“Oxuduğu sahədə işləməyən gənclə birlikdə dövlətin sərmayəsi də itir”

Müasir dövrdə Azərbaycanda və dünyada ali təhsilli şəxslərin öz ixtisaslarına uyğun olmayan sahələrdə işləməsi halları geniş yayılıb. Bu tendensiya yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyət və dövlət üçün ciddi problemlər yaradır. Bu problemlərin əsaslarından biri də kadr israfıdır - yəni dövlətin resurslarının səmərəsiz istifadəsi.

Dövlət hər il minlərlə tələbənin təhsil alması üçün maliyyə ayırır. Azərbaycanda da bu proses Təhsil Nazirliyi və digər dövlət qurumları tərəfindən tənzimlənir. Dövlət sifarişi ilə universitetlərə qəbul olunan tələbələrin təhsili dövlət büdcəsi hesabına maliyyələşdirilir. Misal üçün,  2023-cü ilin dövlət büdcəsində yalnız ali təhsilin maliyyələşdirilməsi üçün təxminən 640 milyon manat ayrılmışdı. Bu məbləğ hər bir tələbəyə illik ortalama 4-6 min manat xərc deməkdir.

İxtisaslı mütəxəssis kimi yetişməsi üçün dövlətin 4-5 il boyunca investisiya qoyduğu bir şəxsin daha sonra tamamilə fərqli sahədə, məsələn, sürücü, satıcı, ya da kuryer kimi işləməsi, sadəcə şəxsi vaxtın və potensialın deyil, həm də dövlət vəsaitinin israfı deməkdir.

Kadr israfı nədir və necə yaranır?

Kadr israfı - ixtisaslı mütəxəssislərin aldıqları təhsilə uyğun olmayan işlərdə çalışması nəticəsində insan resurslarının və dövlət sərmayəsinin boşa çıxmasıdır.

Bu problemin yaranmasına səbəb olan başlıca amillər:

Peşə yönümünün olmaması: Orta məktəb və ya universitetə qəbul dövründə şagirdlərə real karyera istiqamətləri göstərilmir. Tələbələr ballarına uyğun ixtisas seçməyə məcbur qalırlar.

Valideyn və cəmiyyət təzyiqi: Gənclər bəzən istəmədikləri sahələri yalnız valideyn istəyi və ya cəmiyyətin populyar gördüyü ixtisaslara görə seçirlər.

Əmək bazarında uyğunsuzluq: Təhsil müəssisələrində verilən bilik və bacarıqlar real əmək bazarının tələblərinə uyğun gəlmir. Bu da məzunları öz sahəsində işləməyə həvəssiz edir.

Aşağı əməkhaqqı və iş şəraiti: Bəzi sahələrdə - məsələn, müəllimlik və kənd təsərrüfatı üzrə ixtisaslarda əməkhaqqının aşağı olması kadr axınına səbəb olur.

Təhsil İnstitutunun 2022-ci il hesabatına əsasən, Azərbaycanda universitet məzunlarının təxminən 35-40 faizi 3 il ərzində öz ixtisası üzrə iş tapa bilmir. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2021-ci ildə pedaqoji ixtisasları bitirənlərin yalnız təxminən 60%-i müəllim kimi fəaliyyət göstərməyə başlamışdı. Qalan hissəsi isə ya sahə dəyişib, ya da əmək bazarına daxil olmayıb. "LinkedIn" və "Glassdoor" kimi beynəlxalq platformalarda aparılan araşdırmalar göstərir ki, dünya üzrə universitet məzunlarının təxminən 27%-i tamamilə başqa sahələrdə çalışır.

Dövlətin zərəri nədən ibarətdir?

İqtisadi zərər: Dövlət tərəfindən təhsil üçün ayrılan maliyyə vəsaiti boşa gedir. 5 il ərzində yetişdirilən bir mütəxəssis əgər öz sahəsində işləmirsə, dövlətə iqtisadi qayıdış sıfıra enir.

Kadr çatışmazlığı: Gələcəkdə həmin sahə üzrə real mütəxəssis tapmaq çətinləşir. Bu, xüsusilə də səhiyyə, mühəndislik və təhsil sahəsində daha kəskin hiss olunur.

Əmək bazarında balans pozulur: Təcrübəsiz və ixtisassız şəxslərin işlərə cəlb olunması ümumi məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinə səbəb olur.

Sosial narazılıq və işsizlik: Öz sahəsində iş tapa bilməyən məzunlar uzun müddət işsiz qalır və ya minimum əməkhaqqı ilə işləməyə məcbur olurlar. Bu da sosial narazılığın artmasına səbəb olur.

Problemin həlli üçün orta məktəbdən başlayaraq şagirdlərin maraq və bacarıqlarına uyğun peşə və ixtisas seçimi istiqamətində məsləhətlər verilməlidir. Peşə psixoloqları və karyera məsləhətçiləri bu prosesə cəlb olunmalıdır, hər il ölkədə hansı sahələrdə ixtisasa ehtiyac var, hansı ixtisaslar artıq doymuşdur - bu məlumatlar əsasında ali məktəblərdə qəbul planı hazırlanmalıdır, universitetlərdə nəzəri biliklərlə yanaşı, tələbələrin praktik biliklər əldə etməsi üçün staj proqramları məcburi olmalıdır, gənclərin öz sahəsində çalışması üçün həmin sahələrdə iş şəraiti və əməkhaqqı yaxşılaşdırılmalıdır, universitetlər və şirkətlər arasında körpü yaradılmalı, tələbələr hələ təhsil dövründə potensial işəgötürənlərlə tanış olmalıdır.

Mövzu ilə bağlı İnsan Resursları və İşəqəbul üzrə mütəxəssis Sevda Quliyeva Olaylar.az-a danışıb. Mütəxəssis bildirib ki, gənclər ixtisas seçimində maraq və bacarıqlarına uyğun istiqamətləndirilməli, şəxsi dəyərləri və inkişafı ön planda tutulmalıdır:

"Bəzən namizədlər valideynlərin təzyiqi altında qalaraq və ya qəbul ballarının uyğun olmaması səbəbindən tamam fərqli bir sahə üzrə təhsil almağa məcbur olurlar. Nəticədə isə həmin şəxslər sonradan ixtisaslarını dəyişmək məcburiyyətində qalır, sıfırdan yeni bir iş həyatı qurmağa, təcrübə toplamağa başlayırlar. Belə halların qarşısını almaq üçün yaxşı olardı ki, məktəb dövründən etibarən gənclərin maraq və bacarıqlarına uyğun istiqamətləndirilməsi həyata keçirilsin. Namizədin hansı sahəyə marağı varsa, mütləq həmin istiqamətdə yönləndirilməsi vacibdir. Təkcə valideynin təhsil səviyyəsi, sahənin əmək bazarında tələbatlı olması və ya ətraf mühitin təsiri ilə ixtisas seçmək düzgün deyil. Yaxşı olardı ki, hər bir insan daim öz dünya görüşünü, təhsilini inkişaf etdirsin, xüsusilə də şəxsi keyfiyyətləri üzərində işləsin. Bəzən adi ali təhsil belə şəxsi dəyərləri əvəz edə bilmir. Buna görə də düşünürəm ki, biz ilk növbədə övladlarımızın, gənclərimizin və namizədlərin şəxsi dəyərləri üzərində fokuslanmalı, onları bu yöndə istiqamətləndirməliyik".

Mütəxəssisin sözlərinə görə, gənclərin xarakterinə və maraqlarına uyğun fərdi yanaşma, şəxsi dəyərlər və dil bilikləri ilə yanaşı, etik davranış və sosial məsuliyyət də onların uğurlu gələcəyi üçün vacib amillərdir.

"Qəbul edirəm ki, yeni nəsil müəyyən qədər çətin xarakterə malikdir, onların özünəinamı və iddiaları daha çoxdur. Bu baxımdan əvvəlki nəslə nisbətən onlarla işləmək bir qədər çətindir. Onlar daha çox dəyişikliklərə açıq, tez-tez istiqamət dəyişməyə meyilli olurlar. Bu xüsusiyyətləri nəzərə alaraq onlara fərdi yanaşma göstərməli, maraq və istedadlarına uyğun sahələrə yönləndirməliyik. Bu da nəticə etibarilə kadr israfının qarşısını almağa kömək edər. Çünki namizəd sevdiyi sahə üzrə təhsil alıb istedadını göstərə bilsə, nəticədə bazarda real istedad potensialı formalaşar. Digər tərəfdən, şəxsi dəyərlər, ali təhsil və xüsusilə də dil bilikləri bu prosesdə mühüm rol oynayır. Bəzən bizdə elə ixtisaslar var ki, həmin sahələr üzrə yetişən mütəxəssislər artıq bizi yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də təmsil edə bilirlər. Bu sahələrə hüquq-mühafizə orqanları, dövlət strukturları, beynəlxalq logistika şirkətləri və digər qlobal fəaliyyət sahələri daxildir. Artıq  Azərbaycan dünya bazarında öz sözünü deməyə başlayıb və mən bunu yüksək səviyyədə qeyd etmək istərdim. Düşünürəm ki, bu tendensiya bizim beynəlxalq səviyyədə daha da inkişaf etməyimizə səbəb olacaq. Bu baxımdan gənclərə tövsiyəm odur ki, yalnız ali təhsilə deyil, həm də şəxsi dəyərlərinə, dil biliklərinə və davranış normalarına diqqət yetirsinlər. Əqidə, tərbiyə və etik davranış prinsiplərinə riayət etmək son dərəcə vacibdir. Sosial şəbəkələrdən düzgün istifadə məsələsinə də xüsusi diqqət yetirilməlidir. Valideynlər olaraq bu sahədə ilk növbədə biz nümunə göstərməliyik ki, övladlarımız da bu prinsipləri mənimsəsinlər".

Oxuduğu sahədə işləməyən gənc təkcə öz vaxtını və potensialını itirmir. Onunla birlikdə dövlətin ayırdığı vəsait, gələcək üçün nəzərdə tutulmuş insan kapitalı, iqtisadi inkişaf perspektivləri də itir. Bu problemi görməzdən gəlmək əvəzinə, onun köklərinə enmək və strateji yanaşmalarla həll yolları tapmaq lazımdır. Əks halda, hər il ali məktəblərdən minlərlə "formal" mütəxəssis yetişəcək, amma real sektorda onların yerini tutacaq heç kim olmayacaq...

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31