Təranə DƏMİR- ŞEİRLƏR

*

Bir dünya  da tapılmır
Bu Yerdən çıxam, Allah.
Bu kələfdən, düyündən,
Bu sirrdən çıxam, Allah.

Heç nəyə yox  həvəsim,
İçimdə susub səsim,
Məni  hayanda gəzim,
Özümdə  yoxam, Allah.

Bir canım var, min qəmim,
Buğda   qəmim,  dən qəmim,
Mənə haqq olub  qənim,
Düyünəm, dağam, Allah.

Dərd  üçün seçilmişəm,
Dərdimə biçilmişəm,
Böyüyüb kiçilmişəm,
Hələ  ki,  sağam, Allah.

Dörd  yanımız qurd, köpək,
Çığır, bağır, küy, kələk,
Qoymadılar  sevinək
Bu şeytan, xoxan, Allah.

Bir  dünya da tapılmır
Bu Yerdən çıxam, Allah.
Bu kələfdən, düyündən,
Bu sirrdən çıxam, Allah.

*

İnamımdan büdrəyib dəymədiyim zamanlardı ,
Hələ dünyanın tərtəmiz,  pak vaxtıydı,
Anamın nağıllarıyla ovunurdum hələ,
Hər  gecə göy üzündən ətək-ətək alma dərirdim,
Yuxuma ağ atlı oğlanlar girirdi,
Göyçək Fatmanın qismətinə düşürdü ögey bacının gözü,
Ayaqqabısı ayağına dar gəlirdi.
Hələ cırtdanlar divlərə papuc tikirdi,
Ölümə yuxarıdan aşağı baxırdım hələ.
Günəş də yerindəydi, Ay da, ulduzlar da,
Nənəmin laylası üstə qurulmuşdu bəxtəvərliyim,
Anamın səsindəydi bütün notlar.
Hələ ağaclar yaşıl donunu soyunmamışdı,
Hələ azadlıq  havasındaydı  adamlar, çiçəklər, otlar.
Dərdim böyümək idi bircə,
Böyüyüncə sığallanmaq, ətirlənmək, bəzənmək, 
Sonra ürəkdolusu sevmək, sevilmək.
Sonra bəs?
Sonra   inamımdan büdrəyib yıxıldım,
Sonra sınıb töküldü hər şey, hər kəs,
Bütün inanclar, bütlər.
Sonra ağ atlı oğlanlar atından düşdü,
Sonra  göyçək Fatmanın ayaqqabısını ögey bacıya geyindirdilər,
Sonra xəyanətlər başladı,
Sonra beşgünlük  sevgilər,
Sonra kirləndi bütün nağıllar, laylalar, türkülər...

*

Dünyadan  nakam  getmiş  Vüqarın  əziz  xatirəsinə. Hiss  etdiklərim  və yaşadıqlarım..

O gecə saatın əqrəbləri  
2 -nin üstündə  ilişib qaldı,
Tutub  çəkə bilmədim səhərə sarı.
Adını pıçıldadım  Göy  üzünə 
ən azı  min kərə   o gecə, 
Səni Tanrıya,  ulduzlara, aya, səmaya  tapşırdım,
Səsim  göy  üzündə  azdı.
Başımın  üstündə dayanıb  sakit-sakit 
üzümə baxdı qaranlıq, 
Kimsə Göy  üzünə    daş  atmışdı deyəsən, 
O gecə  pəncərəmdən  işıq  düşmədi. 
Kölgə xatirələr boylandı  zülmətin   dörd  tərəfindən,
Dolandım yarımçıq arzularının başına,
Çıxa bilmədim sənsizlikdən. 
Qaldım gecəylə səhərin arasındakı alatoranda,
Ümidlərim çilik-çilik olub 
töküldü  sənin otuz üç yaşına.

*

Gah  küləkdən, gah  yağışdan adlayıb,
Gah   enişdən, gah   yoxuşdan adlayıb,
Ürəyini  hərə bir cür odlayıb,
Ümidini  hərə bir cür qırıb  hey,
İçimdəki  qərib hey!

Göz  dikiblər  taleyinə , baxtına,
Od  vurublar "Ömür" adlı taxtına,
Həsrət  düşüb gözəl-göyçək  vaxtına,
Vüsalını  şaxta-sazaq  vurub hey,
İçimdəki  qərib  hey!

Doymayıblar  qeybətindən , qalından,
Qova-qova  döndəriblər  yolundan,
Yıxılanda  tutmayıblar  qolundan,
Addımbaşı  bir  xəyanət  görüb hey,
İçimdəki qərib hey!

Keçiriblər  min tənədən, qınaqdan,
Min qarğışdan, min nifrətdən, min ahdan,
Yorulanda hayıf  çıxıb  varaqdan,
Heça-heça nəfəsini  dərib hey,
İçimdəki qərib hey! 

*

Ürəyim  od  içindədi,
Baxışımı   çən aparır.
Misralarım yaz eşqində,
Saçlarımı  dən aparır.

Ayaqlarım  yol yorğunu,
Qollarım  göydən  asılıb.
İçimdə  təklik  ulayır,
Qulağım  küydən  asılıb.

Bilmirəm sağam,  ölüyəm,
Sükutam, səsəm, bilmirəm.
Dönmüşəm  dəli  küləyə,
Hayanda  əsəm, bilmirəm.

Gözlərim  yağışa  düşüb,
Kirpiyim  nəmdə üşüyür.
Kədərim  zilə  qalxıbdı, 
Sevincim  bəmdə  üşüyür.

*

Bütün  şəhər  sən qoxuyurdu  bü gün, 
Küləklərin  ağzında  uçurdu adın.
Günəş  səni  pıçıldayırdı  qulaqlarıma
Küçə-küçə, addım-addım.
Ləpirində  sevişirdi  qum  dənələri.
 saçların  barmaqlarımda ovunurdu,
Adın  dodaqlarımda  .
Şəhərə  düşmüşdü şəklin,
Səni  gözlərimə köçürürdüm
nöqtə-nöqtə, nida-nida...
Baxışlarım  kölgənə ,
Əllərim  ovuclarına qaçırdı.
Bu gün  unutmuşdu  bizi  bütün şəhər--
Adamlar, evlər,
Dükanlar, kafelər, 
Xəzəllər,  ağaclar, 
Maşınlar, tıxaclar, 
Yollar, küçələr,
Hasarlar,  sərçələr...

**"

Bir  gözüm  işıq  axtarır,
Bir  gözüm  gecədən  baxır.
Bir  gözüm  qapıda  qalıb,
Bir  gözüm  bacadan  baxır.

Səsimə səs  verən  yoxdu,
Vurnuxuram  öz  içimdə.
Hər  tərəf  ocaq  yeridi,
Üstüm-başım köz  içində.

Bu yuxu dar  ağacıdı,
Məni  gözümdən  asıbdı.
Qaranlıqdan  tuta-tuta 
Gəlib  gözümdə azıbdı.

Başımın  üstündə  ölüm
Dolanır dumansayağı.
Nə yaman ağırdı, Allah, 
Bu gələn günün ayağı.

*

Gözlərimin  qabağında
Can  verdi ərik ağacı.
Bu  həyətin,  bu bacanın,
Bu evin  çörək  ağacı.

Bu ağac  öz torpağından,
Daşından quruyub getdi.
Şaxtasından, sazağından,
Qışından quruyub  getdi.

Yıxildı  öz  ocağından,
Külündən yıxıldı  ağac.
Yarpağından, budağından,
Gülündən  yıxıldı  ağac.

Heç kimin  əli  gəlmədi, 
Özü  özündən  yıxıldı.
Yerin dibində  bitmişdi, 
Göyün  üzündən  yıxıldı.

*

Addım-addım  ölçürəm  şəhəri,
Kölgəm də  mənimlə addımlayır.
Ölçürəm adamları, yolları, maşınları,
Ağacları, binaları, səkiləri.
Qarğalar  məni addım  səslərimdən  tanıyır,
Kölgəmə  qaçır   yiyəsiz  küçə  itləri.
Başımın  üstündə  səma, 
Ayağımın  altında  torpaq  yeriyir.
"Kimsə arxamca  danışır" -
Qulağım  cingildəyir.
Addım-addım  keçirəm  şəhərin  tarixini,
Küçələri,  reklamları, 
Afişaları,  heykəlləri, şəkilləri...
İçimdə  tutub  saxlayıram nəfəsimi,
Ürəyim  ovcumda  döyünür.
Gözümün qabağında 
 rəng  verib rəng  alır adamlar,
 saxta  gülüşlərdən  diksinir 
 divarlar, daşlar,  ağaclar, quşlar.
Addım-addım  yeriyirəm  qaranlığın  üstünə,
Qürubun  şəkli  düşür  dənizə,
Nə yaxşı dəniz var...

*

Qeybdən  bir səda  gəldi,
Kimsə  adımı çağırdı.
Yüyürdüm adıma sarı,
Büdrədim, durdum, yıxıldım, 
Adıma çata  bilmədim.

Ürəyimi məşəl etdim,
Hamı yığıldı başına.
Hərə bir  daş atıb qaçdı,
Gücüm çatmadı daşıma,
Dadıma  çata bilmədim.

Əlim özümdən üzüldü,
Asılıb qaldım gümandan.
Ümid  etmədim  sabaha,
Qərq  oldum keçmiş  zamanda,
Vaxtıma  çata  bilmədim.

Sevgini dayazda tapdım, 
Dərində  tapmadım, neynim.
Tanrını Göydə axtardım,
Yerində  tapmadım, neynim, 
Baxtıma  çata  bilmədim.

BİR BİBİM VARDI...

Baxışlarından  ayrılıq,
Ayaqlarından yorğunluq  tökülən,
Kirpiklərindən daş asılan,
Əllərinin  qabarında  illərin ağrıları  göynəyən,
Səsində  kimsəsizlik  hönkürən,
Bəxtində  təklik   ulayan  bir  bibim  vardı.
Üstündə  əsərdi  xatirələrin,
Xəyallarında  yaşayardı  bəxtəvərliyi.
Hıçqırıqları içində  boğulardı,
Gecələrdi  sirdaşı.
Əli Yerdən üzüləndə Göydən  yapışardı,
"Allaha şükür" - deyərdi  hər  kəlməbaşı.
Boynunda  gəzdirərdi  dərdlərini,
Yerə  qoymazdı.
Suya  da,  dənə də  özü  qaçardı,
Heç kimə  qıymazdı.
Səssiz, səmirsizdi,
Qalsız, qeybətsizdi.
Barmağı  üzük, qulağı  sırğa  görməzdi.
Yaylıq  altında  gizlədərdi  saçlarını,
Bir dəfə  ürək açıqlığı  ilə hörməzdi,
Əli  gəlməzdi.
Ovucları  Tanrıya  uzalı,
Dili  dualıydı.
Kimsəyə deməzdi ürəyindən  keçənləri,
Abırlı, həyalıydı.
...Qışı sevməzdi.
Soyuqdan göm-göy  göyərən 
əllərini nəfəsiylə isidərdi.
Sirrini  heç kimə verməzdi, 
Şeytandan  qorxardı.
Yapışardı  dərdlərinin  ətəyindən,
Göyün altında, yerin üstündə  tək-tənha  vurnuxardı,
Qaçardı, yıxılardı, durardı,
Bir  bibim  vardı...

*

Körpə ayaqları  yer  tutmur  hələ,
Hələ ki,  divardan tutub  yeriyir.
Yorğun  atasının ovuclarında  
Qanayan  qabardan  tutub  yeriyir
Oynaya   bu uşaq, gülə  bu uşaq,
Hələ ki, düşməyib çölə bu uşaq.

Hələ  xəbərsizdi  ölüm  itimdən,
Hələ  gözlərində  sevinc  yaşayır.
Ana  qucağıdı Vətən  sandığı,
Hələ ki, yükünü  Vətən  daşıyır,
Hələ  çox  batacaq  külə  bu uşaq. 

Gələndən, gedəndən  öpüş  payı  var,
Hiylədən,  nifrətdən  keçməyib  hələ.
Bir  tikə  çörəkçün  el  qapısında
Tənədən, töhmətdən keçməyib hələ,
Hələ çox  düşəcək  dilə bu uşaq. 

Hələ ki,   divardan   tutub  yeriyir,
Hələ ki, qabardan  tutub  yeriyir,
Ayağı  altında  yer  qaçır  hələ.
Laylası  yerində, nazı  yerində,
Oynaya-oynaya  dil açır  hələ,
Çöldən  xəbərsizdi  hələ bu  uşaq, 
Hələ  çox dəyəcək  yerə bu uşaq. 

*

Qulu  Ağsəsə, Ağ  səs  Quluya..

Özü  demiş, "ağzı  kasıb evində  bağlanmış 
turşu  bankasıdı, 
İldə  bir  dəfə  açılar".
Sözü  urvatdan salanlardan deyil,
Amma  sözünə dil uzadanları  
elə sözüylə qamçılar.
Tanrıdan qorxmaz,
Üsyanında  da,  küfründə də Ona sığınar.
Sevgisi  bir adamlıqdı, (yenə  özü demiş),
Ona  görə Eşqdə ikinci adam  artıqdı.
Sözün  keşiyində dördgözlə dayanar,
(Eynəyinin arxasında  gizlədər narahatlığını,
Şəhid  atalarından utanar)
Namaz qılmaz, 
Oruc tutmaz,
(Allahı  aldatmağı  günah  sayar)
Amma  namaz qılmaq  olar ətəyində.
Adamı neçə qat işıqdan keçirib 
salar  ürəyinə,
Hər kəs sağ  çıxa bilməz söz  kötəyindən.
Hərdən tanımadığı ölkələrə,
Tanımadığı  adamlara  açar  sirrini,
Tanıdıqlarına  etibar etməz.
Gülüşündə  gizlədər  dərdini,
Sual  alar, sual  verməz.
Susa-susa sevər,
Sevə-sevə  susar.
Sükutunun  xofu basar  adamı,
Yüz  pozar, bir yazar,
Birdəfəyə  qərar  verməz.
Bircə balasındadı canı,
Canı sağ olsun.
Milyonlara  qoşulmaz heç vaxt,
Təklərin  içindən  çıxıb  axı.
Qınamıram,
İstəyir ki, hər yerdə başı dik gəzsin,
Üzü ağ olsun.
Ayda, ildə  bir dəfə gələr ilham   pərisi,
Sözü misqal-misqal  xərcləyər.
"Xəsislikdi" ən böyük günahı.
"Tənbəl"di bir az da,
Nə şöhrətə qaçar, nə ada,
Zamanla  ayaqlaşa  bilmir  həyat  tərzi.
Qaraladıqlarını ağa köçürməz --
Ağsəs  Qulu,
Qulu Ağsəs.
Fərq  etməz,
Onsuz da hayana çevirsən  eyni adamdı.
Bir də..
Bir də Vətən boyda  sevdası  var  könlündə,
Onunçun  hər yan Ağdamdı.

*

Yenə  qaranlıq  gecə,
Dünyanın  rənginə bax.
Başımın  üstündə  vaxt,
Yuxuyla  savaşıram,
Görək  kim  uduzacaq,
Salam, zülmətə  salam.

Qaranlığın  kölgəsi
Divar-divar dolaşır.
Gözümdə  xatirələr
Dərə  keçir, dağ  aşır,
Salam,  həsrətə salam.

Baxışlarım  yol çəkir,
Ürəyim  vaxtı  sayır.
Gecənin  ortasında
Kim isə  qulağıma
Bir  şeir  pıçıldayır,
Salam, xəlvətə salam.

Pəncərəmə tökülür
Ulduzlar  göy  üzündən.
Yavaş-yavaş yuxuya 
Uduzuram deyəsən,
Salam, heyrətə salam.

*

Alovun-közün  içində,
Torpağın-tozun  içində, 
Bu  qədər  sözün  içində
Bir  az da  ümid ver, Tanrım.

Götür  dar  köynəkdən  keçir,
Ağrıdan,  göynəkdən  keçir,
Min  dəfə    ələkdən  keçir,
Bir az da ümid  ver, Tanrım.

Yağışına, selinə qat,
Küləyinə, yelinə qat,
Bu  tələsən  vaxta  inad 
Bir az da  ümid  ver, Tanrım.

Baxma  gözümün  yaşına,
Baxma  ömrümün  qışına,
Çevir  səbrimin  başına,
Bir az da ümid  ver, Tanrım. 

*

Yanvar  yağışından asılıb qalıb iyundan qalan  arzular,
Üşüyür  bulud  evində.
Üstünü  şaxta örtüb, qırov basıb,
Didərgindi  yerlə göyün arasında.
Bir  himə bənddi çiliklənib tökülsün üzüaşağı  səma   yuvasından.
Amma  qorxusu  yoxdu heç nədən --
nə yağışdan, nə  küləkdən..
Yanvarın  boğazında  ilişib qalacaq uzaqbaşı, 
Şükür  hələ ki, diridi...
nə bilmək olar, 
 ölümlə olumun tən ortasında
bir də gördün gün çıxdı, buz əridi...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31