İntihar düşüncəsi olan gənclərə necə kömək etməliyik?
5 Aprel 2024 18:00 Sosialİntihar böyük bir sağlamlıq problemidir və intihardan ölüm nisbəti dünya üzrə bütün ölümlərin 1,4%-ni təşkil edir. Böyük depressiya və bipolyar pozğunluq kimi diaqnoz edilə bilən əhval pozğunluğu olanlar intihar üçün daha yüksək risk altındadır. Depressiya ilə birlikdə baş verən psixiatrik pozğunluqları olan insanlar (şizofreniya, travma sonrası stress pozğunluğu, bəzi şəxsiyyət pozğunluqları və maddə asılılığı kimi narahatlıq pozğunluqları) intihar düşüncələri və davranışlarına daha meyillidirlər. İntihara cəhd edən və sağ qalan insanlar sağlamlıqlarına uzunmüddətli təsir göstərə biləcək ciddi xəsarətlər ala bilərlər. Onlar həmçinin depressiya və digər psixi sağlamlıq problemləri ilə üzləşə bilərlər. İntihar və intihar cəhdləri dostların, yaxınların, və ailə üzvlərinin sağlamlığına və rifahına təsir edir. İnsanlar intihar edərək öləndə, onların sağ qalan ailəsi və dostları uzun müddət kədər, şok, qəzəb, günah, depressiya və ya narahatlıq əlamətləri və hətta intihar düşüncələri ilə qarşılaşa bilərlər.
Həyatınızın bir nöqtəsində yaşadığınız vəziyyətlərə görə davamlı olaraq ümidsizlik, kədər və çarəsizlik hiss etmək olduqca normal olsa da, müəyyən bir nöqtədən sonra bu hal olduqca təhlükəli ola bilər. Bir çox insan gündəlik həyatında depressiya əlamətləri göstərsə və bu əlamətlərlə yaşamağı öyrənsə də, əslində onlar üçün bundan daha kritik bir məqam var: intihar düşüncəsi...
İnsanların əksəriyyəti depressiya nəticəsində beynindəki mənfi və pis düşüncələri aşa bilmədikdə, o, intiharı son çarə hesab edir. Amma əlbəttə ki, intihar heç vaxt son çarə deyil və hər şeyə rəğmən yaşamaq lazımdır.
Son zamanlar ölkəmizdə intihar xəbərlərinə daha az rast gəlsək də, təəssüf ki, bu xəbərlərin tamamilə yox olduğunu deyə bilmərik. İntihar hər dövrün qlobal problemlərindən biridir və gün keçdikcə, yaşı azalmağa davam edir...
Belə xəbərlərdən biri də, sevdiyi qız başqasıyla evləndiyi üçün özünü asıb öldürən gənc oğlan haqqında yayılan xəbərdir. Təəssüf ki, bəzən gözümüzün qarşısında intihar düşüncəsində olan insanları görməkdə çətinlik çəkirik. Onların əksəriyyəti özünü depressiya əlamətləri ilə büruzə verir. Lakin psixoloq Ülkər Məmmədli bildirir ki, depressiya intihar üçün kritik risk faktoru olsa da, depressiyadan əziyyət çəkən hər insan intiharı düşünmür. Bəs depressiya və ya intihar düşüncəsində olan şəxslərə necə kömək edə bilərik?
Psixoloq bildirir ki, doğru müalicə üsulları ilə depressiya müalicə oluna və intihar düşüncələrinin qarşısı alına bilər:
"İntiharı başa düşmək üçün əvvəlcə depressiyanın nə olduğunu müəyyənləşdirməliyik. Depressiya insanın daim kədərləndiyi və həyata marağının itirdiyi bir vəziyyətdir. İntihar da insanın könüllü olaraq öz ölümünə səbəb olduğu vəziyyətdir. İntihar ümumiyyətlə depressiya nəticəsində baş verir. Bəs depressiya və intiharın əlamətləri hansılardır?
Özünü çarəsiz, ümidsiz və dəyərsiz hiss etmək və bu barədə insanlara bildirmək, əhval-ruhiyyədə əsaslı dəyişikliklər, davamlı olaraq ölmək istəməkdən danışmaq, dostlardan, ailədən və sosial əlaqələrdən uzaqlaşmaq, həddindən artıq spirt və ya narkotik istifadəsi ilə məşğul olmaq, aqressiv davranış və bu kimi digər davranışların bir çoxu intihar depressiyasına sahib olan şəxslərin göstərdikləri davranışlardır.
İntihara meylli depressiya klinik diaqnoz olmasa da, tez-tez gördüyümüz bir termindir. Əksər psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri bu vəziyyəti "intihar depressiyası" adlandırırlar. Bu klinik depressiya əhval pozğunluğudur. Ümumiyyətlə, depressiyanın qəti səbəbi olmasa da, bu, beynin fiziki quruluşu, beyin kimyası, genetika və hormonlar kimi amillərin birləşməsi ilə əlaqəli ola bilər. Böyük depressiv pozğunluğun müəyyən əlamətləri var ki, bunlara adi fəaliyyətlərə marağın olmaması, narahatlıq hissləri, kədər hissləri, ümidsizlik hissləri, yuxuda və iştahda dəyişikliklər və s. kimi əlamətlər aiddir.
Ölkəmizdə kişilər və qadınlar müxtəlif kömək axtaran üslublara malikdirlər. Belə ki, depressiyaya düşən bir qadın mütəxəssisə müraciət etməyi seçsə də, depressiyaya düşmüş kişi psixoloji şikayətlərini ifadə etməyi, müalicə üçün müraciət etməyi zəiflik hesab etdiyi üçün psixiatrik yardım almaqdan çəkinir və depressiyasını spirtli içkilərlə və ya digər uyğun olmayan yollarla müalicə etməyə çalışır.
Kişilərdə və qadınlarda depressiyanın simptomları oxşardır, lakin kişilər simptomlarını fərqli şəkildə ifadə edirlər. Bunun başlıca səbəbi, xüsusən də bizim kimi ölkələrdə insanın aldığı tərbiyədən qaynaqlanan hər zaman güclü olması fikridir. "Kişilər ağlamaz" devizi ilə böyüyən insan özünü hər şəraitdə güclü olmaq məcburiyyətində hiss edir, hər işdə çətinlik çəkdiyini özünə belə etiraf etməkdə çətinlik çəkir. Mədəni olaraq duyğuları ifadə etməyin qadın davranışı olduğu düşünülür və kişilər nəzarətdə, uğurlu və güclü olmaq kimi miflərə görə duyğularını gizlətməyə meylli olurlar. Onlar depressiya hisslərini boğmağa çalışarkən narahatlıq və gərginlik yaşayırlar. Qəzəbli, aqressiv, kobud və hirsli olmaq mədəni olaraq daha kişi davranışları kimi qəbul edildiyi üçün depressiyaya düşən kişilər bu əlamətləri daha asan göstərirlər.
Əhval-ruhiyyə pozğunluğu olan insanların 20-40%-də intihar düşüncələri və hərəkətləri baş verir. İntihar edənlərin əksəriyyəti də əvvəldən intihara cəhd edir. Təəssüf ki, intihar riski həmişə simptomların şiddəti ilə əlaqəli deyil. Bunun ağır depressiyada baş verdiyini, lakin yüngül depressiyada da olmadığını ümumiləşdirmək olmaz.
Qadınlar kişilərdən 3-4 dəfə çox intihara cəhd edirlər. Lakin araşdırmalar göstərir ki, kişilər qadınlardan daha çox intihar edirlər. Bu səbəbdən kişilər daha riskli hesab edilir və xüsusilə intihara cəhddən sonra kişi xəstələrin izlənilməsi lazımdır. Təkrarlanan intihar davranışı digər yaş qruplarına nisbətən yeniyetmə və gənclər üçün daha xarakterikdir. İrəli yaşda (65 yaşdan yuxarı) intihar edərək dünyasını dəyişənlərin yeniyetmələrdən fərqli olaraq əvvəlki cəhdləri yoxdur.
Gözlənilənlərin əksinə olaraq, tədqiqatlar intihar düşüncəsinin mərkəzi müəyyənedicisi kimi ümidsizliyin rolunun yüksək ola biləcəyini göstərir. Depressiv pozğunluğu olan xəstələrdə ümidsizlik intihar düşüncəsini izah edir. Maraqlıdır ki, narahatlıq əlamətlərinin olması ümidsizlik və intihar düşüncəsi arasındakı əlaqəni mülayimləşdirir. Bununla belə, açıq şəkildə demək olar ki, depressiya əlamətlərinin şiddəti ümidsizlikdən daha çox intihar düşüncəsini proqnozlaşdırır. Daha ağır depressiyalarda intihar riski daha yüksəkdir.
İntihar nəticəsində hər beş ölümdən biri boşanma, ayrılıq, mübahisələr, qısqanclıq, münaqişələr və ya sizin də qeyd etdiyiniz kimi qarşılıqsız sevgi kimi mövcud və ya keçmiş sevgi problemləri ilə bağlıdır.
İnsanlar tez-tez intihar düşüncələri və hərəkətləri haqqında danışarkən rahat hiss etmirlər. Ancaq bir insanın özünə zərər vermə düşüncələri olduğunu hiss etdikdə, ediləcək ən yaxşı şey bu barədə açıq şəkildə ünsiyyət qurmaq və intihardan şübhələndiyiniz şəxsin həkim tərəfindən qiymətləndirildiyinə əmin olmaqdır. Təcili müdaxilənin zəruri olub olmadığını müəyyən etmək üçün kəskin intihar riskinin olub olmadığını öyrənməyə çalışmanız vacibdir. Bununla belə, intihar riski ilə bağlı vəziyyəti anlamaq asan olmaya bilər. Bir çox insan, psixi sağlamlıq səviyyəsindən asılı olmayaraq, ölüm ehtimalı haqqında düşündükləri vəziyyətlərlə qarşılaşa bilər. Bu o demək deyil ki, bu insanlar hərəkətə keçəcək. Ancaq insanların öz fikirlərini önə çəkdiyi və ona uyğun planlar qurduğu hallarda risk kifayət qədər yüksəkdir. Buna görə də intihar düşüncəsinin səviyyəsini müəyyən etməyə çalışmaq çox vacibdir".
Röyalə Xəyal