşdıran və normanı dəyişdirən elə biz insanlarıq!
Qiymət Mahir