İstiqbal günəşi – MİKAYIL MÜŞFİQ

Mikayıl Müşfiq (1908-1938) ədəbiyyatımızda gənclik yaşına böyük ədəbi istedad, bədii məharət, qüdrətli sənətkarlıq və ədəbi məqsəd sığdırmış nəhəng ədəbi şəxsiyyətlərdən biri kimi yadda qalmışdır. Böyük mütəfəkkir şair Hüseyn Cavid və Əhməd Cavad şeir məktəbinin yolunu davam etdirən Mikayıl Müşfiq fırtınalı illərdə belə öz xalqına bağlılığını, vətənpərvərlik və vətəndaşlıq duyğularını əksiltmədən ədəbiyyatda təcəssüm etdirən qüdrətli bir şair olaraq özünü tanıtmışdır.

Gənc olmasına baxmayaraq, onun sözlərinə böyük ideallar, ucsuz-bucaqsız çölləri xatırladan zəngin mənalar sığınmışdı. Mikayıl Müşfiq böyük ustadı, dövlət müstəqilliyinin yorulmaz nəğməkarı Əhməd Cavad kimi:

Mən əzilən bir sinifin hayqıran,

Haqq bağıran sədasından yarandım.

Ölümlərin pəncəsində hıçqıran,

Məzlumların nəvasından yarandım -

deyən və mənsub olduğu xalqının, ictimai zümrənin ideallarını, arzularını sənət kredosuna çevirən istedadlı bir şair, qüdrətli bir sənətkar, vətənpərvər bir vətəndaş idi.

Mikayıl Müşfiq bütün bədii ilhamı və poetik istedadı ilə əzəmətli, nəhəng bir ədəbi MƏNdir. O, sevginin insana xoşbəxtlik gətirəcəyinə, məhəbbətin qələbə çalacağına və ədaləti bərpa edəcəyinə, dostluğa, sədaqətə, mərhəmətə inanan və güvənən əsl və əsil söz sahibi idi. O, elə bir MƏN idi kim, o mənlikdə xalqın özünə inamı, ruhu, mənəviyyatı ehtiva olunurdu və əsrləri aşıb keçərək gəlirdi. O mən ki, Xaqaninin üsyankar səsində, Məhsətinin zərif sevgisində, Nizaminin hikmət və elmində, Nəsiminin mübarizəsində, Şah babamız İsmayılın dövlət quran əzmində, danışan dilində, doğma ana dilində yaratdığı gözəl şeriyyətində təzahür edirdi:

Hər tərəfdə qurulan toy-büsat mənəm,

Ulduzlarla edən ixtilat mənəm!

Mənim azadlığın qucağa sığmaz -

Yer mənəm, Göy mənəm, Kainat mənəm!!!

Xalqımızın zəngin mənəviyyatı, Vətənimizin əngin gözəlliyi, göy ucalığı, dağ vüqarı, su büllurluğu, qız gözəlliyi, ər qeyrəti onun sözlərində yeni meyar, məna qazanmışdı. Elə "Həyat sevgisi" adlı şeirdə də gənc şairin həyatda yaşamaq sevgisi,  yaratmaq tutqusu özünü bir dəniz fırtınası, bir vulkan pükürtüsü kimi ifadə edirdi:

Ah, mən gündən-günə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim?!

Bu yerlə çarpışan, göylə əlləşən,

Dostdan, aşinadan necə əl çəkim.

Həyat dedikləri bu keşməkeşdən,

Qəlbimdə, qanımda, yanan atəşdən.

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?!

Sözün belə ecazkar qüdrəti və intəhasız sənətkarlığına gənc şairin "Yenə o bağ olaydı", "Küləklər", "Yağış", "Ana", "Xalı", "Dilənçi", "Yeni gənc" və başqa digər çoxsaylı nümunələrində də rast gəlmək, müşahidə etmək mümkündür. Nakam tale yaşamasına baxmayaraq kiçik bir ömrə böyük bir dühanın yaradıcılıq fəaliyyətini sığdırmağı bacarmışdı. Müşfiq ən gənc şair idi, amma istedadı və ilhamı sayəsində ən zəngin və ən yaddaqalan, qiymətli əsərlər ərsəyə gətirmişdi. "Sındırılmış saz" gənc şairin bütövlükdə ədəbi hadisəyə seçirdiyi qiymətli bir inci olaraq qiymətləndirilirdi. "Küləklər" şeiri lirik şeirin metaforik obrazda yaradılmış ən mükəmməl nümunələrindən biri hesab edilməkdədir. 1926-cı ildə "Bu gün" şeirindən başlanan ədəbi yolda eçə-neçə kitaba sığacaq əsərlər ortaya qoydu. Bu əsərlərin hər birində bir insanın və bir xalqın taleyi, qayğıları, duyğuları və yaşantıları poetik ustalıqla dilə gətirilirdi. 1927-ci ildə "Çağlayan" adlı ilk kitabını ərsəyə gətirsə də, çap edilmədi. 1930-cü ildə çap edilən "Küləklər" kitabı Müşfiqin ədəbi üfiqlərdə yanan ilk kitab ulduzu oldu. Bu gəncin "Çoban", "Vuruşmalar", "Qaya" kimi poemalarında xalqın həyatını, mənəvi zənginliyi və elin qüdrətini iclatmış, ailə sevgisi və dəyərlərini dilə gətirmişdi. Bu əsərlərdə həm də uşaqlar üçün doğma olan motivlər, bədii dil və nağlçılıq var idi. "Şəngülüm, Şüngülüm, Məngülüm", "Kəndli və ilan" kimi mənzum nağılları hələ də uşaqlara yeni ədalətli bir dünyanın qurulacağına və vicdan və xeyirxahlığın qələbə çalacağına ümid bəslədir.

Müşfiq anadan doğma şair idi: şairlik onun fitrətində, yaradılışında var idi. O, şairliyi Allah vergisi olaraq almışdı. Bədahətən dediyi şeirlər elə bir bədii ustalığa malik idi ki, başqa söz demək mümkün deyildi. Elə ailə dostları böyük sənətkar qurban pirimovun "Yetim segahı"nı dinlərkən ordaca qələmə aldığı, bu günləri milyonların, nəinki milyonların, mənsub olduğu azərbaycan xalqının dillər əzbəri və fəxriyyəsinə çevrilən "Qoxu, tar" şeiri kimi: "Oxu,  tar" Oxu, tar! Səni kim unutar?!"     

Müşfiqin obrazlılığı həyatiliyi ilə canlılıq qazanan, romantikası güclü bir şairin istedad və ilhamından doğan qiymətli bədii nümunələrdir:

Yağış yağır...rəqs eləyir gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar.

Göydə iki qara bulud çatılaraq

İldırımlar şaqqıldayır şaraq-şaraq.

...Yağ, yağışım, yağ, sel ol, yağ!

Sırma-sırma, tel-tel ol, yağ!

...Zümzümənlə şirin-şirin dillən yağış,

Küçələrdə uşaq kimi vellən yağış!

Doğrudan da, şeriyyətin gücü, sənətkarlığın qüdrəti ondadır ki, şair təkcə yağışın yağma hadisəsinin ardıcıllığını bir süjet xətti istiqamətində əks etdirmir, həm də elə təsvir və təqdim edir ki, yağmurun yağışı, damlaların səsi oxucunun qulağında eşidilir, sel olub axan yağış suyu, aşıb-daşan küçələr, qaçışan insanlar, bir sözlə bütün mənzərə oxucunun gözləri önündə canlanaraq yaşanır və oxucunun hissinə, yaddaşına çevrilir. Təbiət hadisəsinin bu qədər dərindən, canlı, dinamik təsviri Mikayıl Müşfiq sənətkarlığının məharəti və özünəməxsusluğu kimi diqqəti cəlb edir, şairin sənətkarlıq məziyyətinə çevrilir. Şair bu canlı təsvirə həm də bədii sözün qüdrətilə, xüsusilə təqlidi sözlərin seçilməsi, bədii təkrarların istifadəsi, konkret hadisənin canlı təsviri ilə nail ola bilir. Və yaxud "Küləklər" şeirində küləklər elə səciyyələndirilir, elə obraza mindirilir, onlara elə bədii xarakter verilirdi ki, sözün əsl və tamamilə də haqlı mənasında, özünəməxsus bənzərsizlik qazanır və sənətin, sənətkarlığın zirvəsinə qalxırdı:

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər!

Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz.

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər!

Qəlbi sevgi ilə aşıb-daşan şair həm də gəncliyin sevgi və sevda dolu sözlərini yazan bir şair kimi özünü təsdiq etmişdir. Onun nəciblik və həssaslıq təcəssüm edən sevgi şeirlərində eşqin də, məhəbbətin də özünəməxsusluq daşıyan hissləri ifadəsini tapmışdır:

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər axşam...

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

...Bu yaz başqa bir yazdır, bu yaz daha da xoşdur,

Vay o qəlbə ki, boşdur!

Hər üfiqdə bir həvəs, hər bucaqda bir umud,

İnsanlar daha məsud!

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin!

İnsanların vüqarı, tələbi daha yüksək,

Yolumuzdan daş-kəsək,

Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,

Bu yaz başqa bir yazdır...

Gənc şairin xalqına bağlılığının, onun sənətinə, sənətkarlığına verdiyi qiymətin ifadəsi idi ki o, "Xalı", "Tar" kimi əsərlərində məhz bu milli dəyərlərdən bəhs etmişdi.  Gənc şair "Tar" şeirində  tarı səsə qoyanları, onu xalqın mənəvi sərvətindən çıxarmağa çalışanları bu əvəzsiz musiqi alətinin səsinə qulaq verməklə ifadə etdiyi xalqın dərdini, sərini, düşüncəsini dinləməyi və sonra səsinə səs verməyi məsləhət bilmişdi. Bu, söz yox ki, "Oxuma tar, oxuma, tar, Səni istəmir proletar" - deyənlərin tam əksinə olaraq gənc, vətənpərvər şairin vətəndaşlıq səsi, qeyrət dolu hünər nəğməsi, mübarizə dolu qeyrət səsi idi.

Oxu, tar, oxu, tar!..

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unutar?!

Ey geniş kütlənin acısı, şərbəti -

Alovlu sənəti!

Yetimliyin hər cür əzabını, məşəqqətini, məhrumiyyətini yaşamış, kimsəsizliyin bütün təfərrüatını duymuş sənətkar şeirlərində uşaqların həyatı və yaşantılarına çox dərin bir həssaslıqla yanaşmışdır. "Pedtexnikum" şeirində şairin yetimlik həyatının yaşantıları əks olunduğu kimi, şeirin özündən də sanki yetimlik yağır, sözlər özləri də elə bil yetimlik və kimsəsizlik kədərini yaşayır. Şairin olduqca kədər və həsrət dolu "Ana" şeiri isə daha fərqli hisslər yaşadır:

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda.

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda...

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

"Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən" misrası anaya və analığa verilən özünəməxsus bədii mənanı ümumiləşdirir.

Gənc şair vaxtilə insanların əməyindən söz açan şeir adamları haqqında yazırdı:

Geniş kütlələrin hürriyyətindən,

İşindən, gücündən, səadətindən

Danışan insanlar nə bəxtiyardır!

Bu mənada şair Mikayıl Müşfiq də bəxtiyar insan idi, özünün qısa həyat yolu və yaradıcılıq işində zəhmətkeş insanların əməyindən, işindən, hürriyyətindən söhbət açdığı, xalqını bütün məhəbbəti və arzuları ilə vəsf etdiyi üçün...

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31