Gəlin etiraf edək: bu, nə mədəniyyət, nə də zövqdür!

Bəzən küçədə, avtobusda, ya da hansısa məkanda qəribə bir söhbətin şahidi olursan:

- Tı znayeş, bu gün çox maraqlı bir şey oldu...
- Pravda? Ay Allah, prоdоljаy!

Azərbaycanca desən, deyil, rusça desən, deyil... Belə də ifadə olar? Demək olar ki, hər yerdə bu cür cümlələr eşidirik. Heç bilirsiniz bu yazını yazmağa necə qərar verdim? Yemək yeyəndə. Hə, restoranda yemək yeyirdim. Yanımda əyləşən iki xanım eynən bu cür danışırdılar. Xeyli düşündüm. Necə olar bilər ki, Azərbaycanda yaşayasan, amma "sən bilirsən?" ifadəsindən xəbərin olmaya, onun yerinə "tı znayeş?" işlədəsən?  Əlbəttə, bu, mümkün deyil. İnsanlar qəribə şəkildə bunun "mədəniyyət" göstəricisi olduğunu, bəziləri "rusca-azərbaycanca qarışığı" ilə özünün daha "zövqlü" göründüyünü düşünür. Gəlin etiraf edək: bu, nə mədəniyyət, nə də zövqdür. Bu, sadəcə öz kimliyini unutmağın, öz dilinə hörmətsizlik etməyin bir göstəricisidir. 

Bəlkə də bu yazı kimdəsə qıcıq doğura bilər. Axı indi   "dünya vətəndaşı" anlayışları hər yerdə təbliğ olunur. Xarici dil bilmək, əlbəttə, böyük üstünlükdür. Xarici dil bilməklə, "dili dilə qatmağ"ı qarışdırmayaq. Başqa dilləri bilmək ana dilini unutmaq, ona xor baxmaq, ya da qarışdıraraq "moda" yaratmaq demək deyil.

Belə yerdə Bəxtiyar Vahabzadə yaxşı deyib...

"Ey öz doğma dilində danışmağı ar bilən,
Fasonlu ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun".

Bu misralar illər öncə yazılsa da, bu gün üçün də aktuallığını qoruyur. Çünki "fasonlu ədəbazlar" indi də aramızdadır. Ədəbiyyatımız, musiqimiz, folklorumuz "moddan"dan düşüb deyənlər, bəlkə də, özlərini "daha mədəni" göstərmək üçün bu mövqeni seçirlər. Amma əslində, bu, yalnız özünə və öz dəyərlərinə arxa çevirməkdir.

Görəsən, bu davranışın kökündə nə dayanır? Öz dilimizə qarşı bu biganəlik haradan qaynaqlanır? Ola bilsin ki, uzun illər boyunca fərqli təsirlər altında yaşayan xalqımızda qəribə bir kompleks formalaşıb: "Başqa dildə danışsam, məni daha çox qiymətləndirərlər."

Artıq ailələrdə belə bu tendensiya özünü göstərir. Düşünün, valideynlər artıq uşağa öz ana dilindən öncə başqa dil öyrətməyə çalışırlar. Uşaq bu cür bir mühitdə böyüyərkən hansı dili tam mənimsəyə bilər? Nə qədər ana dili, nə qədər xarici dili anlayar? Bu, yalnız dillərin bir-birinə qarışmasına deyil, həm də düşüncə tərzinin dağılmasına səbəb olur. Bütün bunlar təkcə fərdi məsələ deyil; bu, ümumi cəmiyyət probleminə çevrilib. Əgər insan öz doğma dilinə dəyər vermirsə, o dilin gələcəyi necə olacaq? Ana dili sevgi ilə yaşadılır. O, təbliğatla, kampaniya ilə deyil, gündəlik istifadə ilə canlı qalır. 

Yaxınlarda "Facebook" sosial şəbəkəsində bir istifadəçi akademik Tofiq Hacıyevin  fikrini paylaşmışdı:

"Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik sevməz". 

Çox sevmişdim bu bənzətməni. Heç bir xarici dil insanın ana dilinə şərik ola, onun qədər doğma ola bilməz. 

Bəzi insanlar öz doğma dillərində danışmağı "savadızlıq" əlaməti kimi görürlər. Xüsusən də, gənc nəsil arasında belə bir təsəvvür yaranıb. Halbuki əsl mədəniyyət öz köklərinə bağlı qalaraq başqa mədəniyyətlərə açıq olmaqdır. Bir dili sevmək digərini unutmaq demək deyil. Əksinə, ana dilini sevmək və yaşatmaq əsl zənginlikdir.

Bir gün Bəxtiyar Vahabzadənin dediyi kimi, "Vətən çörəyi" bizlərə qənim olar, əgər biz öz dilimizi, mədəniyyətimizi, dəyərlərimizi unutsaq. Bu gün ana dilində danışmaq sadəcə bir borc deyil, həm də bir şərəfdir. Özü də, əsl mədəniyyət budur: öz dilini sevib yaşadaraq, başqa dilləri də öyrənib dünyaya açılmaq. 

Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider Heydər Əliyev çox gözəl ifadə işlədib: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda demişdir: 

"Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır."

Bu dil bizdən öncəki nəsillərdən bizə, bizdən sonrakılara da bizim əmanətimizdir. Azərbaycan dili safdır, zəngindir. Niyə onu hansısa dilə qatıb onu öz gözəlliyindən məhrum edək? Azərbaycan dili həm şeiriyyətin, həm də sadəliyin dilidir. O qədər zəngin və ifadəli bir dildir ki, hər bir duyğunu, hər bir fikri ən incə çalarları ilə ifadə etməyə qadirdir. Belə bir dili başqa dillə qarışdırmaq, onu yad ifadələrlə doldurmaq sadəcə estetik bir zərər deyil, həm də milli kimliyimizə vurulan zərbədir. Ana dilimizi yad kəlmələrə bulaşdırmaqla bu səsi susdurmuş olmuruqmu? Dilimizi saf, zəngin və canlı saxlamaq bizim borcumuzdur. Bu əmanət bizim öhdəmizdədir və onu layiqincə qorumaq yalnız bizim əlimizdədir.

"Şirin dil, şirin dil,
Al bağrımı, şirin dil.
Nə deyirsə, yad desin,
Öz dilimdi şirin dil"...

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31