Hardadır o köhnə bayramlar?

Yeni il... Uşaqkən bizə sonsuz sevinc gətirən, ağappaq qarın içindəki nağıl dünyası kimi görünən o sehrli gecə. O vaxtlar Yeni il yalnız təqvimin bir səhifəsi deyildi; o, ürəyimizdəki ən saf arzuların, ən parlaq xəyalların gerçəyə çevriləcəyini düşündüyümüz bir başlanğıc idi. Amma indi, illər keçdikcə, həyatın amansız təkrarı içində bu bayram öz çalarlarını, öz əsl mənasını itirir kimi görünür.

Xatırlayırsınızmı, o illəri? Bütün məhəllə uşaqları böyük bir şənlik kimi Yeni ilin gəlməsini gözləyərdi. Kiçik evlərdə bəzənmiş şam ağacları, əl işlərindən hazırlanan oyuncaqlar... Evlərdəki şirniyyat qoxusu, böyüklərin zarafatları, uşaqların gülüşləri - hər şey o qədər həqiqi və o qədər isti idi ki, Yeni il sanki bir anlıq ailələr arasındakı bütün soyuqluqları əritmək üçün gəlirdi.

Bu gün isə... İşıqlar daha gur, süfrələr daha zəngin, hədiyyələr daha bahalıdır. Amma nədənsə, o köhnə bayramların verdiyi isti hiss qəlbimizdə çatışmır. İndi çoxumuz Yeni ili telefon ekranlarından izləyirik. Nəqarətə çevrilmiş bir həyat ritmində, özümüz də fərqində olmadan o sehrli atmosferdən uzaqlaşmışıq.

Yeni il əslində təkcə təmtəraq və şənlik deyil, həm də düşünmək, keçmiş ilə nəzər salmaq üçün bir fürsətdir. O, özümüzü, ailəmizi, sevdiklərimizi xatırlamaq, unutduqlarımıza qayıtmaq üçün bir çağırışdır. Amma bəlkə də biz bu çağırışı artıq eşitmirik.

Bəlkə də, itirdiyimiz şeylərdən biri də birlikdə olmağın sadəliyidir. O köhnə bayramlar bizə birlikdə vaxt keçirməyin nə qədər qiymətli olduğunu öyrədirdi. 

Bəlkə də heç nə dəyişməyib. Bəlkə hər şey olduğu kimidir, amma biz dəyişmişik. Biz böyümüşük. Böyüdükcə həyatın çətinlikləri, məsuliyyətləri, yükləri ürəyimizi o qədər ağırlaşdırıb ki, artıq o sadə sevincləri hiss etmək qabiliyyətimiz azalıb. İndi uşaqlıqda aldığımız kiçik bir hədiyyənin verdiyi sevinci bahalı bir əşya belə bizə bəxş edə bilmir.

Bəlkə də əslində hər şey yerindədir. Kiçik uşaqlar hələ də şam ağacının altına qoyulan hədiyyələri səbirsizliklə gözləyir. Onlar hələ də o rəngli işıqların altında özləri üçün kiçik möcüzələr görürlər. Hələ də saxta Şaxta Babanın gətirdiyi hədiyyələrə inanırlar. Bəlkə də hər şey eynidir - bayramlar, mahnılar, qarın ilk yağışı... Amma biz böyüdükcə, bu kiçik detalların yaratdığı sehri hiss etmirik.

Nə bilmək olar, bəlkə də böyüməyin özü bizə qarşı bir ədalətsizlikdir. Uşaqlıqda sevdiyimiz hər şeyi indi tənqid edirik. "O vaxt daha yaxşı idi", "indi hər şey dəyişib" deyirik. Bəlkə də dəyişən təkcə bizik. Biz böyümüşük deyə, bayramların üzərində olan sehrli tozu görmürük artıq.

Bəlkə də bayramlar hələ də bizimlədir, sadəcə biz onlara diqqət ayırmırıq. Nə qədər köhnə bayramları arzulasaq da, indi yaşanan bayramları köhnə xatirələrimiz qədər sevmirik. Böyüdükcə "o vaxt" dediklərimiz "indi" olanların dəyərini itirməsinə səbəb olur.

Bəs hanı o köhnə bayramlar? Onlar hələ də ürəyimizdədir. Onları axtarmaq, onları yenidən canlandırmaq bizim əlimizdədir. Əgər uşaqlıq illərindəki sevincimizi bir günə sığdıra bilmişdiksə, indi də bu günə, bu Yeni ilə özümüzdən bir parça sevinc qata bilərik.

Yenə də fikirləşirəm: bəlkə biz böyümüşük deyə acıq çıxırıq bütün bayramlardan? Bəlkə də əslində hər şey elə o vaxtkı kimidir. Biz böyüdük, unutduq, dəyişdik. Bayramları biz itirmədik; onları böyüməyimizlə, həyatın səs-küyündə gizlətdik.

Nə bilim... Hardadır o köhnə bayramlar? Onları tapmaq üçün çox uzağa baxmağa ehtiyac yoxdur. Sadəcə dayanıb uşaqkən olduğumuz zamanları xatırlamaq kifayətdir. O zaman, bəlkə, hər şey yenidən eyni görünər. Bəlkə o sehr yenidən ürəyimizdə canlanar. Barı bayram günlərində qayğısız, eynilə kiçik yaşlarımızda olduğumuz kimi olaq...

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31