Eyni dərs, ayrı dünyalar

Rayon və şəhər uşaqları eyni dərsi keçsə də, imkanlar, gələcəklər fərqlidir

Təhsil - bir insanın dünyanı qavrama, özünü tanıma, həyatını qurma yoludur. Hansı ölkədə təhsil güclüdürsə, orada sabah daha parlaqdır. Təhsil, ölkənin ədalət güzgüsüdür. Əgər bu güzgüdə kiminsə üzü aydın görünmürsə, deməli, orada işıq hamıya eyni düşmür. Təhsil, bir millətin gələcəyinə verdiyi ən güclü cavabdır. Əgər bu cavab rayonlarda zəif səslənirsə, deməli biz ölkə olaraq gələcəyimizi tək ayaq üstə saxlayırıq. Bərabər təhsil - yalnız eyni dərs proqramı deyil, eyni müəllim keyfiyyəti, eyni şərait, eyni motivasiya və eyni dəstəkdir.

Azərbaycanda minlərlə uşaq məktəb həyatına bərabər hüquqla başlayır. Amma bu bərabərlik praktikada çox zaman özünü göstərmir. Əgər bir məktəbdə dərs interaktiv lövhədə, rahat sinifdə keçirilirsə, digər məktəbdə şagirdlər hələ də köhnə partalarda oturur, sinfi soba ilə qızdırırlar və təhsil təməl ehtiyaclarla mübarizəyə çevrilir. Təhsil deyəndə təkcə kitab nəzərdə tutulmur. Təhsil - müəllimlə, şəraitlə, motivasiya ilə, texnologiya ilə bütöv bir mexanizmdir. Rayonlarda isə bu mexanizmin çox hissəsi çatışmır.

Bəzi kəndlərdə məktəb binası var, amma içində həyat yoxdur. Elektrik fasilələrlə gəlir, istilik sistemi ya köhnədir, ya da ümumiyyətlə yoxdur. Belə şəraitdə şagirdin diqqətini dərsdə saxlamaq da çətindir, müəllimin motivasiyasını qorumaq da.

Ən çox diqqətdən kənarda qalan məqamlardan biri də psixoloji və sosial fərqlərdir. Şəhərdə uşaq psixoloqları, məktəbdaxili sosial işçilər, dəstək proqramları mövcuddur. Regionlarda isə uşaqların həm akademik, həm də psixoloji ehtiyacları eyni müəllimin üzərinə yüklənir. Uşaqların özünüifadə bacarığı, inamı və potensialı - hamısı bu sistemdə itib gedir. Nəticədə, onlar yalnız dərs yox, həm də özlərinə inam hissini itirirlər.

Valideynlərin təhsilə yanaşması da bərabərsizliyə təsir edən amillərdəndir. Şəhərdə valideyn daha çox məlumatlıdır, övladının təhsilinə yön verə bilir. Kənddə isə valideynin təhsillə bağlı bilikləri daha azdır. Belə olanda, uşaq nə qədər istedadlı olsa da, istiqamət verən olmayanda, o istedad da kölgədə qalır. Paytaxtda bir məktəbdə dərslər müasir texnologiyalarla keçirilirsə, cəmi bir neçə saatlıq məsafədə - rayonların əksər məktəblərində uşaqlar hələ də soyuq sinif otaqlarında oturur. Bir sinifdə robototexnika dərsi keçirilir, digərində isə uşaqlar bir dənə işlək kompüterin ətrafına toplaşır. Bir məktəbdə şagirdlər layihə hazırlayıb beynəlxalq müsabiqələrə qatılır, digərində isə şagird hələ də internetin nə olduğunu bilmədən mətn əzbərləyir. Bəzi yerlərdə valideynlər övladlarını dərsə göndərə bilmək üçün nəqliyyat problemi ilə üz-üzə qalır. Çünki məktəbə getmək üçün piyada belə bir neçə kilometr yol qət etmək lazımdır .

Mövzu ilə bağlı Təhsil eksperti Qoşqar Məhərrəmov Olaylar.az-a açıqlamasında bildirib ki, təhsil bərabərsizliyi iqtisadi bərabərsizliyin nəticəsidir: "Regionlarda təhsil alan şagirdlərin əsas çətinlikləri bunlardır ki, birincisi, sertifikasiya imtahanında yüksək nəticə toplamış müəllimlərin əksəriyyəti ya şəhər mərkəzlərinə, ümumiyyətlə, ya da ölkənin mərkəz şəhəri olan paytaxta və ətrafına gedir. Deməli, müəyyən qədər zəif müəllimlər regionlarda tədrislə, təlimlə məşğul olur. Bu, bir əksiklikdir.

İkincisi, regionlarda elə məktəblər var ki, hələ də qazlaşdırılmayıb, internet xətti ya yoxdur, ya da çox zəifdir. Həyətyanı sahə var, amma həmin sahədə hər hansı bir idman fəaliyyəti ilə məşğul olmaq üçün infrastruktur yoxdur. Bunlar hamısı region məktəblərində tez-tez rast gəlinən problemlər sırasındadır.

Ümumiyyətlə, binaların yeni, müasir standartlara cavab verməsi məsələsi regionlarda sual altındadır. Əlbəttə, yeni məktəblər açılır, təzə məktəblər tikilir. Bu məktəblərdə sadaladığımız problemlərə rast gəlinmir. Amma elə məktəblər də var ki, hələlik təmirini gözləyir və ya əsaslı təmir olunmağı, yaxud sökülüb yenidən tikilməyi gözləyir. Qəza vəziyyətində olan məktəblər var. Xüsusilə, zəruri ehtiyaclar sayıla biləcək məsələlər - məsələn, qaz, internet, su şəbəkəsi, məktəbin sanitar qovşaqlarının standartlara uyğun olması - bir çox məktəbdə hələ də həllini gözləyən məsələlərdir.

Bunlar, əlbəttə, region məktəblərində şagirdlərin dezavantajlı durumudur, yəni onların əksikliyidir. Ali təhsilə çıxış imkanlarına gəldikdə isə, region məktəblərində də güclü repetitorlar var və həmin repetitorlara gedərək yüksək nəticələr toplayan şagirdlər də olur. Amma ümumi vəziyyətə baxdıqda görürük ki, Dövlət İmtahan Mərkəzinin statistikalarında Bakı və ətraf rayonlar daha güclü ortalama nəticələr göstərir. Bu da onu göstərir ki, Bakı və ətrafında müəllim yanına getmək, kursa getmək imkanları daha genişdir. Ona görə də həmin zonada şagirdlərin daha böyük hissəsi xüsusilə hazırlıqla məşğul olur. Amma regionlarda isə insanların maddi imkanlarının müəyyən qədər aşağı olması nəticəsində bir çox şagird ümumiyyətlə universitetə hazırlaşa bilmir. Hazırlaşa bilmədiyi üçün də həmin şagirdin universitet arzusu artıq puç olur. Universitetə daxil olmaq üçün hazırlığa getmək artıq bir növ zərurətə çevrilib. Hazırlığa getmədən universitetə daxil olanların sayı çox azdır. Ona görə də əgər hazırlığa getmək üçün maddi imkanı yoxdursa, həmin şagird adətən universitet planı qurmur.  Yəni, regionlarda təhsil alan şagirdlərin bu mənada arzuları da kiçik olur, xəyalı da kiçik olur. Bu mənada belə bir bərabərsizlik, yəni iqtisadi bərabərsizliyin nəticəsində ortaya çıxan təhsil bərabərsizliyi mövcuddur. Xüsusilə qeyd etməliyəm ki, bu təhsil bərabərsizliyi iqtisadi bərabərsizliyin nəticəsidir və yaxın gələcəkdə həmin təhsil bərabərsizliyi yenidən iqtisadi bərabərsizliyi doğurur.

Təhsil bərabərsizliyini azaltmaq üçün dövlət səviyyəsində görülməli olan işlər var. Bütün məktəblər qazlaşdırılmalıdır, bütün məktəblər sürətli internet şəbəkəsinə qoşulmalıdır, bütün məktəblərdə eyni səviyyədə müəllim standartları tələb olunmalıdır. Müəllimlər eyni səviyyədə hazırlanmalı, yetişdirilməli, peşəkar hazırlıq prosesinə cəlb olunmalıdır və bu mənada bütün məktəblərin təhsil standartlarını bərabərləşdirmək lazımdır. Bunu etmək, əlbəttə ki, bir neçə ilin işi deyil. Uzun illər bu işlə məşğul olmaq, regionların ümumiyyətlə iqtisadi və mədəni rifahı üçün müəyyən işlər görmək lazımdır. Bu işlər isə ölkə səviyyəsində müxtəlif nazirliklərin koordinasiyası ilə həyata keçirilə biləcək işlərdir".

Məktəb yalnız bilik yeri deyil. Məktəb, uşağın özünə inamının formalaşdığı, gələcək xəyalının doğulduğu yerdir. Əgər bu məktəbdə müəllim motivasiyadan düşübsə, şərait minimum ehtiyaclara cavab vermirsə, uşaq sabaha inamsız addımlayır. Regionlarda təhsildəki problemləri görməməzlikdən gəlmək gələcək nəsilləri riskə atmaq deməkdir. İmkanlar yalnız şəhərdə deyil, hər yerdə bərabər olmalıdır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31