Gənclərin iqtisadi fəallığının artırılması dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir
3 May 2024 12:07 Sosialİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Azərbaycan gənclərinin inkişafı konstitusiya qanunlarına əsaslanan bir siyasət əsasında aparılır. Gənclərin fiziki, mənəvi inkişafı ilə bağlı proses Azərbaycanın müstəqilliyinin real şəkildə həyata keçirildiyi 90-cı illərin ortalarından başlayıb.
İlk növbədə, ölkənin konstitusiyasında və qanunlarında gənclərin, uşaqların fiziki, mənəvi inkişafı ilə bağlı məsələlərin normativ şəkildə salınması qeyd olunmalıdır. Çünki hər bir siyasətin, qanunun konstitusion əsası olmalıdır. Bu halda onun uğur qazanma şansları daha da böyük olur. Buna görə də, ilk növbədə, Azərbaycanın Konstitusiyasında uşaq və gənclər siyasətinin əsasları müəyyənləşdirilir. Uşaqların tərbiyə olunması birinci növbədə valideynlərin konstitusion borcu kimi təyin edilir. Eyni zamanda, uşaqların, gənclərin öz valideynləri qarşısında borcları, öhdəlikləri də qanun, konstitusiya şəklində qeyd olunur. Bu proses daim təkmilləşdirilir. Məsələn, elə bu günlərdə Azərbaycan Prezidentinin təsdiqləməsinə əsasən, uşağını himayə etməyən valideynlərin valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı praktik qanunvericilik təkmilləşdirilib. Bu sahədə vəziyyətinin yaxşılaşdırılması üçün yeni qaydalar müəyyənləşdirildi. Hansı ki, bunlar uşaqların valideynlər, ailə tərəfindən himayə olunmasına öz mühüm töhfəsini mütləq şəkildə verəcək".
Siyasi ekspert Aydın Quliyev bu fikirdədir: "Təəssüf ki, bizdə uşaqların tərbiyəsinin formalaşması ilə ailə mühitində məşğul olunması istiqamətində yanlışlıqlar və neqativlər var. Bunların aradan qaldırılması üçün bir tərəfdən qanun normativləri təkmilləşdirilir, eləcə də müxtəlif dövlət orqanları xətti ilə işlər aparılır ki, onun da getdikcə yaxınlaşan nəticələrini görürük. Konstitusiya və qanunların təkmilləşdirilməsinin, uşaq və gənclərin fiziki və mənəvi inkişafında rolu baza xarakteri daşıyır. Yəni hər şey bunun üzərində qurulub.
Digər tərəfdən, gənclərin məşğulluğu ilə bağlı, xüsusilə işlərin həyata keçirilməsi öz effektini verməkdədir. Azərbaycan dövlətinin siyasətinin mühüm istiqamətlərindən biri gənclərin məşğulluq probleminin aradan qaldırılmasıdır. Çünki işləməyən, məşğul olmayan gənc istənilən neqativ proseslərə qoşula və istənilən bir formada cəmiyyət üçün dağıdıcı subyektlərə çevrilə bilər. Ona görə, ölkədə işsizlik probleminin aradan qaldırılması həm də gənclərin məşğulluğunun yaxşılaşdırılması istiqamətində işlər kimi qəbul oluna bilər. Əgər son 20-25 ildə işsizliyin səviyyəsi 50%-dən 5%-ə qədər enibsə, burada sözsüz ki, iqtisadi aktiv əhalinin içərisində gənclərin xüsusi çəkisi nəzərə alınmalıdır. Yəni məşğul olan gənclərin xüsusi payı, çəkisi getdikcə artır. Bu cəmiyyət üçün həm demoqrafik. həm də siyasi olaraq yaxşı bir göstəricidir.
Gənclərimizin təhsili ilə bağlı dövlətin siyasəti mühüm proqramlara söykənir. Biz bilirik ki, Azərbaycanda gənclərin təhsilinin həm ölkə daxilində əsaslarının yaxşılaşdırılması, həm də dünya təhsil sisteminə inteqrasiyası yönümündə proqramlar həyata keçirilir. Artıq neçənci dəfədir ki, Azərbaycan gənclərinin xaricdə təhsil proqramlarının dövlət tərəfindən maliyyələşdirilməsini görürük. Bu proses 2006-2007-ci illərdən başlayıb. Dünyanın ən müasir universitetlərində Azərbaycan gənclərinin təhsil alması, həm də dövlət hesabına təhsil alması xüsusi proqram əsasında həyata keçirilir ki, bu da gənclərimizin həm inkişafı, həm də dünya ilə inteqrasiyası, dünyaya açılması yönündə böyük nailiyyət deməkdir.
Xaricdə təhsil almış gənclərin Azərbaycana qayıdışı və Azərbaycanda məşğulluğun təmin olunması, dövlətin daim diqqət etdiyi məsələdir. Elə bu günlərdə mötəbər toplantıların birində Azərbaycan Prezidenti xaricdə təhsil alan gənclərin ölkəyə qayıdışının səviyyəsinin yaxşı olduğu ilə bağlı fikir açıqladı. Bu həm də ona görə dəyərlidir ki, bir çoxları xaricdə oxuyan gənclərin Azərbaycana qayıtmayacağı ilə bağlı ürkək mövqe nümayiş etdirirlər. Amma hadisələr göstərir ki, Azərbaycanda həm mühitin sabit və təhlükəsiz olması, həm işsizlik probleminin aradan qaldırılması yönündə atılan addımlar, həm də xaricdə oxuyan gənclərin xüsusi dövlət nəzarətində olması onu deməyə əsas verir ki, gənclər ölkəyə qayıtmaq və Azərbaycanın özündə fəaliyyət göstərməyə xüsusi önəm verirlər.
Uşaqların, xüsusilə mənəvi, fiziki inkişafı ilə bağlı danışmağa ehtiyac var. Çünki hər şey uşaqlıqdan, uşağın ailə tərbiyəsindən, onun məktəb tərbiyəsi və məktəb təlimindən başlayır. Uşaqlıq dövründə uşaqların fiziki, mənəvi tərbiyəsinin fundamenti əsaslı və düzgün qoyulsa, gələcəkdə onun daha yetkin, daha kamil gənclərə və vətəndaşa çevrilməsi ehtimalı böyük olur.
Uşaqların ibtidai, məktəbəqədər və məktəb təhsil sisteminin təkmilləşdirilməsi yönümündə tez-tez dəyişikliklər baş verir, islahat addımları atılır. Onlar da müəyyən hallarda neqativ nəticələr versə də, amma ümumi nəticələri pozitiv dəyərləndirilə bilər.
Uşaqların, xüsusilə də milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməsi istər cəmiyyətin, istərsə də dövlətin siyasətində həmişə qabarıq şəkildə özünü göstərir. Xüsusilə də gənclərin, uşaqların erkən yaşlardan ziyanlı vərdişlərdən qurtulması, dağıdıcı, milli-mənəvi dəyərlərə zidd olan, sosial media təsirlərindən uzaq tutulması yönümündə siyasətin aparılması daim diqqət mərkəzində olan məsələdir. Bu istiqamətdə həm ictimai təbliğat, ictimai qınaq səviyyəsində proses gedir, həm də dövlət orqanlarının xətti ilə səmərəli işlər aparılır. Məsələn, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün həm dövlət xətti ilə inzibati müstəvidə mübarizə gedir, həm də maarifləndirmə müstəvisində uşaqların ailə zorakılığından kənar zorakıqlardan, qeyri-əxlaqi münasibət subyekti olmaqdan qorunması üçün əhəmiyyətli dərəcədə iş aparılır.
Gənclərin iqtisadi fəallığının artırılması, iqtisadi fəal əhalinin içərisində gənclərin xüsusi çəkisinin artırılması bu gün dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Xüsusilə onu deyim ki, dövlət idarəçiliyinə indi gənclərin daha geniş miqyasda cəlb olunması da onların qarşısında həm geniş cəbhə açır, həm də onların mənəvi formalaşmasında, siyasi kamilləşməsində öz müsbət təsirini göstərir.
Gənclərimizin Azərbaycan vətəndaşı kimi böyüməsi, vətənpərvər ruhda inkişaf etməsi dövlət siyasətinin və ictimai fəaliyyətin mühüm istiqamətlərindən biridir. Təkcə bu faktı qeyd etmək yerinə düşür ki, bizim ərazilərimizin işğaldan azad olunmasında, xüsusilə də son 20 ildə formalaşmış gənclərin böyük rolu oldu. Bu gənclər həm orduya əzmkarlıq, vətənpərvərlik ruhunu daha da güclü şəkildə gətirmişdilər, həm hərbi xidmətdə, həm də döyüş meydanında Azərbaycan dövlətinin milli mənafelərinə, milli-mənəvi dəyərlərimizə bağlılığı çox yüksək səviyyə nümayiş etdirdilər. Faktdır ki, Vətən müharibəsində, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyin bərpasına gətirib çıxarmış son 3 ildəki hərbi aktlarda, Azərbaycan gəncləri qüsursuz iştirak etdilər. Bir nəfər də olsun fərariyə rast gəlinməməsi, əksinə, hətta orduda xidmət etmək, hərbi mükəlləfiyyət daşımaq öhdəliyi olmasa da belə, bu gənclərin könüllü şəkildə ordu sıralarına getmək istəyinin nümayiş olunması əlbəttə biz cəmiyyətin çox böyük nailiyyətidir.
Gənclərimiz arasında neqativ tendensiyalarla mübarizə də dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Çox yaxşı haldır ki, gənclər özləri də bu neqativlərə qarşı mübarizədə həm özlərinin gələcəyi naminə, həm də cəmiyyətin gələcəyi üçün məsuliyyət daşıdıqlarının fərqinə varırlar. Gənclərin arasında bir sıra neqativ tendensiyaların biz son vaxtlar azalan xətt üzrə getdiyini görürük. Çünki gənclər hardasa həm öz gələcəklərini düşünürlər, həm də bunun fərqi var ki, dövlətin, cəmiyyətin, bu xalqın gələcəyi onlardan asılıdır. Gənclərimiz getdikcə daha məsuliyyətli olmağa başlayırlar. Bunların həm özünə, həm də xalqa lazım olduğunu gənclər yaxşı dərk edirlər.
Bizim gənclərimizin, məsələn, bu gün ən müxtəlif könüllülər hərəkatında fəal iştirakı xüsusi qeyd olunmalıdır. Könüllülər hərəkatında iştirak gənclərimizin mənəvi inkişafı, siyasi formalaşması, vətəndaş kimi gələcək dövlət qulluqçusu və dövlət adamları kimi formalaşmasının çox mühüm meydanlarından, istiqamətlərdən biridir. Demək olar ki, bütün fəaliyyət sahələrində-həm dövlət, həm də ictimai fəaliyyət sahələrində könüllülərin xüsusi rolu var. Bütün sahələr üzrə könüllülər ordusu var. Bunlar da əlbəttə, Azərbaycan gənclərinin nə qədər yetkin olduğunu, həm də formalaşmağa meylli və iradəli olduğunu nümayiş etdirir.
Bir sözlə, Azərbaycanda uşaqların və gənclərin fiziki, mənəvi inkişafı qanuna və konstitusiyaya söykənən bir sistemli konseptual siyasət əsasında həyata keçirilir. Onun şaxələri genişdir, ortada böyük nəticələri var. Amma əlbəttə, gənclər və uşaqlarla bağlı mövzu hədsiz dərəcədə həssas mövzu olduğuna görə, daim diqqət mərkəzində saxlanmalıdır. Ən azı onu nəzərdə saxlamaq vacibdir ki, uşaqlarımız və gənclərimiz bir sıra xarici ziyanlı ideoloji, siyasi mərkəzlərin daim hədəfindədir. Bax, bu da bir daha onu vacib gündəmə çevirir ki, uşaqların və gənclərin məsələsi fasiləsiz, sistemli dövlət siyasətinin, ictimai siyasətin, valideynlərin qayğısının ən vacib istiqaməti olmalıdır".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.