Nüvə böhranı dərinləşir: ABŞ və İran arasında yeni savaş siqnalları- ÖZƏL
17:24 SiyasətABŞ prezidenti Donald Tramp bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları ya ABŞ-a daşınaraq məhv ediləcək, ya da İranın daxilində və ya başqa uyğun bir yerdə beynəlxalq nəzarət altında utilizasiya olunacaq. O, bu prosesdə ABŞ Nüvə İnstitutunun müşahidəçi kimi iştirakını da təklif edib. Tramp həmçinin İranın nüvə silahına sahib olmasına qarşı olduqlarını bir daha vurğulayıb.
Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində gərginliyi azalda bilər, yoxsa əksinə daha da kəskinləşdirə bilər?Zənginləşdirilmiş uranın başqa ölkəyə daşınması və məhv edilməsi təklifi beynəlxalq hüquq və nüvə təhlükəsizliyi baxımından nə qədər real və tətbiq oluna biləndir?Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" İranın zənginləşdirilmiş uran ehtiyatını ABŞ-ın tələb etməsinin özü beynəlxalq hüquq baxımından dəqiqləşməlidir. Beynəlxalq hüquqa görə öz nüvə silahı olan dövlət başqa dövlətin eyni silahı istehsal etməsinə hansı əsaslarla müdaxilə edə bilməsi müəyyən olunmalıdır. İranın nüvə silahı istehsal etməsi də dəqiq deyil, qeyri-müəyyəndir. İran özü dinc məqsədlər üçün uranı zənginləşdirdiyini bildirir. Ümumiyyətlə İranı çox sıxsalar o nüvəni ya Rusiyaya ya da Hindistana ötürə bilər. Hələ ki, ABŞ ilə nəticəsiz danışıqlar davam edir. Çox güman ki, real nəticə də olmayacaq. Danışıqları da tərəflər etdikləri müharibəyə uyğun aparırlar. Yəni, hər iki tərəf özünü qalib qarşı tərəfi isə məğlub elan edib. Belə olduğu təqdirdə bir-birinə qarşı irəli sürdükləri şərtləri də yumşaltmaq istəmirlər. Çünki hərəsi özünü qalib tərəf hesab edir. Bu müəmma və ziddiyyətli durum çox sürə bilməz. İran uranı ümumiyyətlə təhvil verməyə hazır deyil. Çünki özünü qalib sayır. ABŞ isə yalnız hava hücumu nəticəsində yaxud xüsusi əməliyyatla sözü gedən məhsulu çıxara yaxud məhv edə bilər. Bu da yeni savaş deməkdir. Beynəlxalq təşkilatların ümumiyyətlə bu məsələdə rolu və təsiri sönükdür, praqmatik deyil. Ümumi nəzəriyyəyə əsasən formal tələblər yaxud tövsiyyə xarakterli bəyanatlar verirlər. Trampın təhdid dolu açıqlamaları heç nəyi dəyişmir, çünki sözdə hədələri İran adi qarşılayır. ABŞ onsuz da istər vaxtilə İraqa qarşı nüvə silahı ittihamı ilə hücum edəndə, istərsə də Venesuela liderinə qarşı məlum əməliyyatı icra edərkən beynəlxalq hüququ nəzərə almayıb. Ona görə də İranın nüvə proqramı ilə bağlı da beynəlxalq təşkilatların rəyi yaxud beynəlxalq hüquq Vaşinqton üçün formal xarakter daşıyır. Özü diktə edir, özü işğal edir. ABŞ-nin İrana qarşı beynəlxalq təşkilatların mövqeyini nəzərə almadan, dünya ilə razılaşdırılmamış addımları sözü gedən nüvə ehtiyatını mühüm təhlükəyə çevirib. Çünki 400 kq-dan artıq məlum zənginləşdirilmiş nüvə İran hakimiyyətindən daha təhlükəli qrupların əlinə keçə yaxud məqsədli şəkildə ötürülə bilər. İran çıxılmaz vəziyyətdə həmin nüvəni terror təşkilatlarına da ötürə bilər. Yaxud İsrail və ABŞ kəşfiyyatı məqsədli şəkildə bunu təşkil edə bilərlər ki, növbəti ölkələrə qarşı vaxtilə İraqa qarşı etdiklərini etsinlər. Uranın başqa ölkəyə daşınması yaxud təhvil verilməsi mürəkkəb məsələdir. İran hakimiyyətinin bundan qəti imtina edəcəyi gözlənilir. Trampın açıqlamaları İran hakimiyyəti tərəfindən artıq tamamilə qeyri-ciddi qəbul olunur. Reallıqda isə İran atəşkəs dövründə bütün hərbi potensialını bərpa edib, hətta dağların altındakı raket bazalarının uçqun və bombardman nəticəsində bağlanmış keçidlərini də açmağa nail olub. Hazırda İran müharibədən əvvəlkindən daha tədbirli, daha təcrübəli, daha ayıqdır. Əvvəllər əhalinin ayaqlanması, etirazlar müəyyən narahatlıq doğururdusa indi o problem də aradan qalxıb, əhali hakimiyyətə qarşı susqundur. Habelə keçmiş ali dini liderin sağlığında öz yerinə oğlunu keçirməsi böyük narazılığa, hətta ideoloji hakimiyyətin bölünməsinə gətirib çıxara bilərdi ki, keçmiş iğtişaşların müşaiyəti ilə bu proses problemə çevrilə bilərdi. Lakin ABŞ bu mərhələni keçməkdə də İran hakimiyyətinə məxməri şəkildə yardımçı oldu və tamamilə asan üsulda yeni lider təyin olundu. Eyni zamanda həlak olan komandir və hərbi personalın yerinə daha gənc və daha barışmaz fiqurlar gətirildi. Hörmüz boğazı da hazırda demək olar ki, İranın nəzarətindədir. Belə olduğu halda İranın uranı ABŞ-ın təhdidi ilə məhv etməsi mümkün görünmür. Əks halda bu qədər dağıntı, müharibə nə üçün idi? Əgər təhvil versə idi, müharibədən əvvəl verə bilərdi. Ələlxüsus da indiki durumda ABŞ və İsrail İranı arzu etdikləri, nəzərdə tutduqları formada məğlub edə bilməyiblər. Hakimiyyət yerində, xalq - hakimiyyət münasibətlərində təhlükəli ehtimallar minimum, hər kəs öz yerində, nüvə də əvvəlindən daha təhlükəsiz şəraitdə qorunur. Belə olduğu halda İranın sadəcə ABŞ-ın quru təhdidlərinə qarşı uranı təhvil verməsi ucuz bazarlıq olar. Əgər fərz etsək ki, bu baş verə bilər, o zaman İran ABŞ-dan urandan daha artığını almalıdır ki, sözü gedən proses baş versin. O da absurd görünür".
Zeynəb Mustafazadə