ABŞ 21 trilyon dollarlıq yeni investisiya razılaşmaları əldə edib – Tramp

ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladığı vaxtdan etibarən dünyanın hər yerindən ABŞ-yə 21 trilyon dollar məbləğində yeni investisiya qoyuluşu üzrə razılaşmalar əldə edib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Biz əvvəlki administrasiyanın dörd il ərzində əldə etdiyi 1 trilyon dollardan az məbləğlə müqayisədə dünyanın hər yerindən 21 trilyon dollar məbləğində yeni investisiya öhdəlikləri əldə etmişik", - deyə o qeyd edib.

Trampın sözlərinə görə, ABŞ iqtisadiyyatı "bütün dünyanın həsəd apardığı" iqtisadiyyatdır və investisiya fəallığının artması onun administrasiyasının, o cümlədən tənzimləmələrin liberallaşdırılması və vergilərin azaldılması ilə bağlı gördüyü tədbirlərlə əlaqəlidir.

"İlk gündən administrasiyam Amerikada biznes fəaliyyəti üçün bütün lazımsız tənzimləmə normalarının və maneələrin aradan qaldırılması istiqamətində çalışıb", - deyə o bildirib.

Tramp həmçinin bildirib ki, onun administrasiyası ABŞ tarixində ən böyük vergi azaldılmasını həyata keçirib və əlavə edib ki, hazırda ABŞ-yə əvvəlkindən daha çox vəsait yatırılır.

ABŞ Prezidentinin sözlərinə görə, son 12 ay ərzində Amerika fond bazarları 80 dəfə tarixi maksimumlarını yeniləyib.

O həmçinin bildirib ki, vəzifəyə başladığı vaxtdan ABŞ-də özəl sektorda 1 milyondan çox yeni iş yeri yaradılıb, ev təsərrüfatlarının real gəlirləri isə orta hesabla rekord səviyyəyə - 87 min dollara çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31