Mən tamaşaçılarımı sevərək səhnəyə çıxıram

Bəzən gördüyümüz hər şey gerçək olmur. Rənglər oynayır, xətlər əyilir, kölgələr şəkil dəyişir... və biz fərqinə varmadan aldanırıq. Bu, bir sehr deyil - bu, illüziyadır. İllüziya, insan zehnini ovsunlayan, adi bir görüntünü qeyri-adi hala çevirən incə bir sənətdir. Gözümüzün görüb beynimizin uydurduğu bu möcüzə, həm sənətdə, həm də elmdə bizə reallığın hər zaman göründüyü kimi olmadığını xatırladır.

Müsahibimiz peşəkar illüzionist, aktyor Tofiq İsgəndərlidir.

- Özünüzü və illuziya sənətinə olan marağınızı qısa təqdim edə bilərsinizmi?

- Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyoru fakültəsini bitirmişəm.  Hazırda Bakı Uşaq və Gənclər Teatrının aktyoruyam. 1982- 1983-cü illərdən peşəkar səhnədəyəm, yəni illüziya sahəsində.

-İlluziyaların yaradılmasında hansı texnikalardan və prinsiplərdən istifadə edirsiniz?

- İllüziyanın yaradılmasında klassik variantdan, klassik texnikalardan istifadə edirəm. Müasirdən də istifadə edirəm, amma o qədər yox. Çünki klassika həmişəyaşardı. Klassika adamı səhnədə pis vəziyyətdə qoymur. Klassika ilə olan fokuslar daha effektli, yəni etibarlı olur. Müasir texnikadan da istifadə edirəm. Ancaq müasir texnika istənilən vaxt adamı pis vəziyyətə qoya bilər. Belə hal səhnədə başıma gəlib. Müasir texnikanın variantlarından istifadə etmişəm və nəticədə alınmayıb, pis vəziyyətə qalmışam. Ancaq  o vəziyyətdən çıxmışam. Ən yaxşısı elə klassikadır. Yeni fokus fikirləşəndə mütləqdir ki, fizika qanunlarının, fiziki qanunların, həyat qanunlarının ziddiyyəti olsun. Bu ziddiyyət olmalıdır ki, effekt olsun. Yəni tamaşaçı həyatda gördüyünü yox, görmədiyini, arzu etdiyini səhnədə görməlidir və   görmək istəyir. Yəni tamaşaçıya bunu göstərmək lazımdır. Bu prinsiplə nəsə fikirləşəndə, nəsə düşünəndə və dediyim kimi, klassik variantdan, klassik texnikalardan istifadə edəndə nəsə əldə etmək, bir nəticə qazanmaq olur, uğur qazanmaq olur. Mənim özümün altı müəllif nömrəm var, hansı ki, patenti var, onun müəllif şəhadətnaməsi mənə aiddir.

- Tamaşaçını aldatmaqla onu əyləndirmək arasında necə bir balans qoruyursunuz?

- Mən tamaşaçını aldatmaq deməzdim. Yəni bu sənətə əksəriyyət belə aldatmaq kimi baxır. Amma bu aldatmaq deyil. Bu şirin yalandır. Zərərsiz bir yalandı, hansı ki, tamaşaçıları düşündürür, sevindirir, bu   yalan tamaşaçıları aktyoru alqışlamağa vadar edir. O yalandan tamaşaçılar zövq alır. Həmin yalana görə tamaşaçı sənə gül bağışlayır. Pul verib bilet alıb sənə baxır. Tamaşaçı əgər bilsə ki, onu aldadırlar, heç vaxt konsert zalına gəlməz. Tamaşaçını zorla da gətirmək olmaz. İllüziyanın tərifini vermişəm, o tərifi bir çox xarici ölkələrdə, klublarda, illuziya klublarında loqa kimi asıblar. Deməli, illüziya sənəti insanların real həyatda gerçəkləşdirə bilmədiyi xəyallarını, səhnədə gerçəkləşdirən ali bir sənətdir. İndi bunu xırdalayım. Yəni real həyatda insan uça bilməz, arzulayır uçmaq, amma uça bilmir, amma bunu həyatda illuzionist gərçəkləşdirir, uçur. Balans budur ki, mən onu təəccübləndirərək əyləndirməyə çalışıram. Mənim şoularımın hamısı interaktivdir. Çalışıram ki, tamaşaçıya interaktiv fokuslar göstərim, yəni tamaşaçı birbaşa səhnəyə çıxır, birbaşa iştirakçısı olur, yəni tamaşaçı ilə təmas qururam. Bu həm tamaşaçının xoşuna gəlir, həm də ki, illüziya üçün çox önəmlidir. Bax, onda həmin balans qorunur və tamaşaçı əylənir.

-İlluziya ilə gerçəkliyin sərhədi harada başlayır və bitir?

- Mənim üçün həyatda başlayır və səhnədə bitir. Mənim cavabım belədir, yəni illüziya səhnədə gerçəkləşir.

- Tamaşaçı reaksiyası sizin üçün nə qədər önəmlidir?

- Tamaşaçı reaksiyası stimuldur, sabaha verilən bir ruhdur, yeni-yeni uğurlara bir mayakdı, ruh yüksəkliyidir,  pasportdur, gücdür, qüvvətdir. Mən  şəxsən tamaşaçı üçün işləyirəmsə, o tamaşaçının reaksiyası mənim üçün hər şeydən önəmlidir. Mənə puldan da önəmlidi. Mənə var-dövlətdən də önəmlidir.

- Bu sahədə yeni nələr planlaşdırırsınız? Gələcəkdə bizi hansı yeniliklər gözləyir?

- Planlarım çoxdur. İnşallah ki, reallaşdıracam. Bu sənət maddiyyatla çox bağlıdır. Bu sənətə konkret vəsait lazımdır. Yaxşı planlarım var. İndi bir proqram üzərində işləyirəm. Adını deməyəcəm, nağılvari  bir proqram hazırlayıram. İnşallah yəqin ona vəsait tapılar.  Mənim qazancımın 70 faizi məhz bu işə gedir. 

- Bir illuziyanın hazırlanma prosesi nə qədər vaxt və hazırlıq tələb edir?

- Bir illüziyanın hazırlanma prosesi elə olur ki, illərlə çəkir, elə olur günlərlə. Elə də olur ki, bir gün içərisində həll edirsən. Mən texniki cəhətdən deyirəm, ya rekvizit olaraq. İllüziya var ki, onu bir-iki ilə hazırlayıb ortaya çıxartmışam. Yəni illər lazımdır. İllər, illər lazımdı, günlər, aylar lazımdır. Eləsi də var ki, yenə dediyim kimi, bir gün içərisində. Eləsi olub ki, bir günün içərisində hazırlayıb qoymuşam ora, amma onun səhnəyə çıxmaq prosesi aylarla çəkib. Yəni məşq edirsən, variantı tapırsan, üsulu tapırsan, necə təqdim et, əsas təqdim etməkdi. Necə onu təqdim eləmək lazımdır ki, görünməsin, yəni sirri görünməsin. Tamaşaçıya qeyri- adi görünsün, tamaşaçı razı qalsın. Yəni konkret bir tarix yoxdur. Bir günə iki günə hazırlanan nömrə var, Aylarla, illərlə çəkən nömrə  var. Məsələn, mənim elə bir müəllif nömrəm var idi ki, bu nömrə mənə hardasa yalan olmasın 20 ilə başa gəldi.

- İlluziyanın həyatımızdakı rolu nədir? Sadəcə əyləncədir, yoxsa daha dərin bir mesaj daşıyır?

- Xeyr, illüziya sadəcə əyləncə deyil, illüziyanın həyatımızdakı rolu çox böyükdür. İllüziya insanları düşünməyə vadar edir. Məsələn, qəfildən istər-istəməz tamaşaçı düşünür ki, bu haradan çıxdı. İnsan düşünürsə, deməli insanın beyni işləyir. Ən vacibi isə illüziya insanları şarlatanlardan, fırıldaqçılardan qoruyur. Yəni onların  real üzünü göstərir. Yaponiyada, Çində demək olar ki, mağazaların əksəriyyətində,  uşaq  oyuncaqları mağazalarında mütləq ki, bir şöbə var, orda fokuslar satılır çox rahat. Deməli onlar uşaq vaxtından övladlarına fokus oyuncaqları alırlar, uşaqlar onunla məşğul olur. Uşağın beynini inkişaf etdirmək üçün balaca vaxtından uşağa verirlər.

 -İlluziya ilə məşğul olmağa necə başladınız? Bu sahəyə sizi nə cəlb etdi?

-Mən illüziya sənətinə kiçik yaşlarından maraq göstərmişəm.  O vaxt kəndlərə gözbağlayıcılar gələrdi. Altı, ya da beşinci sinifdə oxuyurdum, dəqiq yadımda deyil. Kəndimizə  bir fokusçu gəlmişdi. Mən onun tamaşasına baxandan sonra yaxınlaşdım ki, bəs filan- filan şeylərin sirrini bildim. O məni bir az acıladı. Dedi nəyi bilirsən? Dedim, zərlə olan fokusu. Dedi ki, zər nədir?! Burda zər yoxdur, kubiklərdir. dedi necə olur, dedim, belə olur. Sonra papaqda qayğanaq bişirdi. Onu da izah etdim onlara. Bilməyim xoş gəlmədi bunlara. Mənə dedi get burdan, mane olma. Maraq belə yaranıb. Yəqin ki, bu sənətin sehri məni cəlb edib. Bir də mən belə düşünürəm ki, hər bir uşağın arzusudur sehrbaz olmaq. Hər şeyi asanlıqla əldə eləsin, yerinə yetirsin. Ola bilsin, məsələn, bu da müəyyən qədər təkan olurdu. Mənə onun göstərdiyi fokuslardan çox onun bicliyi, məsələn o hərəkəti maraqlı gəlirdi ki, bax gör necə ağıllı, bic adamdır, bunu necə düzəldib, orda bunu necə edir. Bizim nəsildə ya tanıdığım adamlarda, qohum -əqrabada,  ümumiyyətlə, incəsənətlə məşğul olan bir adam olmayıb, məndən başqa hal -hazırda yoxdur.

-İnsan beyni niyə illuziyaya inanır? Bu hadisə psixoloji və ya bioloji olaraq necə baş verir?

-  İnsan beyni ona görə illüziyaya inanır ki, insan yarandığı gündən möcüzəyə meylli olur, möcüzə görmək istəyir. Bax, insanı da məhz bu istək vadar edir ki, illüziyaya inansın. Yəni insan həyatda görə bilmədiyini səhnədə illüzionist tərəfdən görür, bu da ona zövq verir, yəni ondan həzz alır. Ancaq səbəb budur. Başqa bir səbəb yoxdur. Bir də ki, insan sənət möcüzəsi görmək istəyir. Fokusu böyük də sevir, kiçik də. Bir də foksun bir özəlliyi var ki, buna heç bir dil lazım deyil. Bu görüntüdür. Sırf görüntü sənətidir. Yəni ona görə insan gördüyündən də zövq alır. Əgər bir insan gəlib fokusa baxıb zövq alırsa, deməli, o insan özünün  istəyini ödəyib. Möcüzə görmək  istəyən insan əgər illüziyaya baxırsa, onun beyni artıq onu sənət kimi yox, möcüzə kimi qəbul edir.

- Bir insanın həyatında ən böyük illuziya nə ola bilər?

- İnsanın həyatında ən böyük illüziya xəyal etdiyini reallaşdırmamağı,  yəni xəyalla yaşamağı. Ən böyük illuziya  odur.  Ən pis, ən bədbin illüziya, xəyalla yaşamaqdır. İnsan o illüziya ilə yaşamamalıdır.

-İlluziya yaratmaq üçün sizə ilhamı nə verir - həyat, insanlar, təbiət, yoxsa daxili dünyanız?

- Ən birincisi,  mənim daxili dünyam ilham verir. İkincisi, bu həyat ilham verir. Yəni, bu sənət, bu illüziya mənim həyat tərzimdir.
Başqa cür qeyri-mümkündür. Mən heç cür təsəvvürümə gətirə bilmirəm ki, bu sənət olmasa mən necə yaşaya bilərəm.  Mən 24 saatın  20 saatını  ancaq  bu sənət haqqında düşünürəm. Nəsə düzəldim, nəsə eləyim, yeni nə tapım, nə eləyim.
Mənim emalatxanam var. Bu emalatxana mənim yer üzündəki cənnətimdir. 
Həmçinin mənə ilham verən  insanların xoş münasibətidir. Həmişə tamaşalarıma deyirəm ki, nə yaxşı ki,  gəlmisiniz, nə yaxşı ki, siz varsınız. Tamaşaçının  məni sevməyinin bir səbəbi bilirsiniz nədir? Mən tamaşaçılarımı sevərək səhnəyə çıxıram. Tamaşaçı bunu hiss edir.Tamaşaçı görəndə ki, sən onu sevərək səhnəyə çıxırsan. Sən onu sevirsən, o da mütləq ki, qarşılığında səni sevəcək.

- Gənc illüzionistlərə nə məsləhət verərdiniz?

- Mən onlara həmişə deyirəm ki, axtarışda olun, yenisini tapmağa cəhd edin. Yəni lap klassik, köhnə fokusu götürün, özünüzküləşdirin, özünüz göstərin. Bacardığım qədər göstərdiyim fokusları özümküləşdirib göstərirəm, ora özüm nəsə bir  bir detal qatıram, mütləq onu fərqli göstərməyə çalışıram. Təqdimat əsasdır, təqdimata fikir verin. Fokusda gərək yaxşı beyin olsun, fantaziya güclü olsun. Fokusda gərək hər şeydən az da olsa olsun, məsələn, fizikadan  bilsin, bir az riyaziyyatdan bilsin, lazım gələndə nəyisə hesablaya bilsin. İşə peşəkar yanaşmaq lazımdır. Yəni  yaxşı fokusçu olmaq istəyirlərsə, peşəkar yanaşmaq lazımdır.

- Tamaşaçılar çox vaxt bu illuziyaların sirrini açmağa, necə deyərlər ifşa etməyə çalışırlar, həmin an  nə hiss edirsiniz?

- Tamaşaçılar həmşə sirri açmağa cəhd göstərirlər. Ağıllı tamaşaçı, gözəl tamaşaçı, yaxşı tamaşaçı heç vaxt sirri açmağa cəhd göstərmir. Yazıcı Maksim Qorkini bir tədbirə dəvət edirlər.Soruşur ki, nə tədbirdir? Deyirlər ki, orda fokusların sırrını açacaqlar. O da qayıdıb deyir ki, yox, mən gedə bilmərəm ora. Mən istəmirəm ki, aldığım zövqdən məhrum olum. O sənətin gözəlliyindən məhrum olum. İstəmirəm onun sirrini bilmək.Mən ondan belə zövq alıram.

Bax, yenə deyirəm, foksun sirrini hamı bilə bilər. Amma foksun sirrini bilmək deyil əsas məqsəd. Amma hamı fokus göstərə bilməz. Həmişə uşaqlara deyirəm ki, bir var fokus göstərən adam, bir də var fokusçu. Bunlar fərqli-fərqli şeylərdir. İstənilən adam fokus göstərə bilər. Amma hər fokus göstərən fokusçu ola bilməz. Siz çalışın foksçu olun. Əsas təqdimatdır bu sənətdə.Təqdimatdan çox şey asılıdı.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31