Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində sənədlərin imzalanma mərasimi olub
12 Mart 2024 10:38 SosialMartın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanma mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev ilə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek "3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol"u imzalayıblar.
Bu barədə Olaylar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, protokola əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər üçün tələbə mübadiləsi həyata keçirməyi planlaşdırır. Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə 5 nəfər, kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər, səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil etməyi üzərinə götürür. Azərbaycan tərəfi isə texniki və texnoloji ixtisaslar üzrə 3 nəfər, humanitar və sosial ixtisaslar üzrə 3 nəfər, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 3 nəfər, təbiət ixtisasları üzrə 1 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil edəcək.
Protokol çərçivəsində tərəflər tələbələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Qazaxıstan Respublikasının ali (və ya) ali təhsildən sonrakı təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilməsi üçün mümkün səyləri göstərəcək.