Çin niyə İrana təhlükəsizlik zəmanəti vermir?- ÖZƏL
13:26 Dünya"ABŞ və İsrailin İrana hücumlarında fasilə, atəşkəsin davam etməsi ehtimalı yüksəkdir. Ancaq bu atəşkəs müəyyən müddəti əhatə edəcək. Məlumdur ki, ABŞ-ın İrana başladığı müharibədə konkret strategiyanın olmaması, xüsusi xidmət orqanlarının yanlış hesablamaları qarşıya qoyulan məqsədləri hərbi yolla qısa müddətdə tam əldə etməyə imkan vermədi". Bunu "Olaylar"a siyasi şərhçi Vüqar Dadaşov deyib: "ABŞ-ın İranın Hörmüz boğazını qapatmasına cavab olaraq tətbiq etdiyi İranın iqtisadi dəniz blokadasının daha effektiv olduğu qənaəti ortadadır. İrana hücumlar İran xalqını, silahlı qüvvələri hakimiyyət ətrafında birləşdirdiyi halda, dəniz blokadası İranın daxili iqtisadi böhranı sosial narazılığı dərinləşdirir, etirazlara səbəb olur. Hakimiyyəti qruplara bölür, əhalini hakimiyyətə qarşı çıxmağa sövq edir. Həmçinin ABŞ blokada ilə hərbi gücünü qoruyur, maddi xərclərini azaldır. Ən əsası isə İrandan Çinə neft ixracının əhəmiyyətli hissəsini dayandıra bilib.
Hal-hazırda iqtisadi blokada ABŞ-a hərbi hücumlardan daha çox nəticə verir və İrandan istəklərini rəsmiləşdirənə qədər bu üsulun istifadə ehtimalı yüksəkdir. İqtisadi blokada ümumiyyətlə İranın neft infrastrukturunu tamamilə yararsız, bərpası çox çətin vəziyyətə gətirir. Artıq İranda istehsal olunan neftin ixrac olunmaması saxlanc imkanlarını tükəndirir. Yəni, ölkədə neft istehsalı dayanmalıdır. Bu da çox çətin texniki proses olan neft quyularının qapadılması və nəticədə İranın gəlirlərinin kəskin azalması, neft infrastrukturunun ciddi zədələnməsi deməkdir.
Qısası, ABŞ və İsrailin İrana hücumları xalq və dövlət vəhdətini gücləndirdiyi halda, iqtisadi blokada bu vəhdəti dağıdır. Artıq İranda daxili ixtişaşların başlama ehtimalı yüksəlib və ciddi narahatlıq hiss olunur.
Son proseslərin analizi göstərir ki, indiki vəziyyətdə İran danışıqlarda daha çox maraqlıdır nəinki ABŞ. Tramp administrasiyası müharibədə Çinə İrandan neft ixracını nəzarətə götürmək, ölkədə rejim dəyişikliyi, ballistik və ən əsası da nüvə proqramının dayandırılması, zənginləşdirilmiş uranın İrandan çıxarılması məqsədini güdürdü. Nəticə budur ki, İranda hakimiyyət böhranı var, İran parlamentinin sədri Qalibafın danışıqlar prosesindən kənarlaşdırılması buna sübutdur və SEPAH da faktiki ölkəni idarə edir. İran nüvə proqramını dayandırması və zənginləşdirilmiş uranın ölkədən çıxarılması danışıqlar predmetidir. Yeri gəlmişkən, Trampın Çinə səfərinin təxirə salınmasının səbəbi də məhz İranla bağlı hələ ki, təsiredici nəticənin əldə edilməməsidir.
Əlbəttə ki, iqtisadi blokada uzunmüddətli xarakter daşıya bilməz. Bu, İran iqtisadiyyatının və neft ixracının sıradan çıxması deməkdir. İqtisadi blokada İranda əhalinin hökumətə qarşı mitinqlərə sürükləyir. Prosesin sürətləndirilməsi üçün İranın inzibati dövlət orqanlarının və lider şəxslərinin yenidən vurulması mümkündür. Yəni, proses faktiki İranın kapitulyasiyasının rəsmiləşdirilməsi mərhələsinə keçid edib. İran xarici işlər naziri Araqinin xarici səfərlərinin intensivləşməsi də məhz tam "kapitulyasiya"dan xilas cəhdidir. Araqçinin Rusiyaya səfəri və prezident Putinlə görüşü və İrana Rusiyadan təhlükəsizlik zəmanəti özlüyündə İranın nə qədər çıxılmaz vəziyyətinin sübutudur. Çünki, Rusiya hətta Ukrayna qarşısında öz təhlükəsizliyini belə təmin etmək iqtidarında deyil, nəinki İranın. Digər tərəfdən, Rusiya Qərblə faktiki bütün körpüləri yandırıb və itirəcəyi yoxdur.
Rusiyadan fərqli olaraq, Çinin isə İrana publik təhlükəsizlik zəmanətindən yayınması İranla bağlı prosesin ümidverici olmaması və Çinin ABŞ-la birbaşa konfliktə girməmək istəyi və ABŞ-la müəyyən razılaşmalara getməyə hazırlığının göstəricisi ola bilər. Olsun ki, Trampın Çinə təxirə salınmış səfərində razılaşmalar təsdiqlənsin. Praktik siyasi ənənəsinə uyğun olaraq, Çin heç vaxt uduzan tərəfin yanında rəsmi öhdəlik götürmür".