Qohum nikahlar qadağan edilə bilər
12 Mart 2024 12:53 SosialOlaylar.az xəbər verir ki, martın 12-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və "Xalq qəzeti"nin birgə təşkilatçılığı ilə qohum nikahları ilə bağlı ictimai müzakirə keçirilib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ənənənin hər zaman üstün tutulduğunu bildirdi:
"Doğan günəşə açıq olmalı, yenilikləri qəbul etməliyik. Ailə cəmiyyətin vacib əsasıdır. Ailədə hansı mühitə malikiksə, sosial mühitdə də eləyik. Ailə məcəlləsi 12-ci maddə yaxın qohumlar arasında nikahı qadağan edir. Ancaq bu qohumluq tarixdən gələn ənənə ilə davam edir.
İctimaiyyətin bu mövqeyinə baxış etməliyik. 2015-də Ailə Məcəlləsinə tibbi müayinə ilə bağlı dəyişiklik edildi. Bu isə irsi xəstəliklərin qarşısını alır. Əsas məsələ, qanunvericilikdə dəyişikliklər Lazımdır. Qadağaların qoyulması müəyyən nəticə verəcəkdir".
Ədliyyə Nazirliyinin məlumatına əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub. Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
Millət vəkili Zahid Oruc bildirib ki, dünya əhalisinin 10 deyil, 20 faizə qədərini qohum evliliyi təşkil edir, mən daxil.
İki tarixi kontekst nəzərə çatdırmaq istəyirəm. Misir fironlarının qohum nikahları nəticəsində kraliyət sistemi daşına bilməyib.
İkinci isə iqtisadi səbəbdir. "Var -dövlətim kimə qalacaq?" Kənar adamlara qızını verməmək mövqeyi də gündəmdədir.
Evliliklə bağlı olsa da, nişanlanma ilə bağlı qanun yoxdur.Ali təhsil qohum nigahına mane ola bilir. Ailə kiçik dövlət, dövlət böyük ailədir. Kiçik ailənin problemləri, böyüyə daşınır. Bu evlilikləri qadağan etmək gələcək ailələrin xeyrinə olacaq".
"Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov əsas yükün jurnalistlərin üzərinə düşdüyünü bildirib. Qeyd edib ki, "təklif edərdim ki, ayrı-ayrı media qurumları tərəfindən müəyyən layihələr keçirilsin".
"Qohum evlilikləri dünyada yayılan bir problemdir."Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı ictimai dinləmədə çıxış edərkən deyib:
"Əmi, dayı, xala uşaqları arasında nikah təəssüf ki, yayılan bir haldır. Bunun bir çox səbəbi var. Bəzi yerlərdə bununla fəxr edirlər ki, biz yalnız qohumla evlənirik. Çoxluq qohum nikahlarının qadağan olunmasının tərəfdarıdır. Bu məsələdə vəziyyət göstərir ki, uzun illər maarifləndirmə tədbirləri aparılır. Amma məsələ hələ də qalır və dövlətə, cəmiyyətə mənfi təsirini davam etdirir. Dövlətin qabağa keçərək, bu məsələni qadağa etməsi zəruri ola bilər",- deyə o, bildirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Araz Poladovun fikrincə bu sosial problem olsa da qanunvericiliklə 3,4-cü dərəcəli qohumların yaxın qohumlar siyahısına daxil olunaraq həll olunması mümkündür. Əsas fəsadları isə irsi xəstəliklərin çox olması şansıdır.Sağlam fərd sağlam cəmiyyətin təminatıdır.
Son sözü qanunvericilik desə də, ictimai fikir önəmlidir.
Millət vəkili Fazil Mustafa qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib ki,cəmiyyətdə başqa dindən, millətdən də evliliyə pis baxılır. Oğlan gedir başqa millətdən qızla evlənir. Anası tez zəng edir çağırır ki, gəl burda bibin qızıyla evlən, bizə baxan olsun. Biz bu sosiallaşma məsələsi üzərinə gəlməliyik. Dövlət cəhalətlə, xurafatla hesablaşmamalıdır.
"Qadının sosiallaşma tədbirləri haradır? Onun mədəni sosiallaşma mühiti yoxdur. Ancaq toyda, xınada sosiallaşa bilir. İndi münasibət darlığı var. Ona görə kimisə kəşf eləmək olmur. Əvvəllər qohum evlilikləri edənlər boşana bilmirdi. Ailədaxili şiddət olanda belə deyilirdi, siz qohumsuz boşana bilməzsiz",- deyə o, bildirib.
Tədbirdə qeyd olunub ki, qohum arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.
Qeyd edilib ki, ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
"Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin, buna baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur",- deyə əlavə edilib.
Tədbirdə erkən və qohum nikahları, ən əsas qohum nikahları ilə bağlı məsələlər diqqətdə saxlanılıb.
Zeynəb Rzayeva