"Hörümçək toru" Putin iqtidarını parçalayır - ÖZƏL
5 İyun 13:24 Siyasət"Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində həyata keçirdiyi "Hörümçək toru" əməliyyatından sonra Krım körpüsunü partlatması Putinin şəxsi nüfuzuna, hakimiyyətinə böyük zərbədir, çox çətin sınaqdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Zatən 4 ilə yaxın Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin gedişi, müharibə öncəsi rəsmi Moskvanın anonsunun tam əksinə olan nəticə Rusiyanın hərbi güc mifini məhv edib. Artıq bəllidir ki, Putin üçün Zelenski siyasi rəqib yox, nifrət bəslədiyi şəxsi düşmənidir. Zelenski öz dirənişi ilə Rusiyanın qlobal hərbi güc mifini məhv edib, acizliyini ortaya çıxardığı üçün Rusiya dövlətinin imperiyasının mövcudluğuna real təhlükə yaradıb. Putin Zelenskiyə o qədər nifrət edir ki, son əməliyyatlardan sonra onu terrorçu adlandırıb. Bundan əvvəl isə onun legitimliyini inkar edirdi. Hansı ki, sözügedən əməliyyatlardan əvvəl Putin özü Türkiyə prezidenti cənab Ərdoğandan Rusiya-Ukrayna müharibəsində vasitəçiliyini xahiş etmişdi və tərəflərin görüşü, müzakirəsi mümkün görünürdü. Zelenskinin də İstanbula danışıqlara gələn nümayəndə heyətini axmaq adlandırması əslində, danışıqları əhəmiyyətsiz etməkdir ki, Putinin hakimiyyətinə təzyiq daha da güclənsin.
Ukraynanın Rusiyaya qarşı son uğurlu, əhəmiyyətli və hətta müharibənin gedişini dəyişən əməliyyatı Putin iqtidarına qarşı daxildən təzyiqləri artırıb. Xüsusən də, "hörümçək toru" əməliyyatından sonra Putinin Zelenskini terrorçu adlandırması cənab Ərdoğanın vasitəçiliyi ilə mümkün görünən atəşkəsə, barış prosesinə əngəl olub. Heç şübhəsiz ki, Putin komandasında fikir ayrılığı dərinləşir. Rusiyanın neft ixracı ilə bağlı sanksiyalar müzakirə edilir. Rəsmi Moskvadan Ukraynanın keçirdiyi əməliyyata "qisas qaçılmazdır" reaksiyası isə, onu daha çox İrana oxşadır. Bu da onu göstərir ki, Putin üçün hakimiyyətini qorumaq çox çətinləşib".