Azad Məsiyev: “Yaxın Şərqdəki hadisələr birbaşa ABŞ-nin nəzarəti və himayəsi altındadır” – ÖZƏL
17:09 Siyasət"Yaxın Şərqdə baş verən hadisələr birbaşa Amerika Birləşmiş Ştatlarının nəzarəti və himayəsi altında baş verir. Amerika Birləşmiş Ştatları İsrailə həm siyasi, həm də hərbi dəstək verməsə idi, İsrail Yaxın Şərqdə bu cür aqressiv siyasət həyata keçirə bilməzdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçinin sözlərinə görə, bu da ondan irəli gəlir ki, Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələn prezident yəhudi lobbisinin himayəsi və dəstəyi ilə hakimiyyətə gəlir. Həm maliyyə, həm də siyasi baxımdan dəstək alaraq hakimiyyətə gətirilir. Yəhudi lobbisinin dəstəyini alan prezidentin isə yəhudilər qarşısında müəyyən mənəvi borcu formalaşır. Bu da Yaxın Şərqdə İsrailə dəstək vermək anlamına gəlir. Hətta bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında bəzi siyasi ekspertlər və ictimai-siyasi xadimlər açıq şəkildə bəyan ediblər ki, Amerika Birləşmiş Ştatları yəhudilərin nəzarəti altında idarə olunur və bu fikirlər ictimai rəydə mənfi qarşılanıb. Məsələ ondadır ki, İsrailin strateji məqsədi böyük yəhudi dövləti, yəni "böyük İsrail" dövləti yaratmaqdır. Bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahu əlinə bir tarixi sənəd alaraq "Vəd olunmuş torpaqları əldə edəcəyik" şüarı ilə çıxış edib. "Vəd olunmuş torpaqlar" anlayışı isə İsrailin qonşu ərazilər hesabına genişlənməsi kimi izah olunur. Hazırkı İsrail ərazisinin Fələstin torpaqları hesabına yaradıldığı da məlumdur. Bu baxımdan Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə İsraili bütün vasitələrlə dəstəkləyərək regionda təsirini gücləndirir.
"Onu da qeyd edim ki, Yaxın Şərqdə, daha doğrusu ərəb dünyasında, hansı ərəb dövləti Amerika Birləşmiş Ştatlarının siyasətinə uyğun hərəkət etməzsə, İsrail həmin dövlətə qarşı yönləndirilir. Bu baxımdan Avraam müqavilələri də bu ideyanın tərkib hissəsi kimi təqdim olunur. Məqsəd dövlətlərin bu prosesə qoşulması, İsrailin toxunulmazlığına təminat verilməsi və ona qarşı siyasət aparılmamasıdır. İsrailin əl-qolunu genişləndirmək üçün bu cür müqavilələr ortaya atılır və ayrı-ayrı ərəb dövlətlərinə təzyiqlər göstərilərək onların bu razılaşmalara qoşulması istənilir. Bununla da İsrailin apardığı aqressiv siyasətə qarşı çıxışların qarşısı alınır. Gəlin bir məqama diqqət yetirək. Yaxın Şərqdə İsrail istər Qəzzada, istərsə də Fələstinin digər bölgələrində kütləvi şəkildə soyqırımı siyasəti aparır, 100 minə yaxın dinc əhalini qətlə yetirir. Buna baxmayaraq, dünya ictimaiyyəti niyə biganə qalır? Niyə buna qarşı səsini çıxarmır? Və bu siyasəti həyata keçirən İsrail dövlətinə qarşı niyə sanksiyalar tətbiq olunmur? Hansı dövlət İsrailə qarşı etiraz səsini qaldırırsa, bu zaman Amerika Birləşmiş Ştatları həmin dövlətə təzyiq edir. Bu baxımdan Avraam müqavilələrinin də məqsədi İsrailə qarşı çıxışların qarşısını almaqdır. İsrail isə bu razılaşmalardan istifadə edərək daha aqressiv siyasət həyata keçirir və işğalçılıq siyasətini genişləndirir. İstər Suriya, istər Liviya, istərsə də İran ərazilərində zonalar yaradaraq yüz kilometrlərlə ərazini nəzarətə götürmək və bunu öz ərazisinə birləşdirmək kimi addımlar atılır. İranda baş verən hadisələr də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Çünki "böyük İsrail" dövlətinin yaradılmasına İran müəyyən mənada maneə kimi görülür. Bu səbəbdən İranın neytrallaşdırılması hədəflənir ki, İsrailin imkanları daha da genişlənsin. Eyni zamanda ayrı-ayrı dövlətlərin Avraam müqavilələrinə daxil edilməsi ilə İsrail üçün toxunulmazlıq mühiti formalaşdırılır. Bu siyasətin arxasında isə birbaşa Amerika Birləşmiş Ştatlarının dayandığı qeyd olunur. Ümumilikdə, Birləşmiş Ştatlar regionda bu cür siyasət həyata keçirməklə öz maraqlarını təmin etməyə çalışır", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova