Ermənistanda iqtidar-kilsə savaşı: kim qalib gələcək?
6 İyun 12:03 SiyasətErmənistanın "milli" ideologiyasının formalaşmasında, ölkənin daxili və xarici siyasətinin cizgilərinin cızılmasında kilsənuin rolu danılmazdır. Başqa sözlə, kilsə - ermənilər üçün "kiçik Ermənistan" anlamını daşıyır. Lakin "Dənizdən dənizə-böyük Ermənistan" xülyasının reallaşdırılması üçün kilsə əsrlərdir ki, dəridən-qabıqdan çıxmaqdadır. Ermənilər istəklərini reallaşdırmaq üçün əvvəlcə kilsə qurmağa və orada dini ayinlərdən əlavə millətçilik ruhunda təbliğat aparmağa başlayırlar. Digər kilsələrə iddia irəli sürərək öz "Kiçik Ermənistanlar"ının sayını çoxaldır və bu yolda yorulmadan səylə çalışırlar. Eynən Azərbaycanın qədim və əzəli ərazilərində olduğu kimi.
Lakin 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda kilsə-iqtidar qarşıdurması erməni cəmiyyətini iki yerə parçalayıb. Azərbaycanın işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin etməsi kilsə tərəfindən heç cür həzm edilə bilmir. Çünki, Azərbaycanın bu Zəfəri kilsənin əsrlərdən bəri formalaşdırdığı "Böyük Ermənistan" ideologiyasını darmadağın etdi. Yeni dünya düzəmində Ermənistanın dövlət kimi qala bilməsinə çalışan Baş nazir Nikol Paşinyan isə erməni cəmiyyətini reallıqla barışmağa sövq edir. Məhz bu fikir ayrılığı İrəvanda kilsə-iqtidar qarşıdurmasını pik həddə çatdırıb. Məlumdur ki, Azərbaycanın hərbi-siyasi qələbəsindən sonra Erməni Apostol Kilsəsinin rəhbərliyi Paşinyanı sərt tənqid etdikdən və onun istefasını tələb etdikdən sonra tərəflər arasında qarşıdurma daha da dərinləşib.
Paşinyanın erməni keşişlərini "subaylıq andını pozmaq"da ittiham etməsi ilə yenidən başlanan kilsə-iqtidar qarşıdurması Ermənistanda hakimiyyət uğrunda mübarizə üçün bir bəhanə olub. Həmçinin, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının parlament fraksiyası bu dəfə kilsənin dövlətə qarşı maliyyə hesabatlılığını qanunla tənzimləmək istəyir. Fraksiya katibi Artur Ovannisyanın sözlərinə görə, sosial şəbəkədə keçirilən sorğuda iştirak edənlərin 96 faizi bu təşəbbüsə "bəli" deyib. Lakin məsələ sadəcə maliyyə şəffaflığı ilə bağlı deyil. Ermənistan Konstitusiyasında kilsə ilə dövlətin ayrı olduğu açıq şəkildə qeyd olunur. Belə bir dəyişiklik isə əsas qanunun yenidən işlənməsi deməkdir. Bu yol isə Ermənistanı konstitusiya dıəyişikliklərinə apara bilər.
İşğal və revanşizm ideologiyasının kilsədən qaynaqlandığını nəzərə alsaq, bu mübarizənin həm də Azərbaycana qarşı yönələ biləcəyi istisna edilmir. Xatırladaq ki, erməni baş nazirin kilsə ilə qarşıdurması hələ 2018-ci ildən - hakimiyyətə gəlişindən sonra başlayıb. Əsas motiv erməni kilsəsinin Ermənistan dövlətindən daha güclü olması və dəstəklədiyi ideologiya ilə Paşinyanın "yeni Ermənistan" konsepsiyasının ziddiyyət təşkil etməsidir. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə ölkəsinin qəbul etməli olduğu yeni siyasət və prioritetləri təsvir edir. Paşinyan əvvəlki illərdəkindən fərqli olaraq, görünməmiş istiqamətlər ortaya qoymağa çalışır. Təəssüf ki, ötən müddət ərzində kilsə heç vaxt ölkə siyasətinə müdaxilədən əl çəkməyib, daim əlverişli şərait və xarici havadar axtarışında olub. Kilsə hakimiyyətə qarşı həmlələri daha çox siyasi qüvvələrin arxasında dayanmaqla həyata keçirib. Konkret olaraq, 44 günlük müharibədən sonra Paşinyana qarşı kampaniyaya açıq dəstək verib. Tavuşdan başlanan keşiş Baqratın küçə hərəkatı Paşinyana qarşı mübarizəsi fikrimizi bir daha təsdiqləmiş olur. Keşiş Baqratı dəstəkləyənlər sırasında Köçəryan və Sərkisyanın əsas fiqur kimi yer alması məsələni bir az da qəlizləşdirir. Daha doğrusu, bu qarşıdurmada kilsənin və revanşist qüvvələrin arxasında Rusiyanın dəstəyi sezilir. Nəzərə almaq lazımdır ki, Moskva və erməni kilsəsini Paşinyana qarşı ortaq maraqlar birləşdirir.
O da bəllidir ki, nə revanşist qüvvələr, nə də Rusiya hazırki şərtlərlə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını arzulamır. Müxalifət "Yeni Ermənistan" konsepsiyasından çıxış edən Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla sülh şərtlərinə yeni ab-hava gətirəcəklərinə ümid edir. Ən azı, sülh sazişinin imzalanması müddətini uzadacaqlarını zənn edirlər. Bu mübarizədə də kilsənin nüfuzundan istifadə etmək niyyətlərini ortaya qoyublar. Paralel olaraq, müxalifət cəmiyyətdə itmiş imicini bərpa edərək seçkilərdə üstünlük qazanmaqdan ötrü kilsə ilə ortaq məxrəcə gəlmək zorunda qalıb. Ermənistan mediasının məlumatlarına görə, artıq seçkilərə hazırlıq məqsədilə II Qareginin xeyir-duası ilə 10 nəfərlik qruplar yaradılıb. Bu isə o deməkdir ki, seçkilərdə Rusiya da daxil olmaqla Qərb Paşinyana "yox" deyə bilər. Bunu anlayan Paşinyan iqtidarı kilsə rəhbərliyini ifşa etməklə onların siyasi proseslərdə cəmiyyətə təsir imkanlarını zəiflətməyə çalışır. İstisna deyil ki, mübarizənin gedişində keşişlərin əxlaqsızlıqlarının isbatları da gündəmə gələcək.
Ermənistanın Baş naziri Nikol Paşinyanın erməniliyin episentri və ideya katalizatoru olan kilsəni hədəfə alması təkcə ölkədaxili siyasi rəqabətin nəticəsi deyil. Burada həm də Azərbaycan amili var ki, şübhəsiz ki, bu, hər iki dövlətin təhlükəsizlik kriteriyasına uyğundur. Maraqlı məqam ondan ibarətdir ki, Paşinyan kilsəyə qarşı iradlarını Azərbaycan İrəvan qazısının fəaliyyətini bərpa edən qərar verdikdən sonra daha da kəskinləşdirdi. Etiraf edilməlidir ki, sözügedən məsələ Azərbaycanın xarici siyasətdə tarixi dini rütbələrə istinad kontekstində yeni tendensiya yaradır.
Məlum məsələdir ki, Paşinyan ölkədaxili hərəkatla üzləşmək, hakimiyyətinə təhlükələr yaranması risklərinə qarşı gediş edir. Və anlayır ki, bu məsələni Ermənistana dəstək olan dövlətlərin ambisiyalarına inteqrasiya etmək olduqca təhlükəli və risklidir. Belə bir şəraitdə Paşinyanın öz hakimiyyətinin qorunması üçün Azərbaycandan təminatlar almaq istəkləri yer tuta bilər. Bu təminat isə sülh sazişinin tezliklə, Azərbaycanın təklif etdiyi şərtlər daxilində imzalanmasından keçir. Ehtimal edilir ki, Nikol Paşinyan kilsəni neytrallaşdıra bilsə, bununla regionda Ermənistanla Azərbaycan arasında sülhə töhfə verə, Ermənistanda qondarma soyqırımı iddialarını və revanşist əhval-ruhiyyəni zəiflədə bilər. Bu isə regionda davamlı sülhün əldə olunması üçün əsas vasitələrdən biri hesab oluna bilər.
Alim