Nəzarətsiz dərman istifadəsi şəfa deyil, zərər verir
7 Fevral 21:49 SosialOrqanizmdə hər hansı bir funksiyanın qarşısının alınması, diaqnostikası, müalicəsi və ya dəyişdirilməsi məqsədilə istifadə edilən dərmanlar kimyəvi, bioloji və bitki mənşəli məhsullardır ki, onlar lazımi dozada və tezliyində, lazımi məqsədlə istifadə edilməlidir. Lazım olandan çox dərman istehlakı, hətta düzgün məqsəd üçün olsa belə, dərmanın müalicəvi təsirini itirməsinə və bədənə böyük zərər verməyə səbəb ola bilər. Müəyyən bir müalicə üçün tətbiq olunan dərmanın faydalı təsir göstərməsi və məqsədyönlü müalicəni tətbiq etməsi üçün rasional dərman İstifadəsi prinsiplərinə əməl edilməlidir.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də yanlış və lazımsız dərman istifadəsi xalqın sağlamlığına və müalicə xərclərinə böyük təsir göstərir. Xüsusilə yaşlı xəstələrdə polifarmiyanın (çoxlu dərmanların istifadəsi) yayılması səbəbindən irrasional dərman istifadəsinə tez-tez rast gəlinir.
Ölkəmizdə yaşlı xəstələrin reseptsiz istifadə etdiyi dərmanların 40-60 faizi ağrıkəsici, qəbizlik dərmanları və vitaminlərdir. Yaşlı xəstələr çox vaxt istifadə etdikləri bitki mənşəli məhsullar və vitaminlər barədə həkimlərinə və ya əczaçılarına məlumat vermirlər. Bununla belə, bu cür qeyri-dərman qida əlavələri də dərmanlarla qarşılıqlı təsir göstərir və arzuolunmaz təsirlər müşahidə olunur. Bundan əlavə, yaşlıların tez-tez istifadə etdiyi mərkəzi sinir sistemini depressantlar, antibiotiklər, ağrıkəsicilər, qan durulaşdırıcılar, təzyiq dərmanları, tənəffüs yollarını açıcılar, sidikqovucular və qan şəkərini azaldan dərmanlar digər dərmanlarla qarşılıqlı əlaqədə olur və ciddi yan təsirlərə səbəb olur. Yaşlılarda ən çox görülən yan təsirlər depressiya, çaşqınlıq, narahatlıq, yaddaş itkisi, qeyri-iradi hərəkətlərə səbəb olan xəstəliklər, qəbizlik və sidik qaçırmadır.
Dərmanlar bəzi xəstəliklərdə kifayət qədər həyat qurtarır. Bir çox xəstəlik prosesinin müalicəsində xəstələrin sağalması üçün həkimlər tərəfindən reseptli dərmanlar təklif edilir. Ancaq bu nöqtədə nəzərə alınmalı çox vacib məqamlar var.
Bəzi insanlar dərmanın tərkibindəki maddələrə allergik ola bilər. Dərman allergiyası, xüsusən də penisilin allergiyası daha tez-tez baş verir. Şəxs allergiya məlumatını həkimi ilə paylaşmalıdır. Əks halda dərman zəhərlənməsi kimi təhlükəli vəziyyətlər yarana bilər.
Dərman zəhərlənməsi yalnız dərman allergiyasına görə baş verən bir vəziyyət deyil. Şüursuz dərman qəbulu nəticəsində insanlarda zəhərlənmə riski də var. Dərmanların həkim nəzarəti xaricində istifadəsi insanın sağlamlığına mənfi təsir edən bir vəziyyətdir. Qida və vitamin əlavələri, eləcə də şüursuz istehlak edilən dərmanlar böyük risklər daşıyır. Xüsusilə insanlar bu növ əlavələri və dərmanları dozadan artıq istifadə edərlərsə, dərman zəhərlənməsi kimi problemlərin yaranması riski ilə üzləşirlər. Bu səbəblə həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməməkdə diqqətli olmaqda fayda var.
Dərmanların tərkibində birdən çox komponent və aktiv maddə var. İstehlak olunan hər bir dərmanın qutusunda məlumatlandırma kağızı var. Bu kağızlar bir çox insanlar tərəfindən diqqətdən kənarda qalsa da, əslində orada çox vacib məlumatlar var. Burada dərmanın tərkibində olan aktiv maddələr və dərman istifadəsi nəticəsində yarana biləcək əlavə təsirlər yazılır. Bu məlumat insanlara dərman istifadəsi zamanı yarana biləcək problemlər haqqında məlumat vermək məqsədi daşıyır.
İstənilən müalicə üçün düzgün dərman seçimi dərmandan rasional istifadənin ilk vacib məqamıdır. O zaman demək olar ki, nəzərə alınmalı olan məqamlar dərmanın lazımi miqdarda, doğru zamanda və düzgün qəbul yolu ilə verilməsidir.
Dərman müəyyən bir xəstəliyin müalicəsində nə qədər təsirli olsa da, rasional dərman istifadəsi prinsiplərinə uyğun istifadə edilmədikdə, müalicəvi effekti olmayacaq, əksinə, bir çox toxuma və orqanlara ziyan vuracaq, xüsusilə də immunitet sisteminə. İmmunitet sistemini antibiotiklər və buna bənzər dərmanlarla boğmaq orqanizmin müdafiəsini azaldır, insanı xəstəliklərə qarşı həssas edir. Odur ki, istifadə olunacaq dərman əvvəlcə həkim tərəfindən təyin edilməli, sonra isə doza və tətbiq tezliyinə diqqət edərək həkimin təyin etdiyi müddətdə tətbiq edilməlidir.
Bədənin sağlamlığının qorunmasına cavabdeh olan immunitet sistemi bədəndə inkişaf edən hər hansı bir xəstəlik və ya funksional pozğunluq halında bədəni müxtəlif antikorlarla qorumaq üçün çalışır. İmmunitet sistemindəki antikor növləri, orqanizmə zərərli olan bütün orqanizmlərə və toksinlərə qarşı müdafiə inkişaf etdirərək insanı xəstəliklərdən qorumaq məqsədi daşıyır. İmmunitet sistemi allergik xəstəliklərə, bakterial infeksiyalara və viral xəstəliklərə qarşı effektiv müdafiəni təmin etmək və orqanizmi bu xəstəliklərdən uzaq tutmaq üçün kifayət qədər müqavimət göstərməlidir. Müqavimət qabiliyyəti azalan immun sistemi insanı xəstəliklərə qarşı həssas edir və sağlam orqanizm funksiyalarının pozulmasına səbəb olur. Bu səbəbdən immun sistemi düzgün bəslənmə və idmanla dəstəklənməli, immun sistemini bastıran səhv dərman tətbiqlərindən qaçınılmalıdır.
Bədənin xəstəliklərə qarşı müdafiə sistemi xəstəlik törədənin orqanizmə daxil olduğu andan etibarən sürətlə inkişaf edən müdafiə mexanizmi yaradır. Müxtəlif anticisimlərin və xəstəliyə səbəb olan antigenlərin bədəndən çıxarılmasını təmin edən bu sistem, müxtəlif xəstəlik törədiciləri ilə qarşılaşdıqda onlara qarşı müdafiə inkişaf etdirir və bədənin davamlı olaraq qorunmasını təmin edir.
Lakin xəstəlik törədənləri orqanizmdən çıxarmaq və xəstəliyin müalicəsi üçün istifadə edilən antibiotiklər və buna bənzər dərmanlar həkim məsləhəti olmadan istifadə olunduqda immun sisteminin həmin xəstəlik törədicisinə qarşı lazımi müdafiə və inkişafı təmin etməsinə mane olur. İmmunitet sisteminin kifayət qədər müqavimət göstərə bilmədiyi hallarda müalicə və ya xəstəliklərdən qorunmaq üçün istifadə ediləcək dərmanlara üstünlük verilməli, daha sonra immunitet sistemini dəstəkləyəcək üsullar tətbiq edilməlidir.
Dərmanların həddindən artıq istifadəsi immunitet sistemini sıxışdırır və digər orqan və sistemlərə də bir çox mənfi təsir göstərir.
Ağrıkəsicilərin intensiv istifadəsi mədədə və həzm sisteminin digər orqanlarında müxtəlif problemlər yaradır. Mədəni müxtəlif zədələrə, yoluxucu xəstəliklərə və toxuma zədələnmələrinə qarşı qoruyan mədə selikli qişası həddindən artıq miqdarda ağrıkəsici qəbul etməklə zədələnir və bu vəziyyət mədədə qanaxma, xora və şiddətli ağrılara səbəb olur.
Ağrı kəsici və antibiotiklərin şüursuz istehlakı da qaraciyərə böyük mənfi təsir göstərir. Qaraciyər funksiyası testlərinin pisləşməsi ilə başlayan bu sağlamlıq problemi qaraciyər çatışmazlığı kimi çox daha böyük problemlərə yol aça bilər.
Şüursuz dərman istifadəsindən çox təsirlənən bir başqa orqanın da bağırsaqlar olduğu söylənilə bilər. Lazım olduğundan çox dərman qəbul etmək bağırsaq sisteminin fəaliyyətini pozur və uzun müddətli xroniki ishal problemlərinə səbəb olur.
Əsasən kimyəvi tərkibli işlənmiş dərmanlar böyük miqdarda istifadə edildikdə onların orqanizmdən xaric edilməsi çətinləşir və böyrək metabolizminə mənfi təsirlər yaranır. Uzun müddət ərzində böyrək funksiyasını əhəmiyyətli dərəcədə poza bilən və hətta böyrəklərin itirilməsinə səbəb olan ağrıkəsicilərin və buna bənzər dərmanların yalnız həkim nəzarəti altında və zəruri hallarda istifadə edilməsi tövsiyə olunur.
Göründüyü kimi, hər nə qədər sağlamlığımızın bərpa edilməsində dərman vasitələri köməyimizə çatsa da, hər şeydə olduğu kimi onların da həddindən artıq istifadəsi problemlərə gətirib çıxarır.
Dərmanlar nəzarətli şəkildə istehlak edildikdə sağaldan məhsullardır. Əks halda, onların faydadan çox zərəri ola bilər. Dərman istifadəsi üçün diaqnoz qoyulmalıdır. Yəni dərmanlar həkim müayinəsindən sonra reseptlə istifadə edilməlidir. Bu mövzuda sağlamlıq işçiləri, əczaçılar da olduqca diqqətli olmalı, reseptsiz satışa çıxarılan dərmanlar xaricində heç bir dərman vətəndaşlara reseptsiz təqdim edilməməlidir. Bütün hallarda dərman istifadəsi üçün mütləq həkimlə məsləhətləşməli, buna imkan olmadığı təqdirdə isə əczaçılardan yardım alınmalıdır.
Röyalə Xəyal