Balaca Nihatın böyük uğurları- VİDEO

Züleyxa NADİR

Hər şey ondan başladı ki, bibisigil onlara gəlmişdi. Kirayə qaldıqları evin pianosu var idi. Bibisi qızı Zümrüd dəhlizdəki  həmin pianoda "Cücələrim"i ifa etməyə başladı. Nihat Zümrüdün yanında dayanıb  ifasını dinləməyə başladı...

Ertəsi gün evdə bir baxdılar ki, Nihat pianoda  "Cücələrim" çalır. Valideynləri heyrət etdilər, hardan öyrəndiyini soruşdular:

-Zümrüd çalanda əllərinə baxıb öyrəndim, - dedi. 

Onda 6 yaşı var idi, birinci sinifdə oxuyurdu. Həmin günə kimi dəhlizdəki piano diqqətini cəlb etməmişdi. Amma Zümrüdün ifası, sanki, Nihatı yuxudan oyatdı, onu pianoya bağladı.

Beləcə Nihatın musiqi dünyasına gedən yolun başlanğıcı  Qənbər Hüseynlinin "Cücələrim"indən başladı. Günlər keçdikə Nihat başqa musqiləri də ifa etməyə başladı, hətta musiqi bəstələməyi də sınadı. Həmin günlərdə atası  Vətən müharibəsində savaşırdı. Deyirdi ki, musiqilərimdə əsgərlər döyüşür, atam erməni tankını əzir. Yeri gəlmişkən deyim ki, Nihatın atası Vasif Alıyev 44 günlük Vətən müharibəsinin qazisidir.

Nihatın belə inadakarlıqla pianoya sarıldığını görən valideynləri onu Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən  Ağdam rayonu Gülablı kənd Uşaq Musiqi Məktəbinin piano bölməsinə yazdırdılar. Məktəbin direktoru  Aygün Hüseynova Nihatı dinlədikdən sonra onun gələcəkdə yaxşı musiqiçi ola biləcəyi inamını dilə gətirdi.

Nihat indi həmin məktəbin 3-cü sinif şagirdidir. Müəlliməsi Nərminə Orucova Nihat Alızadənin istedadını çox dəyərləndirir. Onun pianoya olan həvəsi, musiqi duyumu haqqında deyir ki, Nihatla çalışmaq ona zövq verir. Nihat da müəlliməsini çox sevir, adı dilindən düşmür.

İstər klassik musiqi, istərsə də Azərbaycan bəstəkarlarının musiqisi  olsun, Nihat hamısını sevə-sevə ifa edir. Əlləri pianonun dillərinə toxunanda ətrafı unudur, ifa etdiyi parçanın içinə daxil olur, həmin anları musiqi ilə yaşayır.

Nihat öz bacarığı  və istedadı ilə müxtəlif festival və yarışmalarda iştirak edib,  önəmli yerləri tutaraq diplomlar alıb. Qazandığı bu uğurlar hər zaman onun balaca əllərindən tutur, həyata geniş baxan gözlərində əks olunur, təbəsüüm dolu simasında parlayır. Hər uğur musiqi yolunu daha da uzaqlara aparır. 

Həmin yollardan biri bu günlərdə onu Polşaya və İslandiyaya apardı.  Nihatın pianoda ifa etdiyi  Tofiq Quliyevin "Lirik vals"ı Polşanın Varşava şəhərində keçirilən "XX Beynlxalq Digi-Form-art" Qış Müsabiqəsində ona birincilik qazandırdı, 10 yaşlı uşaqlar arasında müsabiqənin  laureatı adını qazanaraq  xüsusi Diploma layiq görüldü. 

Nihatın ikinci beynəlxalq yolu da Polşa-İslandiya müsabiqəsindən keçdi. "Ulduz körpüsü" adlanan XIV Beynəlxalq Sənət Müsabiqəsində ikincilik qazanan Nihatı oralara da Tofiq Quliyevin "Lirik vals"ı apardı. Burada da müsabiqənin Diplomuna layiq görüldü.

Özü təkbaşına piano arxasına keçərək ifaçılığı öyrənən Nihatın bu gün gözəl müəllimi var.Ona pianonun sirlərini öyrədir, klıassik musiqilərdən dərs keçir, müasir Azrbaycan musiqisinin incəliklərini başa salır. Nərminə müəllimə onun peşəkar musiqiçi olması üçün əlindən gələn əsirgəmir. Sağ olsun.

Onu da deyim ki, Nihat təkcə pianoda birinci deyil, təhsil aldığı Etibar Şirəliyev adına 274 saylı tam orta məkəbdə də fərqlənir. 5-ci sinifdə oxuyan Nihat Alızadə dərslərindən yaxşı oxuyur,  hər zaman əlaçı olmağa çalışır.

Uğurların bol olsun, Nihat! 

Gələcəyin işıqlı və nurlu olsun, balaca musiqiçi!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31