Azərbaycanın dünyadakı səsi - güclü diasporanın önəmi və çağırışları

İstiqamət: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycanın son onilliklərdə əldə etdiyi iqtisadi və siyasi uğurlar onun beynəlxalq arenadakı nüfuzunu artırdığı kimi, xaricdə yaşayan milyonlarla azərbaycanlının da milli kimlik və həmrəylik duyğularını gücləndirib. Bu gün azərbaycanlılar dünyanın dörd bir yanında müxtəlif sahələrdə çalışır, təhsil alır, yaşayır və eyni zamanda öz milli maraqlarını qorumaq üçün diaspor təşkilatları ətrafında birləşirlər. Lakin təkcə bir araya gəlmək kifayət deyil - güclü və məqsədyönlü diaspor quruculuğu, sistemli lobbiçilik fəaliyyəti və qlobal həmrəylik çağımızın əsas tələblərindəndir.

Son illərdə Qarabağ münaqişəsinin informasiya cəbhəsində apardığı mübarizədə Azərbaycan dövləti xaricdəki diasporun imkanlarına xüsusi önəm verib. Xüsusilə 2020-ci ilin Vətən müharibəsi zamanı dünya ölkələrində fəaliyyət göstərən azərbaycanlılar erməni diasporunun illərlə qurduğu təbliğat şəbəkəsinə qarşı fəal şəkildə çıxış etdilər, mitinqlər keçirdilər, məlumat kampaniyaları apardılar və beynəlxalq medianı doğrunu işıqlandırmağa səslədilər.

Bu proseslər bir daha göstərdi ki, diaspor təkcə milli-mədəni tədbirlər təşkil edən qurumlar toplusu deyil, həm də Azərbaycanın milli maraqlarının müdafiəsində ön cəbhədə dayanan, xarici auditoriyaya təsir göstərən ciddi bir qüvvədir.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay xaricdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi baxımından mühüm dönüş nöqtəsi oldu. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması isə diaspor siyasətinin daha peşəkar şəkildə icrasına imkan verdi.

Diasporla İş üzrə Dövlət Komitəsi təkcə təşkilatlandırma ilə kifayətlənmir, eyni zamanda diaspor gənclərinin yetişdirilməsi, onların ictimai-siyasi fəallığının artırılması və qlobal informasiya döyüşlərinə hazırlıqlı olması üçün də layihələr həyata keçirir. "Diaspor Gənclərinin Yay Düşərgəsi", "Vətənə qayıdış", "Gələcəyin diplomatı" kimi proqramlar məhz bu məqsədə xidmət edir.

Lobbiçilik fəaliyyətinin əsas məqsədi Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq, Ermənistanın təbliğatına qarşı əks-narrativ formalaşdırmaq və qərarverici dairələrdə təsir imkanları qazanmaqdır. Son illərdə bu istiqamətdə mühüm irəliləyişlər baş verib. ABŞ-də, Fransada, Almaniyada və digər ölkələrdə fəaliyyət göstərən azərbaycanlılar artıq təkcə mədəni tədbirlərlə deyil, həm də siyasi platformalarda görünür olmağa başlayıblar.

2020-ci ilin noyabrında ABŞ Konqresinə məktublar, petisiyalar və kampaniyalar vasitəsilə edilən müraciətlər, Fransada azərbaycanlıların keçirdiyi aksiyalar və Almaniyada təşkil olunan panel müzakirələri Azərbaycan diasporunun tədricən siyasi lobbiçiliyə keçdiyini sübut edir.

Bu gün Ukraynada yaşayan azərbaycanlıların təşkilatlanması, Rusiyada iqtisadi gücə sahib icmaların formalaşması, Avropada təhsil alan gənclərin şəbəkələşməsi və ABŞ-də media məkanında aktivlik - bunlar hamısı həmrəyliyin real göstəriciləridir.

Qarabağda baş verənlər, Zəngəzur dəhlizi ətrafındakı proseslər və İranla yaşanan gərginliklər zamanı dünya azərbaycanlılarının vahid mövqe sərgiləməsi strateji önəm daşıyır.

Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən müstəqil jurnalist Elman Cəfərli bildirib ki, Azərbaycan diasporunun əsas vəzifəsi - yaşadıqları ölkələrdə milli maraqlarımızı müdafiə etmək və həqiqətlərimizi dünyaya çatdırmaqdır:

"Bu gün dünya üzrə 50 milyondan çox azərbaycanlı yaşayır. Onun 10 milyonu xarici ölkələrdə məskunlaşmış mühacirlərdir. Soydaşlarımız dünyanın 5 qitəsində məskunlaşıb. 

30 ildir müstəqil olsaq da hələ də güclü, təşkilatlanmış, ağzıbir diaspora qura bilməmişik. Əslində diasporamızın tarixi də 1991-ci ildən başlanır. Doğrudur, ona qədər də Güney Azərbaycandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan xarici ölkələrə köçmüş, məskunlaşmış azərbaycanlılar var. Onlar da bizimlə eyni dəyərləri daşıyırlar. Onların yaratdığı icmalar, təşkilatlar da Azərbaycan diasporu sayılır. Onlar 90-cı illərdə, 2000-lərdə Azərbaycanın haqq  işinə yetərincə dəstək veriblər. Xüsusilə 2020-ci ilin  iyul ayında Ermənistanın hərbi təcavüzü nəticəsində baş verən Tovuz döyüşlərindən sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların aktiv fəaliyyətinin şahidi olduq. Ermənilərin  ABŞ-də, Avropa ölkələrində Azərbaycan səfirliklərinin qarşısında keçirdikləri aksiyalar zamanı soydaşlarımız  əsl vətənpərvərlik nümunəsi göstərdilər. Əsgər səngərdə vuruşur, diplomat siyasət meydanında çarpışır, diaspora fəalı isə xarici ölkələrdə erməni təcavüzkarlarına cavab verirdilər. 44 günlük müharibə dönəmində haqq işimizə dəstək verən mühacir soydaşlarımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayına dəvət edildilər. Qalib Azərbaycanın hər bir fərdi Azərbaycanın mədəniyyət paytaxtında bir araya gəldi, dərdlərini bölüşdü, qarşıda duran vəzifələri müzakirə etdi. Azərbaycan prezidenti İlham Əliyev həmin qurultayda proqram xarakterli çıxış etdi, diasporamızın qarşısına vəzifələr qoydu. Dünyada yaşayan 50 milyondan çox azərbaycanlının tək dövləti Azərbaycan Respublikasıdır. Vətən bütün övladlarına qucaq açır, onlar da ana vətənin qayğılarına biganə deyillər. Lakin görüləsi işlər çoxdur. 2020-ci ilin noyabrından, 2023-cü ilin sentyabr antiterror tədbirlərindən  sonra yeni reallıqlar ortaya çıxıb. Azərbaycan artıq əvvəlki kimi zəif, torpaqları işğal altında olan dövlət deyil. Ərazi bütövlüyümüzü, bütün ölkə ərazisində suveren hüquqlarımızı bərpa etmişik. Dövlətin yeni hədəfləri ortaya çıxıb. Azərbaycan diasporu da yeni dövrə uyğunlaşmalı, qoyulan hədəflərə uyğun davranış sərgiləməlidir. Azərbaycan prezidenti Dünya  Azərbaycanlılarının Şuşada baş tutan Zəfər Qurultayında vurğuladı ki, soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan reallıqlarını təbliğ etməli, Türkmənçay müqaviləsindən sonra ermənilərin  Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi və s. kimi məsələləri qaldırmalı, erməni yalanlarının ifşa edilməsinə dəstək olmalıdır. Ermənilər tarixi saxtalaşdırır, Qafqazda qədimdən yaşadıqlarını iddia edirlər. Dünyanı sərsəm "Böyük Ermənistan" yalanlarına inandırmağa çalışırlar. Azərbaycan dövləti, mediası, ictimai qurumlar öz işini görür, erməni yalanlarını ifşa edir. Diaspora təşkilatlarımız da yeni mərhələdə aktiv olmalı, Azərbaycan dövlətinə dəstək verməlidir. Bu gün Qarabağ münaqişəsi tarixə qovuşub, qarşımızda yeni hədəflər var.  Azad Qarabağ bərpa edilir, yenidən qurulur. Ermənilərin 30 il ərzində apardığı ekoloji terrorun acı izləri aradan qaldırılmalı, ərazilərimiz minalardan təmizlənməli, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarına böyük miqdarda sərmayə qoyulmalıdır. Azərbaycandan kənarda yaşayan imkanlı soydaşlarımız Qarabağda, Şərqi Zəngəzurda şəhərsalmaya, kənd təsərrüfatına, sənaye müəssisələrinin qurulmasına yatırımlar qoymalı, "Böyük qayıdış" layihəsinə dəstək verməlidirlər. Azərbaycanın hədəflərindən biri də Qərbi Azərbaycanlıların doğma ata-baba torpaqlarına qayıdışına nail olmaqdır. Naxçıvanla  Azərbaycanın digər quru əraziləri arasında birbaşa yol açılmalıdır. Ermənistan bununla bağlı 10 noyabr Üçtərəfli Bəyanatda öhdəlik götürüb. Rəsmi İrəvan öz imzası ilə təsdiq etdiyi öhdəliyə əməl etməlidir. Onu buna vadar etmək lazımdır.

Bu mərhələdə Azərbaycan diasporunun  üzərinə böyük vəzifə düşür. Soydaşlarımız azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı tarixi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Bununla əlaqədar xarici ölkələrdə, dünyanın siyasi mərkəzlərində konfranslar, aksiyalar keçirilməlidir".

Elman Cəfərli qeyd edib ki, Azərbaycan diasporunun güclənməsi üçün soydaşlarımız yaşadıqları ölkələrdə təşkilatlanmalı, ana dili və milli dəyərlər əsasında bir araya gəlməlidirlər.

"Bu gün Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən biri də təşkilatlanmaqdır. Soydaşlarımız yaşadıqları ölkədə vahid orqanizmə çevrilməlidir. Bu işdə yəhudi, türk diasporunun təcrübəsindən istifadə olunmalıdır. Almaniyada 3 milyondan çox türk mühacir yaşayır. Onlar çox sıx təşkilatlanlıblar. Futbol üzrə Türkiyə millisinin, ayrı-ayrı türk klublarının Almaniyada keçirilən oyunlarında stadionun yarıdan çoxu türk olur. Çünki türklərin Almaniyada güclü diaspor təşkilatları var. Onlar türk dilini unudulmağa qoymur, türk adət-ənənələrini yaşadırlar. Azərbaycan diaspor təşkilatları da eyni təcrübədən istifadə etməlidir. Soydaşlarımız yaşayan bütün ölkələrdə bazar günü məktəbləri açılmalı, dövlət qurumları da bu məktəblərin qorunub saxlanmasına öz dəstəyini göstərməlidir. Xarici ölkələrdə yaşayan soydaşlarımız arasında ana dilini qoruyub saxlamaq  mühüm məsələ olmalıdır. Çünki ana dili soydaşlarımızın çoxluq içində əriməsinin, assimilyasiya olmasının qarşısını alan faktordur.

Rusiyada 3 milyondan çox soydaşımız yaşayır. Biz 200 il Rusiya ilə bir dövlətin tərkibində yaşamışıq. Rusiya və post-Sovet ölkələrində yaşayan azərbaycanlılarla xüsusi işləmək lazımdır. Rusiyada vahid və güclü diaspor təşkilatının yaradılması günün tələbidir. Orada yaşayan icma rəhbərləri ilə danışıqlar aparılmalı, onların qayğıları öyrənilməli və mövcud problemlərin həllinə yardım göstərilməlidir".

Azərbaycan diasporunun qarşısında duran başlıca çağırışlar bunlardır: daha güclü təşkilatlanma, koordinasiyalı fəaliyyət, media və ictimaiyyətlə əlaqələrin inkişafı, siyasi dairələrlə dialoqun qurulması və gənclərin diaspor fəaliyyətinə cəlb olunması.

Dövlət bu sahəyə dəstək verir, imkanlar yaradır, amma əsas yük yenə də xaricdə yaşayan azərbaycanlıların öz üzərinə düşür. Onlar kimliyini, dilini, mədəniyyətini qorumaqla yanaşı, Azərbaycanın maraqlarını beynəlxalq arenada müdafiə etməyə hazır olmalıdır.

Diaspor sadəcə keçmişə bağlılıq deyil - gələcəyə yönəlmiş bir vəzifədir. Hər bir azərbaycanlının yaşadığı ölkədə dövlətinə dayaq olması, milli birliyin möhkəmlənməsi yolunda addım atması vacibdir. Bu, təkcə vətəndaşlıq borcu deyil, həm də tarixi məsuliyyətdir.

Səidə Ramazanova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31