Sevilməyən peşələr
20 Dekabr 2024 16:40 SosialPeşəsindən narazı insanlar mövzusunda danışarkən, ilk növbədə bir şeyi anlamalıyıq: bu, yalnız fərdi bir narazılıq deyil. Hər birimiz günümüzün ən azı səkkiz saatını işdə keçiririk və bu, həyatımızın böyük bir hissəsini təşkil edir. Əgər bir insan işindən razı deyilsə, bu, yalnız onun öz həyat keyfiyyətinə deyil, ailəsinə, sosial münasibətlərinə və hətta cəmiyyətə də mənfi təsir göstərir. Bu narazılıq bəzən seçimin yanlış olmasından, bəzən iş şəraitindən, bəzən də şəxsi istedad və maraqlarla uyğunsuzluqdan qaynaqlanır. Amma səbəb nə olursa-olsun, nəticə eynidir: işindən zövq almayan, gündəlik fəaliyyətlərində özünü boğulmuş hiss edən insanlar.
İş yerindən və peşəsindən narazılıq mövzusu xüsusilə gənclər arasında daha qabarıqdır. Çox zaman gənclər peşə seçimində sərbəst olmur. Onların maraqları, arzuları nəzərə alınmır. Daha çox ailənin, cəmiyyətin basqısı ilə seçilmiş ixtisaslarda oxuyur və bu sahədə çalışırlar. Məsələn, bir gənc musiqiçi olmaq istəyərkən, ailəsinin məsləhəti ilə hüquqşünas olur və illər sonra həyatında peşmanlıq hissi yaşayır. Bu, yalnız şəxsi xəyal qırıqlığı deyil, həm də cəmiyyət üçün itirilmiş bir istedaddır. Beləliklə, düzgün peşə seçimi insan həyatının ən vacib qərarlarından biri olsa da, bu məsələdə çox vaxt fərdlərin özləri yox, başqaları qərar verir.
Bütün bunlara bir də iş şəraiti ilə bağlı narazılıqları əlavə edək. İnsanlar yalnız peşə seçimi ilə bağlı yox, həm də iş şəraitinə görə məmnuniyyətsizlik yaşayırlar. Aşağı maaşlar, uzun iş saatları, təhlükəsiz şəraitin olmaması, rəhbərliklə və ya kollektivlə problemlər - bunların hər biri insanın işindən aldığı zövqü öldürür. Əməkhaqqının kifayət etmədiyi bir mühitdə, insan yalnız dolanışıq üçün işləyir, bu da motivasiyasızlıq yaradır. Axı insan yalnız yemək pulu qazanmaq üçün yaşamalıdırmı?
Deyək ki, sən səhər tezdən işə gedirsən. İşdə səni nə gözləyir? Hər gün eyni şeylər: eyni sənədlər, eyni adamlar, eyni sıxıcı mühit. Axşam evə qayıdırsan, amma evdəkilərə üzündə təbəssüm göstərə bilmirsən. Yorğunluğun, sıxıntın üzündən hiss olunur. Bir də baxırsan ki, həyat belə gəlib keçir, sən isə yaşamağa yox, sadəcə işləməyə davam edirsən.
Bu vəziyyət çoxlarına tanışdır, elə deyilmi? İnsan öz işini sevəndə, onun ruhu da, bədəni də sağlam olur. Amma sevmədiyi bir işdə çalışan adam gündən-günə özünü itirir. Bunu hətta bədən dilindən də görmək mümkündür. İşinə sevgi ilə yanaşan bir adamın hərəkətlərində canlılıq, gözlərində işıq olur. Amma işini sevməyən insan həmişə bir az qəmgin, yorğun görünür. Bu cür insanların sayı çoxaldıqca, bu yalnız fərdi bir problem kimi qalmır, cəmiyyətin ümumi ruh halına təsir edir.
Peşəsindən narazılıq təkcə bir şəxsin problemi deyil. Bu, həm də ailənin, kollektivin və cəmiyyətin məsuliyyətidir. İnsanların işlərində xoşbəxt olması üçün müəyyən tədbirlər görülməlidir. Ən birinci addım gənclərə doğru peşə seçimi etmələrinə şərait yaratmaqdır. Onların istedad və maraqlarına uyğun istiqamət verilməli, heç bir məcburiyyət olmamalıdır. Eyni zamanda, iş mühitinin keyfiyyəti artırılmalıdır. İnsanların özlərini dəyərli hiss edəcəkləri, əməkhaqlarının dolanışığa kifayət etdiyi, psixoloji və fiziki sağlamlıqlarının qorunduğu mühitlər yaradılmalıdır.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralının fikirlərini aldıq:
-Bizdə uşaqlar peşə seçimi yaşına gəldikdə valideynlər bu seçimə müdaxilə edir. Heç bir valideyn övladının gələcəyini gəlirsiz işə xərcləməyini istəməz. Amma valideynlər əmək bazarını araşdırır, gəlirlilik dərəcəsini, peşələrin perspektivini öyrənirlər və bunun sonunda övladlarına yardım etmək istəyirlər. Unuduruq ki, bizim uşaqlarımız bizdən çox bilir. Onlar dünyada hansı peşənin daha gəlirli, perspektivli olduğunu bizdən yaxşı analiz edə bilirlər. Çünki dövr onların dövrüdür. Bəzi şeylərdə razılaşmalıyıq ki, uşaqlarımız bizdən daha yaxşı bilirlər. Peşə seçimində məsləhət lazımlıdır, amma qərarı sonda onlara buraxmalıyıq. Hazırda ölkəmizdə peşəsini sevməyən gənclər olduqca çoxdur. Əksəriyyəti valideyninin arzusunu həyata keçirib. Gənclərin öz peşəsini seçmə prosesində yanlarında olmaq, ancaq müdaxilə etməmək lazımdır. İxtisas seçimlərində abituriyentlərə kömək edən təhsil ekspertləri də hər iki tərəfi dinlədikdən sonra seçim etdiklərini bildirirlər.
Sonda isə bir həqiqəti vurğulamaq lazımdır: hər bir insan sevdiyi işlə məşğul olmalıdır. Məsələn mənim kimi... mən seçdiyim ixtisası sevirəm və işimdə çox xoşbəxtəm. Sevdiyimiz işlə məşğul olanda, təkcə özümüz üçün yox, cəmiyyət üçün də faydalı oluruq. İnsan sevdiyi işdə özünü tam ifadə edə bilir, yaradıcılığı artır və bu, ümumi rifaha təsir edir. Xoşbəxt işçilər xoşbəxt cəmiyyət yaradır. Hər birimiz öz yerimizi tapmalı, sevdiyimiz işlə məşğul olmalı və bundan həzz almalıyıq. Çünki həyat çox qısadır və onu yalnız məcburiyyətlərə həsr etmək ən böyük ədalətsizlikdir.
Zeynəb Rzayeva