Azərbaycan kimin üçünsə istəyəndə gəlib fəaliyyət göstərə biləcəyi yer deyil - ÖZƏL

"Bilirsiniz, son vaxtlar Rusiyada guya qanunları dəyişib, sivil bir cəmiyyət yaratmağa cəhd göstərirlər və bunun nəticəsində də, özəlliklə də azərbaycanlılara qarşı miqrant ovuna başlayıblar. Adi bir qanun pozuntusuna görə adamları həbsə atırlar, ölkədən qovurlar, hətta azərbaycanlıları vətəndaşlıqdan çıxarırlar".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Uzun illər Rusiya vətəndaşı olan azərbaycanlını məhz etnik mənsubiyyətinə, milli kimliyinə görə vətəndaşlıqdan çıxarırlar və bunun fonunda da bu dövlət utanmadan, qızarmadan Azərbaycan Respublikasında "Rossotrudniçestvo" deyilən casus şəbəkəsinin "Rus evi" adı altında fəaliyyətini illərdir təşkil edib. Təsəvvür edin ki, bunlar heç qeydiyyatdan keçməyə belə lüzum görməyiblər və fəaliyyətlə məşğul olublar. Həqiqətən də bu dəhşətli bir şeydir. Yəni sən nə qədər özündən razı, saymaz olmalısan ki, gəlib bir dövlətin içində öz dövlətinin, dövlət qurumunun bir subyektini qurasan. Yəni bunlar bu qədər həyasız bir gediş ediblər. Əlbəttə ki, Azərbaycan dövləti də özünə hörmət edən dövlətdir. Düşünürlər ki, yəqin ki, bunlar müvafiq şəkildə qanunla qeydiyyatdan da keçəcəklər, qanun çərçivəsində fəaliyyət göstərəcəklər. Amma anlaşılan budur ki, bunlar heç bunu düşünmürlərmiş. Ona görə də Azərbaycan dövləti rəsmi şəkildə "Rus evi"nin bağlanması, ümumiyyətlə, "Rossotrudniçestvo"nun Azərbaycanda fəaliyyətinin dayandırılması üçün müvafiq addımlar atır və düz edir, bunu çoxdan etmək lazım idi. Rusiya özü üçün böyük dövlət ola bilər, amma bizim üçün ən böyük dövlət  Azərbaycan dövlətidir və bu dövlətin torpaqları içində hər kəs bizim dövlətimizin qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Eyni zamanda biz onu da araşdırmalıyıq ki, bu "Rus evi"nə öz obyektini icarəyə verən kimdir və necə olub ki, o rəsmi dövlət qeydiyyatı olmayan xarici bir quruma öz obyektini icarəyə verə bilib? Hansı müqavilələr bağlanılıb, necə bağlanılıb, kimin adı altında bağlanılıb? Dövlətə bunun üçün vergilər ödənilibmi? Yəni bütün bunlar mənə elə gəlir ki, araşdırılmalıdır və müvafiq şəkildə o qurumlara yeri göstərilməlidir. Ümumiyyətlə, Azərbaycan kimin üçünsə kefi istəyəndə gəlib fəaliyyət göstərə biləcəyi bir yer deyil. Hər kəs bu dövlətin qanunlarına boyun əyməlidir, başqa cür də mümkün deyil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31