Susanlar böyüdür, qorxanlar yetişdirir, üz çevirənlər azdırır

Cinayətdən, şiddətdən yazı oxumağa bezmədiniz?

Mən də yazmaqdan bezmişəm.  Hadisələr isə  tükənmir. Birininin təsiri keçməmiş, biri başlayır. Yandırsa da, yorucu olsa da, bəzən də ümidsiz görünə-görünə yazıram. 

Nə vaxt vəhşiləşdik? Bəlkə də uşağına qışqıranı "tərbiyə verir" deyə müdafiə etdiyimiz gün. Bəlkə də məktəbdə müəllim şagirdi təhqir edəndə "disiplin yaxşıdır" deyə göz yumduğumuz zaman. Bəlkə də bir qadın evdə zorakılığa məruz qalanda "ailə məsələsidir" deyə qarışmadığımız andan. Və bu "bəlkə"lərin sayı günbəgün artır. Hər susduğumuzda bir qurban daha doğulur. Bilmirəm. Amma əmin olduğum tək şey var: biz bu halımıza birdən gəlmədik. Səssizliyimizlə, susqunluğumuzla, "mənlik deyil" deyə-deyə bir canlının çürüməsinə tamaşa edə-edə gəldik. İndi isə baş verənləri sadəcə oxuyuruq. Oxuyub telefonumuzu söndürüb yatırıq.

2024-cü ilin rəqəmləri də artıq bunu gizlətmir. Azərbaycanda ötən il ərzində 29 min 860 cinayət hadisəsi qeydə alınıb. Bu cinayətlərdən 317-si qəsdən adamöldürmə və ya ona cəhddir. Bu isə o deməkdir ki, demək olar, hər gün bir insan öldürülür. Və bu qətllərin əksəriyyəti küçədə yox, evin içində baş verir. Həyat yoldaşı, keçmiş sevgilisi, tanışı, qohumu - yəni təhlükə yadlardan deyil, içimizdəndir. Tez-tez rast gəlinən "ailədaxili məsələdir" anlayışı da vəhşiliyin başlıca sığınacağına çevrilib. 

Amma bu qədər deyib dayanmaq da azdır. Vəhşiləşmə təkcə adam öldürməklə deyil, daha dərin, daha səssiz formada yaşanır. Bir cümlə ilə də insanı öldürmək mümkündür. "Kişi ağlamaz", "qadınsan, sus", "uşaqsan, danışma" - bu cür cümlələr bizi vəhşiləşdirən  sütunlardır. Hər bir zorakılıq, zorakılığı doğuran hər bir psixoloji gərginlik uşaq yaşlardan başlayır. Mütəxəssislər bildirir ki, uşaqlıqda zorakılığa məruz qalan insanlar gələcəkdə ya qurban olur, ya da zalım. 2024-cü ildə Azərbaycanda 105 min nəfər psixi sağlamlıq pozuntusu ilə qeydiyyatdadır. Amma bunlar yalnız qeydiyyata düşənlərdir. Qalanların səsini eşidən yoxdur. Bu ölkədə psixoloqa getmək hələ də ayıb sayılır. 

Məsələ  ilə  bağlı  sosioloq  Lalə  Mehralının  fikirləri  belə  oldu:

"-Bəlkə də uzun illərdir ki, biz insanların nə qədər qəddarlaşdığının, vəhşiləşdiyinin şahidi oluruq. Empatiya hissi, güzəştə getmək bacarığı, mərhəmət duyğusu get-gedə itir. İndi insanlar başqasına zərər verməkdən, ona xətər yetirməkdən çəkinmir. Gözünü qırpmadan başqa bir insanı yaralaya, hətta xüsusi amansızlıqla öldürə bilirlər.

Bütün bunlar insanın içindəki mərhəmətin itməsindən, vicdansızlıqdan, empatiya hissinin yoxluğundan və ümumilikdə sevgisizlikdən qaynaqlanır. Təməl duyğulardan məhrum qalmaq bizi bu hala gətirib. Qətl o qədər adi və sıradan hala gəlib ki, artıq təəccüblənmək hissini də itirmişik. Bir qətl hadisəsi baş verəndə əvvəlki kimi sarsılmırıq. Dəhşətli hadisələr bizə artıq normal görünməyə başlayıb.

Biz təhlükəli hadisələri sadələşdirdik. Xüsusi amansızlıqla öldürülən bir insan haqqında yazılmış xəbəri rahatlıqla oxuyuruq. Belə bir cinayəti törədən şəxsi belə normal qarşılayırıq. Bu, ona görədir ki, bu cür hadisələr ətrafımızda çox baş verir və insan nəyin çoxunu görürsə, ona öyrəşir.

İndi sual budur: biz bu həddə necə gəlib çıxdıq?

Bunun səbəblərindən biri illərlə şüuraltımıza yeridilən xəbərlər, cinayət verilişləridir. Cinayət xəbərlərinə maraqla baxmağımız, onları xüsusi "iştahla" oxumağımız, bəzən detallara qədər öyrənməyə çalışmağımız - bütün bunlar fərqində olmadan bizə "insanı necə öldürmək olar, necə vəhşiləşmək olar" suallarını təlqin edir.

Bu gün demək olar ki, hər birimizin içində bir vəhşi insan yatır. Sadəcə bir çoxumuz o hissi iradəmizlə nəzarətdə saxlaya bilirik. Amma bəzilərimiz onu boğa bilmir. Hansısa bir agresiya anında, uyğun fürsət düşəndə içindəki o vəhşi tərəf üzə çıxır və başqalarına qarşı dəhşətlər törədə bilir: döyür, yaralayır, hətta öldürür.

Bizi insan edən əsas xüsusiyyət isə özümüzü idarə edə bilmək bacarığıdır. Hər bir insanın içində öldürmək potensialı var. Amma bir çoxumuz onu içimizdə dəfn edir, əvəzində yaşatmaq, sevmək, mərhəmət göstərmək kimi tərəflərimizi inkişaf etdiririk.

Bəzi insanlar isə bu duyğulardan məhrum olduqları üçün içlərindəki vəhşi insanın oyanmasına qarşı çıxa bilmirlər. Beləcə, cəmiyyət içində qətl törədənlər, zorakılıq edənlər yaranır. Onları bu hala gətirən təkcə cinayət deyil - sevgisizlik, empatiyasızlıq və duyğusuzluqdur."

Əslində cəmiyyət özü bir qurbanı tərbiyə edir. Sevgi görməyən, hisslərini ifadə edə bilməyən, qışqırıqla böyüyən insanlar böyüyəndə sevgini ya əlində tutmaq istəyir, ya da məhv edir. Bəzən də yalnız qəzəbini danışmaqla yox, fiziki zorla ifadə etməyə öyrəşir.  Bu məsələlərə çox zaman statistika kimi yanaşılır. Rəqəmlərdə "azalma var" deyirlər. Amma heç bir rəqəm öldürülən qadının övladının gecə ayılıb anasını çağırmağını ifadə edə bilməz. Heç bir rəqəm döyülən bir kişinin içində qırılan kişilik hissini geri qaytarmır. Və heç bir rəqəm bir uşaqda yaranmış qorxu dolu yaddaşı silmir.

Cəmiyyətin hissizliyi də vəhşiliyin qidalandığı başqa bir mənbədir. Ailə içində qışqıran səsi eşidib susan qonşu, dərsdə şagirdinə ağır söz deyən müəllim, "böyüyəndə unudar" deyən ata - bunların hər biri vəhşiliyin ortaq müəllifidir. Bəzən vəhşi bir insan təkcə özü ilə formalaşmır. Onu susanlar böyüdür, qorxanlar yetişdirir, üz çevirənlər azdırır. Bu gün susduğumuz bir zülm, sabah qapımızı döyən bir faciəyə çevrilə bilər.

Mediada isə vəhşilik başqa bir formada normallaşdırılır. Ağlayan uşağın videosunu göstərmək travma deyil, təbliğatdır. Zorakılığı xəbərə çevirmək əksər hallarda şüuru oyatmır, əksinə hissləri körəltdikcə körəldir. Biz ölümə alışırıq. Elə bil bu, bizim gündəlik payımızdır.

Bəs nə etməliyik? Əvvəlcə hiss etməyi yenidən öyrənməliyik. Özümüzə və başqasına qarşı mərhəməti tərbiyə etməliyik. Məktəblərdə emosional savadlılıq dərsləri olmalıdır. Psixoloji yardım hər kəs üçün əlçatan və pulsuz şəkildə təşkil olunmalıdır. Ailələr zorakılığı tərbiyə üsulu kimi görməməlidir. Qonşudan gələn çığırtıya reaksiya vermək - qəhrəmanlıq deyil, insanlıq borcudur. Və hər şeydən əvvəl medianın bu məsələdə məsuliyyətli yanaşması, travmanı yaymaması təmin olunmalıdır.

Bu dünyada ən böyük mübarizəmuz və  qələbəmiz  hələ də insan ola bilməkdir...

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31