Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
15:49 SosialAzərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiya qaydasında başqa vəzifəyə keçirilməsi üçün hüquqi əsas yaradılması təklif olunur. Yeni mexanizm kadr potensialından daha səmərəli istifadəni, peşəkar idarəetmənin inkişafını və korrupsiya risklərinin qabaqlanmasını hədəfləyir.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri yuxarı vəzifəyə keçirildikdə, ailə vəziyyətinə, səhhətinə və yaş həddinə görə, rotasiya qaydasında, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında əyani təhsil müəssisələrinə qəbul olunmaları ilə əlaqədar vəzifədən azad edildikdən sonra təhsillərini başa vurduqda başqa işə keçirilə biləcəklər.
Bundan başqa, ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilmə mümkün olmadıqda, attestasiyanın nəticələrinə görə əməkdaşın tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə və intizam tənbehi qaydasında aşağı vəzifəyə keçirilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərə görə, yuxarı vəzifəyə və ailə vəziyyətinə görə başqa işə keçirilmə əməkdaşın razılığı əsasında həyata keçiriləcək. Digər hallarda yerdəyişmə qanunvericiliklə müəyyən edilən müvafiq əsaslara uyğun aparılacaq.
Layihədə rotasiyanın keçirilməsi qaydasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi də təklif olunur. Bununla rotasiyanın vahid meyarlar əsasında, planlı və ardıcıl həyata keçirilməsi üçün hüquqi zəmin yaradılır.
Arayışda qeyd olunub ki, rotasiya dövlət idarəçiliyində əməkdaşların bilik və bacarıqlarından daha geniş istifadə olunmasına, müxtəlif struktur və ərazi bölmələri arasında təcrübə mübadiləsinə, peşəkar səriştələrin inkişafına və idarəetmə təcrübəsinin vahidləşdirilməsinə xidmət edən kadr idarəçiliyi mexanizmidir.
Gömrük orqanlarında bu mexanizmin tətbiqinin məqsədi müxtəlif struktur və ərazi vahidlərində toplanmış bilik və təcrübənin qarşılıqlı ötürülməsi, idarəetmə standartlarının vahidləşdirilməsi, yeni səriştələrin formalaşdırılması və müxtəlif vəzifələrdə uzunmüddətli dəyişməzliyin mənfi nəticələrinin qarşısının alınmasıdır.
Sənəddə bildirilib ki, gömrük orqanları dövlət qulluğunun xüsusi növü üzrə fəaliyyət göstərdiyindən rotasiyanın tətbiqi zamanı xüsusi rütbələr, xidmətin fasiləsizliyi, sərhəd-keçid və gömrük nəzarəti rejimi kimi xüsusiyyətlər nəzərə alınmalıdır. Bu səbəbdən gömrük xidmətində rotasiyanın ayrıca hüquqi tənzimlənməsinə ehtiyac var.
Arayışda həmçinin qeyd edilib ki, rotasiya beynəlxalq gömrük idarəçiliyi təcrübəsinə, o cümlədən Ümumdünya Gömrük Təşkilatının insan resurslarının idarə edilməsi üzrə yanaşmalarına uyğundur.
Qanun layihəsinin hazırlanması dövlət qulluğunun inkişafına dair strateji sənədlərdə nəzərdə tutulan hədəflərlə də əlaqələndirilib. Belə ki, dövlət qulluqçularının potensialından səmərəli istifadə, onların xidməti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət orqanlarının kadr tələbatının təmin edilməsi məqsədilə rotasiyanın tətbiqi mühüm istiqamətlərdən biri kimi müəyyən edilib. Müvafiq normativ mexanizmin yaradılması həmin strategiyanın həyata keçirilməsinə dair fəaliyyət planında da nəzərdə tutulub.
Layihənin qəbulunun gömrük orqanlarında kadrların qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə, peşəkarlığın artırılmasına və xidmətin təşkilinin təkmilləşdirilməsinə hüquqi zəmin yaradacağı gözlənilir.