“Evlənsə, düzələr”: Cəmiyyətin xəyali sağalma yolu

Hərdən insanların ən çətin psixoloji durumlarında və ya ciddi asılılıq problemləri ilə mübarizə apardıqları zaman, cəmiyyət tərəfindən eyni ifadə ilə qarşılandığını görürük: "Evlən, düzələcəksən". Bu yanaşma, xüsusilə də ailə böyükləri arasında geniş yayılsa da, əslində həm məntiqsiz, həm də məsuliyyətsiz bir qərar verməyə səbəb olur. Bu aşkar şəkildə başqa bir insanın həyatını təhlükəyə atmaq deməkdir. "Evlənsə, düzələr" - məsuliyyətdən yayınmaq üçün cəmiyyətin yaratdığı uydurma formul.

Cəmiyyətdə dərin kök salmış bu ifadə, bir çox halda mövcud problemləri çözmək əvəzinə onları daha da ağırlaşdırır. "Evlənsə, düzələr" düşüncəsi, xüsusilə də ailələrin "imic qorumaq" arzusu ilə ortaya çıxır. Məsələn, psixoloji xəstəlikdən və ya alkoqol, narkotik, hətta qumar kimi ağır asılılıqlardan əziyyət çəkən insanlar ətrafdakıların gözü qarşısında "normal" görünmək üçün tələm-tələsik evləndirilməyə çalışılır. Problemli fərdin sosial həyatda qəbul edilməsi üçün qurulan bu ailələr, əksər hallarda uğursuzluqla nəticələnir.

Məsələnin həssas tərəfi odur ki, ailə qurmaq qərarı tək bir fərdin psixoloji vəziyyətini düzəltmək üçün verilmir. Bu, iki fərdin ortaq həyatı, planları və gələcəyi ilə bağlı ən ciddi qərardır. Lakin "evlənsə, düzələr" prinsipi ilə yola çıxıldıqda, məsələnin bir tərəfi həmişə kölgədə qalır: evləndirilən insanın həyat yoldaşı nə ilə qarşılaşacaq? Ona hansı yük qoyulur? Məsələn, bu, bəzən qadının həyatını "şəxsi reabilitasiya mərkəzinə" çevirməklə nəticələnir. Cəmiyyət bu yanaşma ilə böyük bir məsuliyyətsizliyi təşviq edir. Məsələn, valideynlər bir fərdi illərlə müalicə etdirmək, ona dəstək olmaq və onunla maraqlanmaq əvəzinə, bu problemi başqa bir ailənin və ya fərdin üzərinə atmağa çalışırlar. Halbuki problemin mahiyyəti dəyişmir - sadəcə olaraq başqa bir şəxs bu çətinliklərlə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalır. Məsələn, asılılıqdan əziyyət çəkən şəxsin həyat yoldaşı həm emosional, həm də maddi mənada ciddi problemlərlə üz-üzə qalır. Bu vəziyyət, xüsusilə də qadınlar üçün böyük fədakarlıqlar tələb edir və əksər hallarda onları psixoloji zorakılığa məruz qoyur.

Mövzu ilə bağlı "Smart Recovery" asılılıqlar üzrə kompleks psixoloji xidmət mərkəzinin psixoloqu Minarə Səbzəliyevanın fikirlərini öyrəndik. Psixoloq qeyd edir ki, bu, həqiqətən də son dönəmlərin ən aktual olan mövzularından biridir.

"Ailələrin inandığı ən böyük yanlış inanclardan biri məhz hər hansısa psixoloji xəstəlikdən, xüsusilə də asılılıqdan əziyyət çəkən şəxsin evləndiyi zaman ona daha çox məsuliyyətin aşılanmasını və bununla da bu problemin ortadan qalxacağına inanmalarıdır. Bu artıq illərdi formalaşmış bir fikirdir, lakin bu çox mənfi və qarşısıalınmaz nəticələrə səbəb olan nüansdır. Hər hansısa psixoloji problemin və ya asılılığın, davranış pozuntusunun daha dərin kök salmış səbəbləri vardır. Bu səbəblərin aradan qaldırılması üçün şəxslərin düşüncələrində, emosiyalarında, davranışlarında dəyişikliklər edilmədiyi təqdirdə onlarda heç bir halda müsbət mənada dəyişim olmayacaq. Belə ki, bu tip problemlər şəxsin bir növ daxili dünyası ilə bağlı olduğu üçün xarici dəyişiklik, yəni evlilik bu problemi həll etməyəcək. Nümunə üçün deyim ki, şəkərli diabet xroniki bir xəstəlikdir, onun sağalması üçün həkim xəstəliyin gedişatında ola bilər, tibbi müalicə, pəhriz, xüsusi dərman preparatları təyin edər. Şəxs əgər bu tibbi müalicəni almasa, biz onu evləndirdiyimiz təqdirdə onun sağalması absurddur. Lakin psixoloji problemlərə isə ailələr bu şəkildə yanaşmaya bilir. Biz asılılıqlarla bağlı elmi araşdırdığımız təqdirdə görərik ki, mütləq ki, asılılığın kökündə psixoloji problemlər, irrasional düşüncələr, keçmiş travmalar, özünü qeyri-adekvat qiymətləndirmə, emosional problemlər, genetik meyilliklər, yetərli olmayan stresslə mübarizə və disfunksional problem həll etmə bacarıqları ola bilər. Məhz bu sadaladığımız şəxsin həyatındakı qeyri-sağlam nüanslar psixoloji müalicə ilə sağlam olanlarla əvəzlənməsə, bu yenidən davam edəcəkdir".

M.Səbzəliyeva müraciət edən valideynlərdən də nümunə çəkib:

"Hətta valideynlər bəzən bizə müraciət etdikləri zaman deyirlər ki, "bizim övladımız 3 ay narkotiki dayandırmışdı, ya da 6 ay qumar oynamadı, amma iradəsi çatmadı, yenidən qayıtdı, özündən asılıdı". Onsuz da asılılıqda ən önəmli nüans narkotik istifadəsini və ya qumar oynamağı dayandırmaq deyil. Araşdırmalar göstərir ki, asılılıqdan əziyyət çəkən şəxslər bunu asanlıqla edə bilirlər, lakin elə asılılığın diaqnostik meyarlarından biri yenidən bu asılılığa təkrar olaraq qayıtmamaqdır. Qayıtmamaq üçün bu çətinliyi yaradan, yuxarıda sadaladığım nüanslar daha sağlamları ilə əvəz olunmalıdır. Evlilik isə əksinə şəxsin bu daxili problemlərini həll etmək üçün yetərli bir vasitə deyil. Hətta zatən öz həyatının məsuliyyətini öz üzərinə almaqda çətinlik çəkən şəxs bir az daha məsuliyyət hissindən dolayı emosional olaraq yüklənə və bu da nəinki bu problemi həll etməyə, hətta yeni problemlərin yaranmasına gətirib çıxara bilər. Hətta evlilik problemi daha da dərinləşdirə bilər. Valideynlər bir çox halda düşünürlər ki, "övladım evlənəndən sonra artıq ailəsi olacaq, məsuliyyət hissini daha yaxşı dərk edəcək". Lakin bu belə deyil. Bu, hal-hazırkı olan problemin həll yolu olmayıb, əksinə problemdən qaçmaq cəhdidir".

Mərkəzin təsisçisi və asılılıq üzrə mütəxəssis Anar Abbasov fərdlərdən birinin psixoloji narahatlığı və ya asılılıq kimi bir probleminin evliliyin mənfi gedişatına səbəb olacağını vurğulayıb:

"Araşdırma nəticələri göstərir ki, hər hansısa bir evliliyi uyğun olaraq göstərmək üçün münasibətdən xoşbəxt olma, cinsəl doyum ala bilmə, müsbət ünsiyyət qurma, qayğı və diqqət kimi fenomenlər önəmlidir. Burada şəxslərin eyni evdə yaşaması, həyatlarını ortaq olaraq paylaşması, aldığı yeni məsuliyyət və rolları mənimsəməsi, öz öhdəliklərini və funksiyalarını bilməsi və əməl etməsi, qarşılıqlı razılığa gəlmə bacarıqları kimi faktorlar birbaşa olaraq münasibətin gedişatına təsir edir. Mütləq ki, ər və ya arvaddan birinin psixoloji narahatlığı və ya asılılıq kimi bir problemi varsa, bu, öz növbəsində digər partnyora, ümumi olaraq evliliyin mənfi gedişatına səbəb olacaqdır. Ailə daxilində xəyal qırıqlığı, çarəsizlik, ümidsizlik kimi hisslərin və daha da psixoloji problemlərin yaranmasına gətirib çıxara bilər. Biz ailəni bir sistem olaraq nəzərə aldığımız zaman görə bilərik ki, ailə daxilində hər hansısa fərddə olan psixoloji problem ümumi sistemə mənfi təsir edir. Evlilik sadəcə sevgi, hörmət prinsipləri ilə deyil, eyni zamanda həm sosial, həm iqtisadi bir çox öhdəlikləri də özündə daşıyır. Asılılıq və ya digər psixoloji problemləri olan şəxslər çox vaxt bu öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Mütəxəssisin sözlərinə görə, ailələr evliliyi şəxs üçün sosial dəstək kimi qəbul edib övladlarını evləndirmək istəyirlər:

"Lakin biz bilməliyik ki, evlilik heç bir halda asılılıq və ya digər psixoloji problemlərin həlli üçün yetərli bir vasitə deyil. Burada şəxs müalicə olunmalı, öz daxili sabitliyi və emosional/psixoloji rifahını bərpa etməli, daha sonra yetkin fərd olaraq öz seçim və məsuliyyətlərini dərk etməlidir. Belə hallarda mütləq ki, evlilikdən öncə psixoloji dəstək mütləqdir. Problemlərin aradan qalxması və sağlam vəziyyət mütləq ki, daha sağlam münasibətə təkan yaradacaqdır. Məhz bu səbəbdən evlilik problemi həll etməyə yönəlmiş bir proses olmayıb, sağlam və yetkin fərdlərin həyatlarını birləşdirərək daha harmoniya halında yaşamasını hədəfləməlidir ki, bu, daha sağlam vəziyyətdir".

"Evlənsə, düzələr" düşüncəsi həm cəmiyyətin problemlərə yanaşmasındakı səthi baxışın, həm də fərdi məsuliyyət anlayışının çatışmazlığının təzahürüdür. Hər hansısa psixoloji problem və ya asılılıq müalicə və dəstək olmadan öz-özünə həll edilə bilməz. Əksinə, bu yanaşma problemi daha da dərinləşdirə, həm evləndirilməyə çalışılan şəxsi, həm də onun həyat yoldaşını böyük çətinliklərlə üz-üzə qoya bilər. Sağlam evliliklər yalnız sağlam fərdlər üzərində qurula bilər. Buna görə də, ailələr və cəmiyyət olaraq asılılıq və psixoloji problemlərə qarşı daha məsuliyyətli yanaşmalı, bu məsələlərin həlli üçün mütəxəssis dəstəyindən istifadə etməyi təşviq etməliyik. Çünki cəmiyyət olaraq həqiqətən sağlam bir gələcək qurmaq istəyiriksə, problemləri ört-basdır etməyə yox, onları həll etməyə yönəlməliyik.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31