Avropa Şurasının Baş katibi: "Gürcüstandakı prosesləri diqqətlə izləyirik" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Şurasının Baş katibi Alen Berse Dublində Avropa Siyasi İcmasının (EPC) sammiti başlamazdan əvvəl verdiyi açıqlamada təşkilatın Gürcüstanda baş verən hadisələri yaxından izlədiyini bildirib.

Alen Berse bütün üzv dövlətlərlə, o cümlədən Gürcüstanla dialoqa hər zaman hazır olduğunu və son vaxtlar tərəflər arasında təmasların qurulduğunu qeyd edib. O, ictimaiyyətə açıq olmasa belə, şəffaf və səmimi müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Hazırda Gürcüstanın Konstitusiya Məhkəməsində gedən proseslərdən xəbərdar olduğunu deyən Baş katib Avropa Şurasına üzvlüyün təşkilatın dəyərlərinə sadiqlik tələb etdiyini xatırladıb. Onun sözlərinə görə, quruma daxil olan bütün 46 üzv dövlət İnsan Hüquqları üzrə Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında öhdəliklər götürüb. Berse əlaqələrin inkişafı və əməkdaşlıq üçün müəyyən fəaliyyət çərçivələrinin mövcud olduğunu bildirərək, bu prinsiplərin yenidən təsdiqlənməsinin və Gürcüstanla birgə müzakirələrin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31