Böyük Çölün daş yaddaşı və minillik sirləri: “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin Qazaxıstanın damğa irsinə həsr olunmuş yeni bölümü artıq TurkDiscovery-də!
12:43 Siyasət
Türk xalqlarının ortaq tarixi və mənəvi irsini geniş auditoriyaya tanıtmağı hədəfləyən Türk Mədəniyyəti və İrsi Fondunun TurkDiscovery YouTube platforması maarifləndirici fəaliyyətini davam etdirir. Fondun maarifləndirici missiyası çərçivəsində hazırlanan "Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə" sənədli filminin Qazaxıstanın damğa irsinə həsr olunmuş növbəti bölümü artıq yayımdadır.
Layihənin əsas məqsədi Türk dünyasının müxtəlif bölgələrində qorunub saxlanılan qayaüstü rəsmlər, tayfa damğaları və qədim runik yazılar vasitəsilə ortaq tarixi yaddaşı və mədəni bağlılığı nümayiş etdirməkdir. Filmin bu bölümü diqqəti minilliklər boyu köçəri sivilizasiyanın mühüm mərkəzlərindən biri olmuş Qazaxıstanın zəngin tarixi irsinə yönəldir.
Sarıarqa, Üstürt, Altay və Tyan-Şan bölgələrinin qədim izlərini araşdıran ekran əsərində Qazax xalqının ənənələrində qorunub saxlanılan 200-dən çox tayfa damğasının tarixi və mənası haqqında məlumat verilir. Məişət əşyalarından silahlara, qəbirüstü abidələrdən otlaq ərazilərinə qədər müxtəlif yerlərdə rast gəlinən bu işarələr qədim tayfaların kimliyini, mənsubiyyətini və dünyagörüşünü əks etdirən mühüm tarixi nişanələrdir.
"Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə" sənədli filminin yeni bölümü Böyük Çölün daş yaddaşında qorunan tarixi izləri, qədim türk xalqlarının ortaq mədəni irsini və bu günədək yaşadılan ənənələri daha yaxından tanımaq imkanı yaradır.
Böyük Çölün minillik rəmzlər dünyasına səyahət etmək və tarixin gizli səhifələrini kəşf etmək üçün videonu izləməyə dəvət edirik.