Rusiya deputatı: Ukraynanın təxribatları sülh sazişindən sonra da davam edəcək – ÖZƏL
13:23 DünyaUkrayna Rusiya ilə sülh sazişi imzalasa belə, təxribatlarını davam etdirəcək, buna görə də Rusiya sərhədlərini möhkəmləndirməli və sərhədçilərin sayını artırmalıdır. Olaylar.az xəbər verir ki, bu fikri Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini Viktor Vodolatski TASS-a açıqlamasında bildirib.
"Əgər biz Ukraynanın yeni prezidenti ilə müəyyən müddətə və ya müddətsiz sülh sazişi bağlasaq belə, [Rusiyaya qarşı] təxribat cəhdləri davam edəcək. Çünki bu gün millətçilik ruhunda tərbiyə almış insanlar heç yerə yox olmayacaq və onlar ingilis, fransız və amerikalı xüsusi xidmət orqanları ilə birlikdə revanş və ya təxribat hazırlıqlarını davam etdirəcəklər", - deyə Vodolatski vurğulayıb.
Onun sözlərinə görə, bu amili nəzərə alaraq, Rusiya sərhədlərinin gücləndirilməsi, sərhəd xidmətinin əməkdaşlarının sayının artırılması və müşahidə sistemlərinin təkmilləşdirilməsi üzərində işləməlidir. Bu addımlar təxribatların və qeyri-qanuni keçidlərin qarşısını almağa imkan verəcək.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar baş tutub. Təxminən 9,5 saat davam edən müzakirələrin yekununda Ukraynanın 30 günlük atəşkəs təklifini qəbul etdiyi və ABŞ-nin Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi və yardımını bərpa edəcəyi barədə birgə bəyanat dərc edilib. Bundan başqa, tərəflər yeraltı sərvətlər üzrə sazişi tezliklə imzalamaq barədə razılığa gəliblər.