Yaxın Şərqdə bitməyən münaqişə: Avraam sazişləri çıxış yolu deyil?- ÖZƏL
15:10 SiyasətAvraam sazişləri ABŞ-ın vasitəçiliyi ilə İsrail və bəzi ərəb ölkələri arasında münasibətləri normallaşdıraraq regionda yeni siyasi balans yaratmağı hədəfləyən strateji təşəbbüsdür. 2020-ci ildən etibarən İsrail, BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında diplomatik əlaqələr qurulub və bu proses İsrailin legitimliyini gücləndirməyə, həm də İranın təsirini balanslaşdırmağa yönəlib. Bununla paralel olaraq, regionda davam edən gərginlik və hərbi toqquşmalar bu razılaşmaların fonunda Yaxın Şərqdə sabitliyin hələ də kövrək olduğunu göstərir.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Məlumdur ki, əsasən İranla ABŞ arasındakı məlum gərginlik və müharibə vəziyyəti əsasən İsraillə bağlıdır. İsrailin ərazilərini dayanmadan genişləndirmək və nəticədə gələcəkdə "Böyük İsrail" qurmaq planlarına qarşı qonşu ölkələrin dirənişi Yaxın Şərqdə davamlı savaş ab-havası yaradır. Sözü gedən saziş əslində ərəb ölkələrini ram edərək bu plana müqavimətini qırmaqdır. BMT kimi nüfuzlu beynəlxalq təşkilatların Fələstin dövlətinin yaranması ilə bağlı qətnaməsi müqabilində istənilən saziş yalnız İsrailin maraqlarına xidmət edir. İran isə indiyədək özünü elə təqdim edib ki, guya İsrailə qarşı mübarizə aparır və ərəb dövlətlərinin hüququnu müdafiə edir. Lakin nəticələr onu göstərir ki, İran əslində İsrailin maraqlarına xidmət edir. Həmasın İsrailə son hücumu nəticəsində İsrail Qəzzanın altını üstünə çevirdi, 70 mindən artıq insan öldü. Həması İsrailin üstünə təhrik edən təbii ki, İran idi. Hazırki müharibə də əslində həmin başlanğıcın davamıdır. Odur ki, "Avraam sazişləri" kimi planlar müəyyən mövsümi xarakter daşıyır ki, onu da təxirə salmaq yaxud işə salmaq yenə İsrailin əlindədir. Ümumiyyətlə Yaxın Şərqdə sülh və davamlı sabitlik heç zaman mümkün olmayacaq. Geosiyasi və geostrateji mərhələlər, fərqli mövqeyi olan dövlətlər, kənar müdaxilələr artıq bu münaqişəyə əbədilik qazandırıblar. Yaxın Şərqdə sülhü təmin edə biləcək yeganə qüvvə Türkiyədir ki, ona da İsrail mane olur. Çünki 400 ildən artıq Osmanlı imperiyasının tərkibində olan sözü gedən ərazilərin əhalisi də, ərazisi də bilavasitə Türkiyə ilə bağlıdır. Əgər hansısa bir saziş olacaqsa bu mütləq Türkiyənin iştirakı ilə fayda verə bilər. Əvvəlcə İsrailin konstitusiyası qəbul edilib, rəsmi dövlət sərhədinin müəyyən olunması lazımdır. Dini mətnlərə əsasən ifadə olunan dövlət mövqeyi mütəmadi olaraq dəyişə, fərqli streteji istiqamət ala bilir. Ona görə də İsraillə müqavilə, razılaşma su üstündə yazı kimi müvəqqəti olur. "Avraam sazişi"-nin bölgədə sülhü təmin edəcəyi, yaxud müəyyən stabillik yaradacağı ehtimalı indiki halda minimumdur. Üzv ölkələrin çıxması da mümkündür. Çünki reallıqda müsbət heç bir nəticə yoxdur".
Zeynəb Mustafazadə