Natamamlıq kompleksli insanlar-Ekran arxası “pəhləvanlar”
5 Aprel 2024 19:00 SosialNiyə özümüzü hər şeyə fikir bildirmə məcburiyyətində görürük?
Sosial mediada elə bir paylaşım görməzsiniz ki, şərh bölməsində neqativ bir rəy olmasın. Əvvəllər bu hala daha çox cəmiyyət tərəfindən tanınan insanların şəxsi paylaşımlarında, ya da onlar haqqında olan hansısa paylaşımda rast gəlirdik. İndi isə özünü ekran arxasından hər şeyə fikir bildirmə məcburiyyətində hiss edən insanlar o qədər artıb ki, siz öz şəxsi, kiçik hesab olunan səhifənizdə belə kin, nifrət, aqressiya əks etdirən şərhlər görə bilərsiniz. Buna daha çox tanınan insanlar haqqında olan paylaşımlarda rast gəlirik. Gəlin, sizə çox yaxın zamanda baş verən hadisədən misal çəkim. Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada məlum konsert zalında terror aktı törədildi. Bu yazımı oxuyan hamı artıq çox yaxşı bilir ki, həmin saatda orda müğənni Röya Ayxanın konserti planlaşdırılmışdı. Röya öz sosial media hesabından paylaşım edərək vəziyyətinin yaxşı olduğunu izləyiciləri ilə bölüşdü. Şərhlərə heç fikir verdinizmi? Bəlkə də hazırda bu yazımı oxuyanlardan bir neçəsi bəhs edəcəyim şərhlərin müəllifləridir. "Kaş orda ölərdin", "Sənin kimisinə bu da azdır", "Allah bəlanızı verir" və s. Gəlin, düşünək. Bir insan hansı psixologiyaya sahib olmalıdır ki, birinə ölüm arzulasın, bəla oxusun. Burda məsələ bir adamın timsalında bütün belə şərhlərə məruz qalanlardan gedir. Mən kənardan baxanda bu cür aqressiya yüklənmiş insanları cəmiyyətimiz üçün çox təhlükəli görürəm.
Həmin hadisə ilə bağlı başqa bir misal daha çəkəcəm. Rus bir xanım paylaşım edərək həyat yoldaşının cəsədinin belə olsa tapılmasını istəyib. Terror hadisəsi zamanı həyat yoldaşı güllə yarası alaraq xanımı və qızının üzərinə yıxılıb. Bu sayədə xanım özünü və azyaşlı qızını qoruya bilib, çünki, onların da ölü olduğunu düşünüblər. Hadisə yerindən qaçaraq övladını xilas edən ana yoldaşının cəsədini tərk etmək məcburiyyətində qalıb. Paylaşımı etməkdə məqsədi də heç olmasa, cəsədin tapılmasıdır. "Narahat olma, qan pulu verəcəklər, onunla özünə yeni birini taparsan, siz ruslar onsuz da beləsiniz" tipli saysız şərh görə bilərsiniz həmin paylaşımda. "Siz ruslar"... Deməli bu, insanların təkcə öz millətindən olan birinə etdiyi təsir, zorakılıq deyil. Bu tip insanların gözünə millət, din, irq, yaş, cins-heç nə, heç nə görünmür.
İnsanlar niyə nədənsə məmnun olmur? Niyə özümüzü hər gördüyümüz, eşitdiyimiz şeylərə fikir bildirmək məcburiyyətində hiss edirik? Axı, belə bir qanun yoxdur. Əslində bu, böyük bir xəstəlikdir.
Sizlərlə bu cür insanların psixoloji vəziyyətini izah edən psixoloq Vəfa Rəşidovanın açıqlamasını bölüşürəm:
Ekran arxasında oturub hər şeyə neqativ fikir bildirən insanın təbii ki, ruh halı və həyatı qaydasında deyil. Birinci növbədə, rəy yazmaq üçün insan yüz dəfə düşünür ki, nəyi düz yazım, necə düz yazım ki, heç kimi incitməyim? İnsanın daxilində bu senzura var. Bir çox insanda bu senzura yoxdur. Necə gəldi, məsuliyyət daşımadan istənilən fikiri bildirə bilirlər. Bu, təbii ki, başlıca olaraq aqressiya ilə bağlıdır. Digər səbəb kimi öz yaşantısından razı olmaması, ailədaxili problemlər, özgüvən problemi, aşağılıq kompleksi, natamamlıq kompleksi ola bilər. Burda çox məqam var. Bu cür insanları neqativ fikir bildirdikləri insanlarla üz-üzə gətirsən, başlayacaqlar yaxşı fikir bildirməyə, yaxşı sözlər deməyə. Bu, əslində, xaraktersizliyin də bir formasıdır. Məsələn, xarakteri formalaşmış insan heç vaxt bunu etməz, onun senzurası olar. Fikirini bildirər, amma kimisə incitmədən, qəlbini qırmadan. Təbii ki, bu cür nifrət, aqressiya dolu şərhlər bildirənlər aqressiv və öz həyatlarından məmnun olmayan insanlardır. Bu cür insanlar ancaq belə davranışlar sərgiləyir. Öz həyatlarına diqqət etmirlər, öz həyatlarında xoşbəxt deyillər, öz həyatlarından narazıdırlar. Təbii ki, sosial şəbəkədə başqa bir həyatı görəndə ona neqativ fikir bildirmək onların daxili aqressiyasından xəbər verir.
Bu kimi insanlara fikir vermək ya verməmək, bu, artıq insanın öz seçimidir. Bəzi insanlar həmin şəxsləri məhkəməyə verir, məsələnin sonuna qədər çıxır. Bu yolla da həmin insanı cəzalandırır. Bəzi insanlar da fikir vermir. Bu, artıq seçimlə bağlıdır. Elələri olur ki, bu hərəkəti dəfələrlə təkrarlayır və qarşısındakı insanı bezdirir. Təbii ki, onlar sonra məhkəmədə görüşürlər. Bəziləri də ümumiyyətlə bu tip insanları hesaba almır. Yenə təkrar edirəm, bu seçim və insanın xarakteri ilə bağlı olan bir məsələdir. Ona görə də, bunu hər kəsə şamil edərək demək olmaz ki, belələrinə fikir verməyin, ya da belələrini cəzalandırın. Sadəcə, insanlar başqa insanlara fikir bildirərkən diqqətli olmalıdır. Daha incə olmaları və aqressiyalarını ekran arxasından ötürməmələri tövsiyə olunur. Sözləri varsa, bunu həmin adama deyə bilmirlərsə, heç olmasa bir vərəqə yazıb, cırıb atsınlar. Bu yolla daxili aqressiyaları azalmış olar.
Sosioloq Əhməd Qəşəmoğlu isə bu cür halların artma səbəbini natamamlıq kompleksli insanların çoxalmasında görür:
Bu cür halların çoxalmasına səbəb cəmiyyətdə natamamlıq kompleksi olan insanların çoxalmasıdır. İnsanın xüsusiyyəti elədir ki, o, beşikdən məzara qədər özünü təsdiq etmək tələbatı duyur. İnsan çalışır ki, hər zaman cəmiyyətdə cansısa bir sahədə özünü təsdiq etsin. Gənc ya yaşlı olmasından asılı olmayaraq hər hansı bir insan konkret işlə məşğuldursa, bir sahəni yaxşı bilirsə, o sahədə bir fəaliyyəti varsa, özünü orda təsdiq edir. Amma təəssüf ki, elə insanlarımız var ki, hətta onlar get-gedə çoxalır, cəmiyyətdə özlərinə konkret olaraq hər hansısa bir işdə, fəaliyyətdə təsdiq edə bilməyiblər. Qeyd etdiyim kimi, bu, şəxsiyyətin tələbatıdır. Onlarda həmişə belə bir kompleks yaranır, kimdənsə geridə olduğunu qəbul edə bilmir. Hər hansı sahədə özünü kimdənsə üstün hesab etmək tələbatı var. O tələbat insanı vadar edir ki, o, sosial şəbəkədə kiməsə irad bildirsin, kimisə tənqid etsin. Nümayiş etdirsin ki, bax, mən, səndən heç də kəm deyiləm. Əksinə, səndən ağıllıyam. Ona görə də, bir daha təkrar edirəm ki, belə insanların çox olması natamamlıq kompleksili, "yarımçıq" olan insanlarının çoxalması hesabınadır. Bunun xeyli günahı bizim təsil müəssisələrimizin üzərindədir. Təhsil müəssisəsində görün nə baş verir? Təəssüf ki, son illərdə xeyli "yarımçıq" müəllimlər yetişdi. Bu da ona görə oldu ki, 90-cı illərdə pedaqoji təhsil verən müəssisələrdə rüşvət halı çoxaldı, tələbələrin çoxu ali məktəblərə rüşvətlə daxil oldu, rüşvətlə oxudu, rüşvətlə bitirdi, rüşvətlə işə düzəldi. Ona görə də, müəllimlərimiz arasında "yarımçıqlığı" çox olan, lazımı şəkildə müəllimlik keyfiyyəti olmayan insanlarımızın sayı çoxalıb. Çox təəssüf edirəm. Onlar da şagirdləri bu şəkildə yetişdirirlər. Deyək ki, bir sinifdə olsun 35-40 şagird. Bunun çox olsa, 10 faizi dərslərini yaxşı yerinə yetirir. Statistika belədir, lap olsun 20 faiz. Yerdə qalan şagirdlər isə müəllimlərin verdiyi tapşırığı yerinə yetirə bilmir. Bu uşaqları 11 il orta məktəbdə danlayırlar. "Sən yarımçıqsan!", "Sən bacarıqsızsan!", "Sən dərsi yerinə yetirə bilmirsən!". 11 il danlanmış adamda bu natamamlıq kompleksi yaranmalıdır. Ona görə də, bu məsələ sadə məsələ deyil. Bu, bir simptomdur, xəstəliyin üzdə görünən əlaməti, göstəricisidir. Bunların arxasında cəmiyyətdə gedən arzuolunmaz proseslər dayanır.
Qiymət Mahir