Kökdən gələn miras: Anadan nur, atadan zəhmət
10:56 SosialEldəniz Abdullayev Quzanlının ən məşhur simalarından biridir. Şöhrəti təkcə hazırda daşıdığı vəzifəyə görə deyil. O, elə gəncliyindən belə idi. Məktəbdə keçirilən bütün tədbirlərdə aparıcı şəxslərdən biri olardı. Gənclər təşkilatlarının işində çox fəal idi. Gənc yaşlarından milli azadlıq hərəkatına qoşulmuşdu.

Mənim az qala hər yazımda adını xoş sözlərlə çəkdiyim məşhur Şərqiyyə müəllimənin oğludur Eldəniz. Əlimizdən qələm tutmağı öyrətmiş əziz müəllimimiz, Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşı qızı Şərqiyyə Axundovanı deyirəm. Biz ibtidai sinifdə oxuyanda Eldənizgil yuxarı siniflərdə idi. Sonra Sovet ordusu sıralarına hərbi xidmətə yola düşdü. Şərqiyyə müəllimə Eldənizin hərbi xidmətindən danışmaqdan usanmazdı. Hər gün Eldənizlə bağlı bir fərəhli xəbərlə gəlirdi. "Eldəniz yazıb ki, boyum uca olduğuna görə məni sıranın önünə qoyublar", "Bu gün yazıb ki, hərbi hissə komandirinin qarşısında çıxış etdim".
İki qardaşı Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu Şərqiyyə müəllimənin. Böyük qardaşı Axundov Salman Süleyman oğlu 1944-cü ildə Ukrayna cəbhəsində həlak olmuş, digər qardaşı Tələt isə yaralanmışdı.

Kədərli gözləri hər zaman yol çəkən Şərqiyyə müəllimə bəlkə də həyatdan erkən köçmüş qardaşının iyini oğlundan alırdı. Kiçik oğlunu çox sevir, onunla daha çox məşğul olurdu. Eldəniz yaşıdları arasında o illərdə ali məktəbə daxil olan tək-tük gənclərdən biri idi. Kənd Təsərrüfatı İnstitutuna daxil olsa da onda daha çox ictimai işlərə maraq müşahidə olunurdu. Təşkilatçılıqda, idarəetmədə fitri istedadı vardı.
Ermənilər Qarabağda separatçı hərəkata başlayanda Quzanlının ən narahat insanlarından biri də Eldəniz idi. Bu hündür, gənc adamın rahatlığı pozulmuşdu sanki. Tez-tez rayon mərkəzinə gedər, daşnakların qanunsuz hərəkətlərinə etiraz mitinqlərində iştirak edər, kəndə də məlumat gətirərdi. O zaman kənd sakinləri, ağsaqqallar, fəallar Teyqubad kişinin dükanının qarşısına toplaşar, baş verənləri müzakirə edərdi. Eldəniz bəlağətli, səlist nitqi ilə baş verən hadisələri xırda detallarına qədər izah edər, sonda öz fikrini söyləyərdi.

Eldəniz müəllimin atası Cəlal kişi də ictimai fəallardan idi həmin dövrlərdə. Sovetlər zamanı hakim partiyanın üzvü olmuşdu. Bir ara Ağdamın məşhur simalarından biri, ölkənin ən qabaqcıl təsərrüfat başçılarından olmuş Sadıq Murtuzayevin də rəhbərlərindən biri olduğu Kəndli Partiyasının sıralarına da qoşulmuşdu. Bu barədə qarşısındakı asvalt meydançada pambıq qurudulan daşdan tikilmiş çardağın yanında suçularla etdiyi söhbətdə özü məlumat vermişdi.
Kəndin bacarıqlı təsərrüfat bilicilərindən biri, bizim tirənin təsərrüfat rəhbəri idi Cəlal dayı. Sovetin kəsəkəs vaxtı o qədər adamı kollektiv təsərrüfatda çalışdırmaq asan deyildi. Təsərrüfat briqadirinin səlahiyyət az, amma məsuliyyəti böyük idi. Səpin ləngidi, kolxoz sədri onu danlayırdı, suvarma gecikdi yenə danlaq yiyəsi o olurdu. Çox adam uzun müddət bu vəzifədə işləyə bilmirdi. Amma ən çətin adamla belə yola getməyi bacaran Cəlal dayı bu işin öhdəsindən məharətlə gəlirdi. Briqadirlik sanki onun üçün yaradılmışdı. Bizim tirənin girəcəyində tənha bir qadın yaşayırdı. Həyətini daim ot-ələf, kol-kos basardı. Çəpəri də daim uçuq, dağılmış olardı. O tənha qadının çəpərinin yanındakı ağacdan hazırlanmış köhnə elektrik dirəyinə bir kotan dəmiri asmışdılar. Cəlal dayı daşla o dəmiri döyəcləyən kimi pambıqçı qızlar evlərindən çıxar, onları sahəyə daşıyacaq yük maşınına yaxınlaşardılar. Yaşıdlarımız arasında o dəmiri "kilsə zəngi" adlandırırdıq.

Həyatımın 10 ili Cəlal dayı ilə ünsiyyətdə keçib. Olduqca həyat dolu, zəhmətkeş, hər kəsin dilindən anlayan biri idi Cəlal kişi. Payız aylarında cibi dolu qoz ləpəsi olardı. Özü də yeyər, bizə də ikram edərdi. Mənə qarşı çox mehriban və qayğıkeş idi hər zaman. Hətta bir dəfə böyük qardaşım xırda bir səhvimdən ötrü məni möhkəm danlayanda mənə qahmar çıxdı.
-O yeniyetmədir, olur belə şeylər. Sən gərək camaatın içində ona o sözü deməyəydin, qüruru var uşağın-deyə, qardaşıma bəlkə də ömrünün sonuna qədər unuda bilməyəcəyi dərsi verdi Cəlal dayı. Cəlal kişi işçini işlətməkdən ötrü bütün metodları sınaqdan çıxarırdı. Vəd verir, danlayır, bəzən də üstünə çığırırdı. Heç bir metodlar işə yarmayanda türklər demiş "küfr edirdi". Maraqlıdır ki, heç kim də ona kin saxlamırdı. Çünki özü danlayar, söyüb-söylənərdi, amma heç kimi satmazdı Cəlal kişi. Onun ən maraqlı və faydalı tərəfi torpağa bağlılığı idi. Arada düşünürəm ki, Cəlal Abdullayev kimi 100 işinə ürəkdən can yandıran fədakar, zəhmətkeş insan, təsərrüfat bilicisi olsaydı, bəlkə də ictimai bərabərlik quruluşu dağılmazdı. Kollektiv təsərrüfat dağılsa da, Cəlal dayının torpaqla könül bağı qopmadı. Ömrünün sonuna qədər pay torpağında əkdi, becərdi. Kəndin ən uzun ömürlülərindən biri idi Cəlal dayı. Bəlkə də onu 90 yaşa qədər yaşadan elə əlinin zəhməti, torpağa bağlılığı idi.
Onun ölüm xəbərini Bakıda eşitdim. Qəlbimi qəribə bir kədər sardı. Günün sonuna qədər işləyə bilmədim. Sanki keçmişimdən bir parça qopub düşmüşdü. Qohumluq bağımız yox idi onunla. Bəs torpaq qoxusu verən bu adamı mənə sevdirən nə idi? Bəlkə də əsas səbəb o idi ki, Cəlal dayı başqa təsərrüfat rəhbərlərinə bənzəmirdi. Onda nə feodal yekəxanalığı, nə də insanı iyrəndirən eqoizm vardı. Hə, o cür murdar xislətli təsərrüfat rəhbərli az deyildi bizim kolxozda. Pulla texnikum oxuyub rüşvətlə briqadir düzəlirdilər. İşçinin haqqını kəsir, camaata zülm edərək haram yolla varlanırdılar. Sonra da sadə insanlara yuxarıdan aşağı baxar, övladlarını da harın böyüdərdilər.
Amma Cəlal dayı tamam başqa adam idi. Övladlarına yaxşı təhsil vermişdi, özü kimi onları da zəhmətsevər, sadə və təvazökar böyütmüşdü. Zəhmətlə yoğrulan, əməyin tərbiyə etdiyi bu insan sona qədər sadə ömür sürdü, torpaqla nəfəs aldı, torpaqla yaşadı, torpaqla da qocaldı. Hərdən düşünürəm ki, Eldənizə oxumağa həvəs, savad anadan, əməksevərlik isə atasından keçmişdi. Gəncliyindən müxtəlif vəzifələrdə çalışsa da, kabinet adamı olmadı Eldəniz. İndi də kabinetdə az oturar, daim kənd caamatı ilə ünsiyyətdə olar, xeyirdən-şərdən qalmaz. Özü müharibə görüb deyə, qaziləri, şəhid ailələrini də diqqətdən kənarda qoymaz.
O və yaşıdları müharibəyə 1992-ci ilin yayında çağırılmışdı.
"Onda hamı ölüm yox, şərəf haqqında düşünürdü"
O günləri özü belə nəql edir:
"1992-ci il iyunun 4-də Quzanlı kəndindən təxminən 100 nəfər hərbi xidmətə çağırılmışdı. İyulun 4-də isə bizi çağırdılar.

836 nömrəli hərbi hissənin 1-ci batalyonuna gətirildik. Taborun komandiri "Komandos Yelmar" ləqəbli bir hərbçi idi. Hərbi hissə Novruzluda yerləşirdi. Çağırılanların çoxu yaşı 30-a qədər olan, hərbi xidmət keçmiş şəxslər idi. O zaman ölkə prezidentinin iki aylıq hərbi səfərbərliklə bağlı sərəncamı var idi. Ona əsasən bizi çağırmışdılar. 836 saylı hərbi hissənin 3-cü taboruna getdik. Cahid Cavadov adlı şəxs idi komandir. Hərbi hissə Çəmənlidə yerləşirdi. Təxminən 100 nəfər də biz idik. Hərbi hissənin 3 bölüyü vardı. Bölüyün biri demək olar ki, tamamən Quzanlıdan olan uşaqlar idi. Bölük və tağım komandriləri təyin edildi. Bölük komandirimiz Üzeyir adlı zabit idi. 2 il Sovet ordusunda xidmət etmişdim, kiçik çavuş rütbəsində idim. Mənə çavuş rütbəsi verib tağım komandiri təyin etdilər. Tağımda 12 əsgərim var idi. 3 gün təlimə apardılar, silahdan atəş açmağı məşq etdik. 4-cü gün postlara göndərdilər. O vaxt hərbi postlarımız Ağdamın Qalayçılar kəndinin yuxarısında idi. Qarşıda Ağdərənin Canyataq, Gülyataq kəndlərində erməni postları var idi. Çox təəssüf ki, hərbi nizam-intizam indiki kimi deyildi. Ordunu peşəkar adamlar idarə etmirdi. Könüllülər çox idi, onların sözü daha çox keçərli idi. Peşəkar zabitlərin sözü eşidilmirdi çox vaxt. Bizim hərbi hissə də elə idarə olunurdu. İyulun əvvəllindən avqustun sonuna qədər postda durduq. Çox isti aylar idi, bəzən günlərlə postlarda qalırdıq. Avqust ayının 20-də hücum əmr gəldi. O zaman belimdə revmatizm var idi, şiddətli ağrılarım olurdu. Hərbi hissənin tibb bacısı mənə iynə vururdu. Yaxınlaşıb komandirə dedim ki, belim ağrıyır, olar ki, mən bu gün döyüşə getməyim. Razı olmadı, dedi ki, bəs mən kiminlə gedim döyüşə? Elə bildi qorxuram. Sonra başa saldım ki, bu gün doğum günümdür. Ad günümdə ölmək istəmirəm. Razılaşmadı. Getdim, silahımı götürüb gəldim sıraya. 4.45 kalibrli güllə atan avtomat idi məndə. Zil-130 maşınına minib yola düşdük. Quzanlıdan 4 yoldaşla: Xaləddin Məmmədov, Adil Məhərrəmov və Süleyman Əliyevlə birlikdə hərəkət edir, bir-birimizi qoruyurduq. Birlikdə maşına mindik. 10 kilometr getdikdən sonra bizi düşürdülər. Qalayçılar kəndindən 8-10 kilometr dağın zirvəsinə qalxdıq. Döyüşə girməzdən öncə briqada komandiri məni önə çıxarıb dedi ki, bu əsgərin ad günüdür. Təbrik etdi, sonra dedi ki, sən qayıt, döyüşə getmə. Dedim ki, yox artıq biz dostlarımla yola çıxmışıq, qayıda bilmərəm...
Canyataq, Gülyataq kəndlərinə Yaqub Rzayevin batalyonu mərkəzdən hücum etmişdi, bizim 45 nəfərlik taborumuz Ağdərədən hücuma keçdik. Ermənilər "jilka" çəkib qumbara ilə tələ qurmuşdular. Zirvəyə çatmışdıq, iki partlayış oldu. Qumbara partlayışı nəticəsində 9 nəfər yaralandı. Yaralı yoldaşlarımıza tibbi yadım etdik, yaralarını sarıdıq. Komandir əmr verdi ki, bunları təcili aşağı düşürün. Hər yaralı əsgər iki nəfər aşağı düşürdü. 45 nəfərin demək olar ki, hamısı yaralılarla birgə aşağı düşdü. Yuxarıda 9 nəfər, bölük komandi Cahid Cavadov, Quzanlıdan mən, Fəxri Səlimov və 3 yeni çağırılmış əsgər qaldıq. Axşama qədər döyüş mövqelərini tərk etmədik. Axşam xəbər gəldi ki, Canyataq və Gülyataq kəndləri azad edilib. O döyüşlərdə Quzanlıdan Teymur Kərimov şəhid oldu. Onun nəşini bir gün sonra gətirib Quzanlıda dəfn etdik.
Ondan sonra aşağı düşdük. Postları 10 kilometr irəli çəkdik. Ağdərənin Mehmanə kəndi istiqamətində postlar qurduq. Sentyabrın 3-də əmr gəldi və Mehmanə kəndinə hücum etdik. Mehmanə kəndi uğrunda ağır döyüş getdi. Hücuma keçəndə bizi minamyotla atəşə tutdular. Yaxınlıqda partlayan mərminin qəlpəsi alnımı cızıb keçdi. Yüngül yaralanmışdım, tibb bacısı yaramı sarıdı. Yenidən döyüş əmri verildi, Mehmanə kəndinin ətrafında olan postları almalıydıq. Komandir alnımdakı sarığı görüb məni döyüşdən çıxarmaq istəyirdi, razı olmadım. Çünki o zaman heç kim ölüm haqqında düşünmürdü, hamı şərəf haqqında düşünürdü. Mehmanə kəndində də bizi atəşə tutduları. 250 nəfərlə postu ala bilmədik. Çünki düşmənin yaxşı mövqedə olan BMP-si bizi dayanmadan atəşə tuturdu. O texnikanı vura bilmədik..."
-Müəllim, döyüşə girəndə əvvəl hamı qorxur. "Qorxmadım" deyən bil ki səmimi danışmır. Amma zamanla barıt, qan qoxusuna öyrəşirsən. Döyüş sanki bir vərdişə, sənətə çevrilir-Eldəniz dalğın-dalğın davam edir.
Deyir ki, o zaman insanlarda hərbi vətənpərvərlik hisləri güclü idi.
-Hamı istəyirdi ki, döyüşə girsin, hünər göstərsin. Komandir gəlib 300 nəfəri sıraya düzüb dedi ki, bu gün 30 nəfər döyüşə gedəcək, kim könüllü olmaq istəyir çıxsın. 300 nəfərin hamısı irəli çıxdı. Çətin vəziyyətdə qalan komandir axırda özü seçdi döyüşə gedənləri. Həmin vaxt 30 nəfərin içərisində olmayanlar narazı qaldı, hətta ağlayan oldu.
İndi bunları danışıram, bəlkə də sənə qəribə gəlir. Amma həqiqətən də o zaman əhval-ruhiyyə elə idi. Xocalıdan sonra insanlarda düşmənə güclü nifrət yaranmışdı. Azərbaycan qisas hissi ilə alışıb yanırdı. Hər bir ölkə insanı da istəyirdi ki, o qisasda payı olsun. Əgər nizami ordunu o zaman qursaydıq, siyasi rəhbərlik ağıllı qərarla versəydi, biz heç məğlub olmazdıq. Böyük zəfəri 26 il gözləməli olduq. Müzəffər ordumuz işğal altındakı torpaqlarımızı azad etdi. Ömrümüzün ahıl çağlarına düşdü, amma yenə də qürurluyuq. İstər I, istərsə də II Qarabağ müharibəsində şəhid olan igidlərimiz, itkin düşən, yaralanan qəhrəmanlarımız ən gözəl sözlərə, ən yaxşı təriflərə, təltiflərə layiqdirlər...
Eldəniz I Qarabağ müharibəsində də fəallığı ilə seçilirdi. 44 günlük Vətən Müharibəsində Ağdam rayon İcra Hakimiyyəti Başçısının Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi olaraq arxa cəbhənin ən fəal təşkilatçılarından olub Eldəniz Abdullayev.

"Cəbhə xətti ilə cəmi 18-20 kilometr məsafə var idi. Müharibəyə bir neçə gün qalmış bütün həyətlərdə sığınacaq qazdıq. Texnika ayırdıq, işin üstündə durduq. Gecəmiz-gündüzümüz yox idi. O zaman gəlinim hamilə idi deyə, ona qoşub qadınları Bakıya yolda saldıq. Amma anam getmək istəmədi. Dedi ki, səni qoyub getməyəcəm... Hər gün raket atırdılar, artilleriya ilə vururdular kəndi. Mərmilərdən biri kəndin ortasına düşdü. Həmin vaxt yuxarı kəndlərdən 8 min insan sığınmışdı Quzanlıya. Siyahı tutmuşduq, hər gün 4 min nəfəri 3 öyün isti yeməklə təmin edirdik. Məktəb binlarında yerləşdirmişdik bizə sığınanları".
Quzanlıdakı Şəhidlər xiyabanının yerini də Eldəniz müəyyən edib:
"Tapşırıldı ki, əziz şəhidlərimizin dəfni üçün uyğun yer ayıraq. Bələdiyyə sədri ilə məsləhətləşib indiki yeri müəyyən etdik. 10 hektardır Quzanlı qəbristanlığının ərazisi. Qarış-qarış gəzdik, indiki yeri seçdik. Hindarx-Borsunlu yolunun üstündə yerləşən Şəhidlər xiyabanı həm kəndə yaxındır, ziyarət üçün də rahatdır".
Eldəniz deyir ki, 44 günlük savaşda ən çətin anları şəhidlərin dəfni zamanı yaşayıb:
"Cəbhədən qələbə xəbərləri gəlirdi, hamının əhvalı yüksək idi.
Torpaqlarımız azad edilirdi, amma gülü burnunda fidan balalar şəhid olurdu. Quzanlı məzarlığında uyuyan bütün şəhidlərin vida mərasimində, dəfnində iştirak etmişəm. Çox ağır idi mənim üçün. Cəbhə xəttində, atəş altında işləmək çox çətin idi, gərgin idi. Amma inanın ki, öz vəziyyətimizi heç düşünmürdük. Hamı, bütün el-oba, xalq səfərbər olmuşdu, qələbəyə köklənmişdi. Çox şükür ki, o gərgin günlər arxada qaldı, böyük zəfərin sevincini yaşaya bildik".
Hərdən düşünürəm ki, bizim Şərqiyyə müəllimin əziz-xələf oğlu Eldənizi istər birinci Qarabağ savaşında qan qoxuyan səngərlərdə ölüm qusan güllələrdən, istərsə də 44 günlük savaşda qandan-qadadan, oddan alovdan elə anasının duası qoruyub. O ananın ki, cavan yaşında rus-alman müharibəsində həlak olmuş qardaşının nisgili ilə yaşayırdı.
Nisgillə yaşayan anaların duası isə bəzən ölüm saçan güllələrdən, mərmidən belə təsirli olur.

Elman Cəfərli