Əks təqdirdə yaratdıqlarımızı acı tale gözləyə bilər....
5 Aprel 2024 15:00 SosialMüsahibimiz Lalə Sərdarlıdır.Kimdi Lalə Sərdarlı?
-Lalə xanım,sizi tanımayan insanlara özünüzü və yaradıcılığınızı tanıtmağınızı rica edirəm.
-Mən Sərdarlı Lalə Baba qızı-dizayner dekorator, dekorativ tətbiqi sənət ustası, jurnalist, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri. Azərbaycan mədəniyyət tarixində, dekorativ tətbiqi sənət sahəsində hazırladıqları sandıq, sandıqça və mücrülərin ilk dəfə dövlətimizin müvafiq qurumları tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək sertifikatlaşdırılaraq qeydiyyata alınan Sərdarlı ailəsinin bir üzvü, dekorativ tətbiqi sənətdə LATİS metodologiyasının həmmüəllifi.
-Artıq unutmaqda olduğumuz bir sənəti Sərdarlılar imzası ilə yenidən xatırlatmağı kifayət qədər bacarmısınız. Sizcə əl işlərinizə layiq olduğu qədər diqqət göstərilirmi? Ümumiyyətlə, ölkəmizdə bu sənətə olan maraq nə yerdədir?
-Çox gözəl sualdır. Sizə həmkar olan, həm də incəsənətdə olan adam kimi səmimi cavab verəcəyəm,... Qoy heç kəs inciməsin cavabımdan. Qoy bu suala cavabım çoxdan unudulmaqda olan bir sənətin günümüzə qayıdışına ehtiyac duyulan divident gətirsin. Bilirsinizmi əvvəllər biz sənətkarlar ailəsi olaraq daha çox yaradıcılıqla məşğul olarkən bizim təbliğat çərçivəmiz çox dar idi. Yalnız sosial şəbəkə (feysbuk) vasitəsilə əl işlərimizi, uğurlarımızı insanlarla paylaşırdıq.
Bəli, sosial şəbəkə olmasaydı, biz indi beləcə qarşı- qarşıya əyləşməzdik bəlkə də.... Elə ölkəmizin ən yüksək titullu, sayıb seçilən sənət adamlarıyla da əlaqələrimiz bu platformadan yarandı. Sağ olsunlar, bizi pis qarşılamadılar. Tədricən sərgilərinə, tədbirlərinə bizi də çağırdılar. Biz axı incəsənətə jurnalistikadan gəldik. Sənət cameəsində heç kəslə yaxınlığımız yox idi. Mətbuatdan, efirlərdən tanıyırdıq onları... Elə görüşlər var ki, indi o haqda danışmasam, nadanlıq olar o böyük, əvəzsiz, sənətkarlarımız qarşısında... Xalq rəssamlarımızdan Xanlar Əhmədov, Sakit Məmmədov, Aydın Rəcəbov, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Əməkdar rəssamlarımızdan Natiq Səfərov, professor Məmmədhüseyn Hüseynov sonralar bizim sənət ömrümüzdə akademiya, universitet rolu oynayan əsl ustadlarımıza çevrildilər.
Bax bu insanların sənətimizə, yaradıcılığımıza, fəaliyyətimizə göstərdikləri diqqət, sayğı, dəyər bizə görə ölçüyəgəlməzdir. Amma bu gözəl sənəti yaşatmaq, inkişaf etdirmək üçün bu kifayət etmir. Heç kəsə sirr deyil ki, əvvəllər xalça olan yerdə sandıq da olub. Nədən onu unutmalı, dəfn etməliyik ki? Sandıq funksionallığını itirib yeni mebellərlə əvəz olunsa da, bu gün istifadə etdiyimiz bütün mebellərin əsl əcdadıdır. Apardığımız elmi araşdırmalar deyir bunu. Sandıq yaradıcılığının kökü neolit dövrünə də təsadüf edir. Bu böyük mövzudur. Odur ki, biz əcdada olan sayğımızla onu yenidən velosiped icad etmək prinsipi ilə deyil, format, texnika, məzmun və üslub çalarlarıyla sənət əsərləri kimi yaşatmağa can atdıq. Biz xoşbəxt sənətkarlarıq ki, bunu bacara bildik. Amma bu barədə ölkəmizdə nə qədər insan məlumatlıdır. Əgər uyğun təbliğat yoxdursa, buna qaşı diqqət yetərli olmayacaq. Fikrimcə, artıq sandıqçılığın da xalçaçılıq kimi öyrənilməsinə, araşdırılmasına, təbliğ edilməsinə ciddi əsaslar yaranmışdır.
Yaradanımızın lütfü ilə bu işin pionerliyi, yola işıqsalmaqlığı, təvazökarlıqdan uzaq olsa da deyəcəyəm ki, biz Sərdarlı ailəsinin, bizim təmsilçisi, nüvəsi olduğumuz Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin çiyninə düşüb. Amma tək əldən səs çıxmaz deyərlər.
İndi gəlirəm ölkəmizdə bu sənətə olan maraq məsələsinin təhlilinə. Düzü, naşükür olmaq istəmirəm. Həm də yaxşıya yaxşı, çatışmazlığı da uyğun münasibət sərgiləməliyəm. Ötən il QHT-miz fəaliyyətə başlayarkən ilk əvvəl muzeylərimizlə sıx əlaqələr qurmağa can atdıq. (bu da əslində başqa bir yazının mövzusudur) Ölkəmizin bir nömrəli muzeyi Azərbaycan Milli İncəsənət Muzeyinin o zamankı direktoru, Əməkdar incəsənət xadimi, xalq rəssamı, çoxhörmətli Çingiz Fərzəliyevlə bir tarixi görüşümüz oldu. Tanışlıq zamanı əl işlərimizin fotosuna baxdığı ilk dəqiqədəcə "Bəlkə sizin üçün bir fərdi sərgi keçirək" dedi. Düzünü deyim, o zaman şokdaydıq. Bizə görə bura bizim, insanlığın zəngin mədəni irsini hifz edən bir məbəddir. Və burada fərdi sərgi düzənləmək hər Azərbaycan sənətkarına da nəsib olmur. Əslində bu da bizim sənətə, yaradıcılığımıza, ailəmizin həyat hekayəsinə göstərilən marağın, diqqətin təzahürüydü. Onu da mütləq qeyd etməliyəm ki, sərgidən bir neçə ay əvvəl eyni gündə ailəmizi bütövlüklə (mən, həyat yoldaşım İsgəndər Sərdarlı, oğlum Toğrul Sərdarlı) Azərbaycan Rəssamlar İttifaqına üzvlüyə qəbul etdilər. Azərbaycan Rəssamlar İttifaqının tarixində də belə şey olmayıb hələ.
Rəssamlar İttifaqının 3 bölmə rəhbəri ayrı ayrılıqda, bir dəfə də birlikdə bir neçə ilə öz gücümüzə, necə deyərlər, dişimizlə, dırnaqlarımızla qurduğumuz, dünyada hələ də yeganə olan "Sərdar" sandıq ocağına baş çəkib yaradıcılığımızla, emalatxanalarımızla yaxından tanış olub, gördüklərindən qürur duyduqlarını bildirmişdilər. Ölkəmizin digər tanınmış sənət adamları, görkəmli ziyalılarımız, bəzi millət vəkillərimiz, diplomatik korpus nümayəndələri, qardaş Türkiyəmizin yüksək çinli dövlət görəvliləri sənətimizə maraq göstərərək bizi dəfələrlə şərəfləndirmişdilər. Bunlardan ən çox yadda qalanı isə Türkiyənin dünyaca məhşur, çox nüfuzlu Yunus Əmrə İnstitutunun başqanı Prof. Dr. Şərəf Atəşin gəlişi idi. Biz bunu gözləmirdik də. Ağlımıza da gəlməzdi ki, Heydər Əliyev Mərkəzinin tariximizin şanlı səhifələrindən birinin incilərini sərgiləyən, dövrünün tanınmış hökmdarı Uzun Həsənin irsinə həsr edilmiş möhtəşəm tədbirə dəvət alan hörmətli Şərəf bəyi xəbərlər proqramında izlədiyimizdən bir saat sonra evimizdə, sandıq ocağımızda görəcəyik, üzbəüz oturub ən yaxın adamlar kimi çay içə-içə ortaq milli mədəni mirasımızın zənginliyindən, bizim üçün müqəddəs olan irsi yaşatmaq üçün qarşımızda duran vəzifələrdən danışacağıq. Bu qiymətli sürprizi bizə yaşadan, hər zaman sənətimizə rəğbətinə, marağına görə yanımızda olan Türkiyə Səfirliyinin Mədəniyyət attaşesi Prof. Dr. Mühittin Macit idi. Qardaş Türkiyənin digər ünlü simalarının da muzeyimizə gəlişi protokoldan kənar, əsl qardaş görüşü olur. Eləcə də qardaş Macarıstanın da səfiri başda olmaqla bu "Sərdar" sandıq ocağımıza xüsusi münasibətləri olub. Onların hər birinin sənətə, yaradıcılığımıza olan marağı bizə böyük əvəzsiz mənəvi dəstək olub. Ötən il Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100illiyi münasibətilə "Xalqın sənəti, elin hikməti"adlı fərdi sərgimizə də göstərilən böyük maraq haqqında da qürurla danışa bilərəm. Azərbaycanın mədəniyyət tarixində ilk dəfə olaraq sandıq, mücrü sərgisi keçirilirdi. İlk dəfə bir ailənin, Sərdarlılar ailəsinin öz yaratdıqları "Latis" metodologiyası ilə hazırladıqları dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilirdi.

Mövsümə görə əlverişli olmayan dövrdə keçirilən sərgidə bir çox parametrlərə görə ilklərə imza ata bildik. Əsl anşlaqın şahidi olduq. 30 dan çox media qurumu bu sərgini işıqlandırdı. Telekanallarımızın da böyük əksəriyyəti sanballı xəbərlər yaydılar. Qardaş TRT kanalı isə ayrı- ayrı efirlərində 4 reportaj yaydı. Onlardan biri isə canlı bağlantı vasitəsilə muzeydəki sərgimizi bütün Türk dünyasına çatdıraraq, vaxta qənaət etmədən hər ailə üzvümüzün fikirlərini insanlara çatdırdılar. Düzü, uzun müddət mətbuatla bağlı fəaliyyət göstərən bir insan olaraq yalnız dövlət əhəmiyyətli tədbirlərin bu cür canlı bağlantı formatında işıqlandırıldığının şahidi olmuşdum. Bununla yanaşı sərgiyə münasibət bildirən Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev bu sərgini tarixi sərgi, dəyərli millət vəkilimiz Hikmət Babaoğlu sərgini Azərbaycan xalq sənəti bayramı adlandırdılar. Bundan başqa yaratdıqlarımızı yaxından öz gözləri ilə görmək üçün məxsusi Çeçenistandan, Gürcüstandan da gələnlər oldu. Sərgiyə marağın böyük olduğunu görən muzey rəhbərliyi əlavə 10 gün də təyin olunmuş müddəti uzatdılar. Əlbəttə hər şeyə görə bura gələn çoxsaylı insanlara, ölkəmizin bir nömrəli muzeyinə minnətdarlığımızı bildiririk. Biz burdakı fürsətdən istifadə edərək həm də bir vətəndaş cəmiyyəti təmsilçiləri olaraq sərgini izləyənlər arasında uyğun monitorinq, araşdırmalar apardıq. Ölkə vətəndaşlarımızdan əlavə xeyli sayda əcnəbilərlə təmaslarımız zamanı gəldiyimiz nəticələri açıqlamaq təvazökarlıqdan uzaq olardı. Bunu sərgimizə təhkim edilmiş peşəkar muzey işçilərindən öyrənsəniz daha uyğun, həm də obyektiv olardı. Tam əminliklə gəldiyimiz qənaət o oldu ki, bu sənəti durmadan bütün dünyaya tanıtmalıyıq. Sənətimizə olan bu cür maraq özü hər şeyi deyirdi. Və biz bu möhtəşəm sərgidən sonra sənətkar ailəsi olaraq, QHT təmsilçiləri olaraq çox şey gözləyirdik....
-"Məşğuliyyət" kimi başladığınız işin bu qədər böyüyəcəyini heç təxmin edirdinizmi?
-Əlbəttə yox! Amma bir şeyi də mütləq qeyd etməliyəm ki, mənim üçün bu ilk əvvəllər "məşğuliyyət "olsa da sonralar həyat yoldaşım üçün bir "xilas yolu", oğlum üçün isə " övlad yardımı səfərbərliyi" oldu. Səhhətində yaranmış ciddi problemlər üzündən 2 dəfə komaya düşmüş İsgəndər müəllimə həkimləri bildirmişdi ki, daha əvvəlki işlərini davam etdirmək, o bəlli məsuliyyəti bölüşmək arzuolunan deyil. Biz də onu sevə-sevə çalışdığı bir sahədən ayırası olduq. Amma zaman keçdikcə bu onu depressiyyaya saldı. Nə isə... O günlərə qayıtmaq istəmirəm indi... Bax bu sənətə həvəs yaratmaqla onu bəd vəziyyətdən çıxara bildik. Buna art terapiya deyilir. Uzun-uzadı danışmaq istəmirəm. Dünya praktikasını bir jurnalist olaraq araşdırdıqda ən uğurlu nəticəyə imza atdığımızın şahidi olduq. Odur ki, biz ailə olaraq bu sənətə bir vəfa borcu qaytarmaq eşqilə nə qədər imkanımız varsa onu, sandıqçılığı yenidən yaşatmağa qərar verdik. Bu həm də bizim müqəddəs ailə institutumuza, ona söykənən milli mənəvi dəyərlərimizə olan münasibətimizdir. Bu həm də insanlığa bir töhfədir. O üzdən biz əldə etdiyimiz təcrübələri yaymaqla kimlərisə yenidən həyata qaytara bilərik. Belə nümunəmiz də var. Bu bizim həm də sosial məsuliyyətimizdir. Ümidsiz insanlara ümid bəxş etmək, onların ömürlərinə ömür qatmaq anlamına gəlir. Mən çox istərdim ki, bir sənətkar, QHT rəhbəri olaraq bu yönümdə hazırladığımız layihələr, təkliflər diqqətə alınsın, səbrlə öyrənilsin. Əgər, gərəkli olmasa, məntiqi, dolğun arqumentlərlə bizə izah edilsin, "niyəsi" "növbətçi" cavablarla məsələyə nöqtə qoyulmasın. Bu günə qədər cəmiyyətimizə, müvafiq dairələrə sərgilədiklərimiz bizim potensialımızın cüzi bir hissəsidir. Arzumuz, istəyimiz, xahişimiz budur ki, bu potensial düzgün dəyərləndirilsin. Çox istərdik ki, bu ümidlərimiz doğrulsun. Əks təqdirdə yaratdıqlarımızı da acı tale gözləyə bilər....
Zeynəb Rzayeva