UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitet kollektivi, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Açılışdan öncə tədbir iştirakçıları UNEC-in şəhid olmuş 48 tələbə və məzununun xatirəsinə ucaldılmış Memorial Abidə Kompleksinin önünə əklil və gül dəstələri düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin rəsmi açılışında şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Anım Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək Anım Gününün şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi baxımından xüsusi məna daşıdığını qeyd edərək əbədi yaşayan qəhrəmanların gələcək nəsillərə ötürdükləri mənəvi dəyərlərdən danışıb: "Biz millət olaraq, keçmişimizi unutmamağımız və gələcəyimizi xoşbəxt qurmağımız üçün şəhidlərimizi daim anmalıyıq. Şəhidlərimiz bizə dəyərlər dərsi verdilər, onlar öz gələcəyini millətinin gələcəyinə çevirdilər. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda quracağımız cənnət şəhidlərimizin xatirəsinə ucaldılmış ən böyük abidələrdən biri olacaq", - deyə rektor diqqətə çatdırıb.

Tədbirdə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin Abşeron rayon filialının sədri, ehtiyatda olan zabit Süleyman Cəfərov tərəfindən rektor Ədalət Muradova "Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə" Təşəkkürnamə təqdim edilib.

Şəhid Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxışında oğlunun Vətəninə və dövlətinə sonsuz bağlılığından danışıb. O, Teymurun əziz xatirəsinin ailəsi ilə yanaşı, təhsil aldığı doğma UNEC-də də daim yaşayacağını bildirib.

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin II kurs tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı, qazi Vüsal Yaqubov isə çıxışında məcburi köçkün ailəsində dünyaya göz açdığını, ata-baba yurdu olan Qubadlıya qalib əsgər kimi qayıtmağın ona böyük qürur hissi yaşatdığını deyib. 19 yaşında "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən Vüsal Yaqubov şəhid valideynlərinin itirdikləri övladlarının timsalında xalqın sevgisi və ehtiramı ilə minlərlə oğul qazandıqlarını vurğulayıb.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Maliyyə və mühasibat fakültəsinin tələbələri Rəfiqə Caniyeva "Mən Şəhidəm, ölməmişəm", Nərgiz Talıbova "Şəhidlər", Mühəndislik fakültəsinin tələbəsi Reyhanə Əliyeva "Qarabağ artıq azaddır", İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şəhanə Musayeva "Şanlı bir gün, şanlı tarix", Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Röya Məmmədova isə "Azərbaycan əsgəri" şeirlərini səsləndiriblər.

Qiyabi və əlavə təhsil mərkəzinin tələbəsi Məhəmməd Əliyev "Xudayar" təsnifini və "Şuşanın dağları" mahnısını, Magistratura Məktəbinin tələbəsi Elxan İsgəndərov "Qarabağ", Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Nadir Əzimli isə "Ey Vətən" mahnısını ifa ediblər.

Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə hazırlanan "Səninlə qürur duyuram" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Anım Gününə həsr olunan tədbir "Eşq olsun Azərbaycan Ordusuna!", "Yaşasın Azərbaycan!" şüarları və alqış sədaları ilə başa çatıb.

Video: https://www.youtube.com/watch?v=RggIvq3ML98&t=19s

UNEC-də 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31