“Formula 1”lə əlaqədar sabahdan Bakıdakı universitetlərdə dərslər distant olacaq

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.

Nazirliyin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Xatırladaq ki, Formula 1" Azərbaycan Qran-Prisi zamanı yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.

Belə ki, ilk məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31