Haaqada etiraz aksiyaları ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib
19:34 DünyaGözlənilən gənclər etirazları və kütləvi iğtişaşların baş verməsi təhlükəsi fonunda Haaqa şəhərinin mərkəzində gücləndirilmiş polis qüvvələri patrul xidməti həyata keçirir. TASS-ın müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər küçələrində piyadaları seçmə qaydada yoxlayırlar.
Mərkəzi rayonda kütləvi iğtişaşlarla mübarizə bölməsinə məxsus onlarla avtomobil, eləcə də velosipedli polis patrulları növbə çəkir. Gənclərin spontan qruplarının nümayiş keçirməyə çağırışlar etdiyi Maliveld meydançası ərazisində polis üzlərini maskalarla gizlədən bir neçə nəfəri saxlayıb.
Şəhərin mərkəzindəki Pleyn meydanında yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 15:00) əvvəllər mağazaları mümkün qarətlərdən qorumaq niyyətində olduqlarını bəyan etmiş "ADO Den Haaq" futbol klubunun bir neçə onlarla azarkeşi toplaşıb. Sonradan onların əksəriyyəti Maliveld ərazisinə keçib.
Əsas ticarət küçələrində mağazalar mümkün iğtişaşlardan qorunmaq üçün qabaqlayıcı tədbirlər görüblər. Belə ki, Primark, Guess, Tommy Hilfiger və Stradivarius geyim mağazalarının, eləcə də Decathlon idman mağazasının və MediaMarkt elektronika hipermarketinin vitrinləri faner lövhələrlə bağlanıb. Apple texnika mağazası, həmçinin ICI Paris XL kosmetika və parfümeriya mağazaları şəbəkəsinin supermarketləri də daxil olmaqla, bir neçə ticarət obyekti təhlükəsizlik səbəbindən fəaliyyətə başlamayıb.
Oktyabrın 29-da GeenStijl portalı xəbər verib ki, Niderlandın sosial şəbəkə seqmentində oktyabrın 31-də ölkədə Fransada baş vermiş son hadisələrə bənzər iğtişaşlar törətməyə çağırışlar, eləcə də kral ailəsinə ünvanlanan təhdidlər yayılır.
Qeyd olunub ki, Telegram messencerində gənclərin etiraz aksiyalarını dəstəkləyən qruplardan birində şənbə günü partlayıcı qurğular və pirotexniki vasitələrdən istifadə etməklə aksiya keçirməyə, polisləri daşlamağa və "Hellouin bayramı kostyumlarında" mağazaları qarət etməyə çağırışlar yer alıb.
GeenStijl-in iddiasına görə, digər qruplarda isə Haaqada Niderland parlamentinin binasında partlayış törətməyə, eləcə də kral ailəsinin üzvlərini öldürməyə çağırışlar yayılıb.
KİV-lər nümayişin keçirilməsi üçün ehtimal olunan məkanlar kimi Haaqada hökumət məhəlləsinin yaxınlığındakı Maliveld meydançasını və Amsterdamdakı Dam meydanını göstəriblər.