Su təzələnən gün-Su çərşənbəsi- ÖZƏL

"Bu gün Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsidir. El arasında bu çərşənbəyə "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sadiq Qurbanov bildirib ki, inanclara görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar: "Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur.
Su ilə bağlı atalar sözləri də maraqlıdır. Bu hikmət boğçasında diqqətçəkən müqayisələr var: "Suda boğulan saman çöpündən yapışar", "Suyun lal axanı, adamın yerə baxanı", "Su bardağı suda sınar", "Su axar çuxurun tapar". İnanclar da minillərin sınağından çıxıb. Ona görə də insanlar həmişə özünü doğrultmuş müdrik fikirlərə inam bəsləyərlər: "Qaynar suyu yerə tökməzlər", "Yuxuda su görmək aydınlıqdır", "Su içərkən adamı ilan da çalmaz", "Qonşunun suyunu kəsməzlər", "Su içəni qəfil vurmazlar", "Susuza su verməmək günahdır", "Ayaq üstə su içməzlər", "Odu su ilə söndürmək günahdır", "Yol böyüyündür, su kiçiyin", "Səfərə çıxanın arxasınca su atarlar". Alqışlar da maraqlıdır: "Su kimi ömrün olsun", "Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Axar murdar götürməz". Bir daha gününüz mübarək!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31